Kosmos ölkələri arasında mövqelərimiz möhkəmlənir

0
20

Ələt Beynəlxalq Dəniz Ticarət Limanını istifadəyə verən, “Cənub Qaz Dəhlizi”nin, eləcə də TANAP-ın rəsmi açılışlarını keçirən, iki hərbi paradla öz qüdrətini nümayiş etdirən Azərbaycan sayca üçüncü peykini – “Azerspace 2”ni orbitə buraxmaqla hər bir vətəndaşına unudulmaz anlar yaşatdı və öz iqtisadi inkişafının nələrə qadir olduğunu bir daha beynəlxalq aləmə göstərdi.

Bu gün fəxrlə deyə bilərik ki, kosmik sənayenin inkişafında, peyk rabitəsi sahəsində də ölkəmiz uğurlara imza atır. Bu mənada bu günlərdə Azərbaycanın son beş ildə üçüncü peykinin -­“Azerspace-2”nin orbitə buraxılması həqiqətən də Prezident İlham Əliyevin bildirdiyi kimi, əlamətdar hadisədir, dövlətimizin növbəti uğurudur. Şübhəsiz, regional kosmik sənaye mərkəzinə çevrilmiş ölkəmizin üçüncü peykinin orbitə buraxması kosmik sənaye sahəsində, eləcə də digər sahələrdə ölkəmizin nüfuzunu daha da artırdı.

Bu, bir həqiqətdir ki, həmin peyklərimiz vasitəsilə Azərbaycan televiziya kanalları dünyaya yayımlanır, ölkəmizin reallıqları dünya ictimaiyyətinə catdırılır, respublikamıza qarşı müxtəlif informasiya təxribatlarının qarşısı alınır.  Yəni ölkəmiz artıq bu peyklər vasitəsilə  özünün informasiya-kommunikasiya texnologiyalarının təhlükəsizliyini təmin edir. Mütəxəssislərin fikrincə, müharibə şəraitində yaşayan və Dağlıq Qarabağ kimi problemi olan bir ölkənin informasiya sahəsində milli maraqlarını və təhlükəsizliyini bu formada qoruması olduqca  vacibdir. Unutmayaq ki, bu gün informasiya, əgər belə demək mümkündürsə, uzaqvuran, həm də hədəfi dəqiq nişan alan silah rolunu oynayır. Bu mənada cəmiyyətin dinamik tərəqqisini şərtləndirən, fundamental əhəmiyyətə malik informasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Odur ki, bu növbəti uğurlu addımımız da Ermənistanı məyus etdi. Yeri gəlmişkən, qeyd edək ki,  bu günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqı dünyada internetin yayımı ilə bağlı bir sıra ölkələrdə “State of Broadband Report 2018” sorğusu keçirib. Sorğunun nəticələrinə görə, MDB ölkələri və Cənubi Qafqaz respublikaları arasında internetin ən çox əhatə olunduğu ölkə Azərbaycandır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanın indiyə qədər orbitə çıxardığı peyklər, həmçinin qeyri-neft sektorunun inkişafını da stimullaşdırır. Belə ki, ölkəmiz indiyə qədər orbitə çıxardığı peyklər vasitəsilə rabitə xidmətləri təklif edir, eləcə də böyük şirkətlərə, o cümlədən beynəlxalq təşkilatlara yerin səthi, araşdırmalar, geodeziya ilə bağlı müxtəlif əhəmiyyətli informasiyaları ötürə bilir. Bu, həm də Azərbaycanın intellektual nüfuzunun daha da möhkəmlənməsindən xəbər verir. Məsələn, indiyədək bu peyk şəbəkəsi vasitəsilə kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, eləcə də torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələr həyata keçirilib, həmçinin subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsi hazırlanıb. Bütün bunlar isə o deməkdir ki, rabitə və informasiya texnologiyaları sahəsi Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olmaqdadır.

Yeri gəlmişkən,  peyklər vasitəsilə dünyanın bir çox dövlətlərinə xidmətlər göstən “Azerkosmos” ASC kommersiya fəaliyyətinə başladığı dövrdən ötən müddətdə peyklərin istismarından böyük həcmdə gəlir əldə edib. Təkcə bir faktı qeyd edək ki, “Azerspace 1” peykinin tutumlarının istismarından 80 milyon dollar həcmində gəlir götürüb. Peykin ölkə iqtisadiyyatına daha 220 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

Milli Məclisin deputatı Azər Badamov isə bildirib ki,  “Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb: “Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır. Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon  dollar gəlir gətirəcəyi proqnozlaşdırılır”. Həmçinin qeyd edib ki, peyklərimizin kosmosda fəaliyyət göstərməsi ilə ölkəmiz həm də dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir: “Bütün bunlar əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düzgün siyasətlə bağlıdır”.

Qeyd edək ki, hazırda Azərbaycan MDB məkanında telekommunikasiya peykinə sahib olan 3 ölkədən biri, Qafqaz regionunda isə ilk peykə sahib ölkədir. Bəli, “Azərbaycan” deyəndə xarici ölkələrdə ilk olaraq neft yada düşür. Şübhəsiz, bundan sonra ölkəmiz peyklərimizlə də tanınacaq.

 

Qvami Məhəbbətoğlu