Azərbaycan Aşıqlar Birliyinin VI qurultayı keçirildi

0
16

Sentyabrın 28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI qurultayı keçirildi.

Tədbiri giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq aşıq sənəti haqqında danışdı. Azərbaycan Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini diqqətə çatdıran Rafael Hüseynov bu gün altıncı qurultayın gerçəkləşməsinin əlamətdar hadisə olduğunu vurğuladı. Bildirdi ki, aşıq sənəti həm də millətin böyük amallarının ifadəsidir: “Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Mehriban xanımın UNESCO-nun xoşməramlı səfiri kimi bilavasitə səyləri nəticəsində Azərbaycan aşıq sənəti bu təşkilat tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. UNESCO-nun irs siyahısına ölkəmizin 11 nominasiyası daxil edilib. Daha bir neçə nümunə ilə bağlı iş gedir. İnanıram ki, onların da UNESCO-nun siyahısına salınması reallaşacaq”.

Vurğulandı ki, aşıq sənətimiz özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. “Aşıq ensiklopediyası” işıq üzü görüb. Azərbaycan dövlətinin daha da güclənməsi, inkişaf etməsi ilə mədəni irsimizin, o cümlədən saz-söz sənətinin yeni zirvələri fəth etməsinin şahidi olacağıq.

Sonra qurultayın mandat komissiyasının sədri Elxan Məmmədlinin hesabatı dinlənildi.

Qurultayda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin inkişafı, təbliği və tədrisi ilə bağlı son illərdə həyata keçirilən fəaliyyətdən söz açdı. Bildirdi ki, ölkəmizin bütün bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti proqrama daxil edilərək öyrədilir, tədris olunur. Bütün bunlar qədim xalq sənətinin gələcək nəsillər tərəfindən qorunmasına, yaşadılmasına hesablanmış addımdır.

Nazir əbədi mənəvi varlığımız olan aşıq sənətinə ulu öndər Heydər Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin təşəbbüsü ilə 2000-ci ildə UNESCO tərəfindən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirildiyini xatırlatdı. Qeyd etdi ki, ulu öndərin dövlətçilik xəttinin layiqincə davam etdirən ölkə başçısı İlham Əliyev ədəbiyyatımıza, incəsənətimizə, aşıq sənətinə daim qayğı göstərir, aşıqlarımıza fəxri adlar, Prezident təqaüdü verilir: “Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi, saz-söz sənətimizə də dövlət qayğısı sayəsində bu sənət inkişaf etdirilir və dünya səviyyəsində təbliğ olunur. Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti bu gün UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alıb”.

Nazir qurultayın işinə uğurlar arzu edərək, aşıq sənətinin bundan sonra da Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına təkan verəcəyinə ümid etdiyini bildirdi.

Daha sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək rəhbərlik etdiyi qurumun son illər gördüyü işlərdən danışdı. Vurğuladı ki, son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür.

Natiq dedi ki, bu gün milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və dövlət qayğısı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında – UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Bildirdi ki, bu gün aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir. Bu sənət dövlətçiliyə bağlı olan sənətdir.

Xalq şairi Nəriman Həsənzadə, şair Əli Kafkasyalı, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, professor Qəzənfər Paşayev, aşıqlar Mahmud Məmmədov, Ulduz Quliyeva, Samirə Əliyeva və digər çıxış edənlər qurultayın əhəmiyyətindən söz açdılar, aşıq sənətinin humanitar mədəniyyət strategiyasındakı rolunu vurğuladılar.

Çıxışlardan sonra qurultayda təşkilati məsələlərə baxıldı. Səsvermə nəticəsində  Əməkdar elm xadimi Məhərrəm Qasımlı yenidən Azərbaycan Aşıqlar Birliyinin sədri seçildi.

Sonda qurultay iştirakçılarının Prezident İlham Əliyevə təşəkkür müraciəti oxundu.