Azərbaycan-İtaliya əlaqələri: daha uğurlu əməkdaşlığa doğru

0
26

Azərbaycanın digər ölkələrlə olduğu kimi, Avropa İttifaqının güclü üzvü olan İtaliya ilə də mehriban dostluq münasibətləri mövcuddur. İtaliya Prezidenti Sercio Mattarellanın respublikamıza səfər etməsini, həmçinin Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə mükafatlandırılmasını İtaliyanın ölkəmizə verdiyi dəyər, fərqli hörmətin bir nümunəsi kimi dəyərləndirmək olar.

Bu gün Azərbaycanla İtaliya arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. Belə ki, İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırılıb, Azərbaycan isə İtaliyaya 135 milyon dollar investisiya qoyub. Sumqayıt Kimya Sənaye Parkının ərazisində İtaliyanın “Maire Tecnimont” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan “SOCAR Polymer” layihəsi üzrə inşa edilən polipropilen zavodu isə Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının daha bir bariz nümunəsidir. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev bu müəssisəni İtaliyanın Azərbaycanda müasir texnoloji əsəri kimi dəyərləndirib.

Xüsusi vurğulamaq lazımdır ki, Avropa İttifaqının yaradıcı ölkələrindən biri olan İtaliya Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdədir. İtaliya Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi” layihəsinin son seqmenti olan TAP layihəsinə də öz töhfəsini verir. Bu ölkə həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

İtaliya ilə humanitar sahədə əlaqələrimiz ən yüksək səviyyədədir. Bu məsələdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanın kifayət qədər xidmətləri vardır. Belə ki, onun dost ölkədə keçirdiyi tədbirlər Azərbaycan reallıqlarının dünya, o cümlədən İtaliya ictimaiyyətinə çatdırmaq nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu mənada bu günlərdə xanım Mehriban Əliyevanın İtaliya Respublikasına növbəti səfəri tarixi olmaqla yanaşı, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasına da şərait yaradacaq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bu səfər çərçivəsində bir sıra görüşlər keçirib ki, onların hər biri çox böyük maraqla qarşılanıb.

Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransda çıxış edən Mehriban xanım Əliyeva 100 il bundan əvvəl müsəlman aləminin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, onun həyata keçirdiyi işlərdən ətraflı söz açmaqla yanaşı, konkret faktlarla Şərqlə Qərb arasında – qədim İpək Yolu üzərində yerləşən bugünkü Azərbaycanın uğurlarından və bu nailiyyətlərin əsasında dayanan sabitlikdən, tolerantlıqdan, respublikamızın dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməsindən, bir sözlə, düşünülmüş siyasətimizdən danışıb. Daha sonra Azərbaycan-İtaliya münasibətlərinə toxunan xanım Mehriban Əliyeva bu ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Mattarellanın regionun aparıcı dövləti olan Azərbaycana səfərini tarixi bir hadisə kimi xarakterizə edib: “Çünki İtaliya-Azərbaycan əlaqələrinin tarixində ilk dəfə idi ki, İtaliya Respublikasının dövlət başçısı ölkəmizdə səfərdə olmuşdur”. Xanım Mehriban Əliyeva İtaliyanın ATƏT-in fəaliyyətdə olan sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də böyük rol oynayacağını xüsusi vurğulayıb.

Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi ziyafətdə isə “Milan Ekspo” sərgisində Azərbaycan pavilyonunun ən çox ziyarət edilən pavilyonlardan biri olduğunu vurğulayan Azərbaycanın Birinci vitse-prezidenti deyib ki, ölkəmiz “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürüb: “Bakıda, paytaxtımızda dəfələrlə böyük beynəlxalq tədbirlər keçirilib və ümidvaram ki, əgər bizim namizədliyimiz qalib gəlsə, biz gözəl beynəlxalq tədbir keçirməyə nail olacağıq”.

Elə bu fəallığına görə, İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu bir daha xüsusi vurğulayıb. O, Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrin bu ölkənin mədəni irsinin qorunması baxımından önəmli olduğunu söyləyib. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin İtaliyada qeyd olunması bizim üçün bir şərəfdir” deyən İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati, eləcə də İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Tria, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da bu işlərdən məmnun qaldığını söyləyiblər.

Qeyd edək ki, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən və bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyan Müqəddəs Sebastian katakombalarının açılışında da iştirak edib (Bundan əvvəl Fondun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları da bərpa olunub). Təbii ki, bütün bunlar ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası Fransisk və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Paroli ilə görüşündə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlərdən, həmçinin digər əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Belə ki, Roma Papası Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoquna mühüm töhfələr verdiyini, Müqəddəs Taxt-Tac isə Şərq ilə Qərb arasında özünəməxsus mədəniyyət körpüsü olduğunu bildiriblər.

Şübhəsiz, görülən işlər ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, həm də o deməkdir ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız milli mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.

Qvami Məhəbbətoğlu, “İki sahil”