Qulam İshaqzai Mingəçevir şəhərinə səfər edib

0
69

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi cənab Qulam İshaqzai Mingəçevir şəhərinə səfər edib. Şəhər icra hakimiyyətində keçirilən görüşdə İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov Mingəçevir şəhərinin tarixi, iqtisadiyyatı, turizm imkanları barədə qonağa ətraflı məlumat verilib. O eyni zamanda bu yaxınlarda 70 yaşı qeyd edəcək  Mingəçevirin sənaye parkından da söz açıb: “Cari ilin fevralında Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi fəaliyyətə başlayıb. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb”.

Mingəçevir haqqında həmişə xoş sözlər eşitdiyini söyləyən Qulam İshaqzai  şəhərlə bağlı öz təəssüratlarından danışıb: ” Mingəçevirdə çox vacib layihələr həyata keçirilir. İcbari Tibbi Sığortanın məhz bu şəhərdə ilk tətbiqi məndə xoş ovqat oyatdı”.

 

O daha sonra deyib: ”Eşitmişəm, Mingəçevirin məzunları bu il ali məktəblərə qəbul zamanı ən yüksək ball toplayıblar. Bu çox fərəhedici bir qürurdu. Yeri gəlmişkən,  burada gənclərlə  da görüşəcəyəm…”.

Qonaq Mingəçevirdə məskunlaşan qaçqın və məcburi köçkünlərlə bağlı da maraqlanıb. Bildirilib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Mingəçevirdə də onlar üçün yeni qəsəbələr salınıb.

Görüşdə  qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraiti, eyni zamanda, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Esmira Hidayətova, Mingəçevir