Hande Harmancı: ”Hər kəsin sağlamlığı öz əlindədir”

0
74

Bu gün Mingəçevir Dövlət Universitetində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən “Azərbaycanda həyata keçirilən icbari tibbi sığorta islahatı və onun nailiyyətləri, çətinlikləri və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Avropa İttifaqının maliyyələşdirdiyi, Fransanın Beynəlxalq Texniki Ekspertiza Agentliyinin (ExpertiseFrance) Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvininq layihəsi (AZ/13/ENP/SO/02/16) çərçivəsində təşkil edilib.

Tədbirin əsas məqsədi İTSDA tərəfindən həyata keçirilən layihənin nəticələri və perspektivləri ilə bağlı iştirakçıları məlumatlandırmaq, eyni zamanda pilot bölgələrdən olan (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) maraqlı tərəflərə təcrübələrini paylaşmaq üçün imkan yaratmaq idi.

Beynəlxalq konfransda Səhiyyə Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Dünya Səhiyyə Təşkilatı daxil olmaqla beynəlxalq təşkilatların təmsilçiləri, pilot bölgələrin icra hakimiyyəti orqanlarının nümayəndələri, pilot bölgələrdəki xəstəxanaların direktorları və tibb işçiləri, Mingəçevir Tibb kollecinin tələbə və müəllim heyəti, vətəndaş cəmiyyəti qurumları, elm adamları, kütləvi informasiya vasitələri və layihəyə cəlb olunmuş ekspertlərlə birlikdə 200-ə yaxın şəxs iştirak edib. Fürsətdən istifadə edib konfransda iştirak edən Ümumdünya Səhiyyə Təşkilatının  Azərbaycandakı nümayəndəsi xanım Hande Harmancı həkimlə həmsöhbət olduq. Həmsöhbətimizin sözügedən islahatın icrası ilə bağlı fikirlərini öyrəndik. Hande xanım dedi: ”Bütün dünya ölkələrində insanların keyfiyyətli səhiyyə xidmətlərindən istifadə etməsi bizim üçün çox önəmlidir. Azərbaycan 2 ildir bu iş üzrə müəyyən bir addım atmışdır və iki bölgədə pilot layihəsi həyata keçirmişdir. Bu pilot layihənin nəticələrinə baxılacaq. Nəticələrə əsasən, bunun bütün ölkə üzrə tətbiq edilib-edilməyəcəyinə qərar veriləcək”.

Hande xanım saytımız vasitəsi ilə bəzi məsləhtələrini də verdi. Bildirdi ki, hər kəs özü-özünün həkimi olmalıdır: ”Hər kəsin sağlamlığı öz əlindədir. Ürək krizi, şəkər, xərçəng xəstəliyi kimi xəstəliklərdən uzaq olmaq üçün sağlıqlı yaşam tərzi seçmək lazımdır. Daha çox hərəkət etmək, bəzi lazımsız yeməklərdən imtina etmək, ən başlıcası isə stressdən uzaq durmaq bu xəstəliklərin azalmasına şərait yarada bilər”.

Mingəçevirdə ilk dəfə olduğunu vurğulayan Hande xanım şəhərlə bağlı təəssüratlarını da bizimlə bölüşdü: ”Mingəçeviri çox sevdim. Burada Bakıdakı kimi küləklər əsmir, çox şakit şəhərdir. Kür çayının gözəlliyi məni heyran etdi. Təəssüf ki, vaxt azlığı səbəbindən şəhəri başdan-başa gəzə bilmədim. İnşallah, gələn dəfə bu şəhərlə daha yaxından tanış olmağa çalışacağam”.

Esmira Hidayətova, Mingəçevir