Rusiya-Azərbaycan Regionlararası Forumu çox yaxşı platformadır

0
22

“Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Bu ilin oktyabrında növbəti regionlararası forum keçiriləcək”. Bu fikirləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Soçidə keçirilən  görüşdən sonra deyib.

Bu gün Bakıda sayca 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu 2 gün davam edəcək. Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələrinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Rusiya nümayəndə heyəti, həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələri ilə tanış olacaq.

IX Azərbaycan-Rusiya Regionlararası Forumu ilə bağlı “İki sahil” qəzetinin suallarını cavablandıran Milli Məclisin deputatı Aydın Hüseynov “İki sahil”ə  bildirdi ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır: “Rusiya Azərbaycanın ticarət dövriyyəsində önəmli çəkisi olan qonşu ölkədir”. Hazırda Azərbaycanda 760-a yaxın Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini deyən Milli Məclisin deputatı qeyd etdi ki, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,5 milyard dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox investisiya yatırılıb: “Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Bu həm də Rusiya ilə siyasi, iqtisadi, mədəniyyət sahələri üzrə münasibətlərimizin normal olduğunu göstərir. Rusiya ilə Azərbaycan arasında regionlararası əlaqələrin effektivliyini göstərən amillərdən biri də Bakıda Rusiyanın bir sıra subyektlərinin nümayəndəliklərinin, ticarət evlərinin, biznes qurumları və regional aviaşirkətlərinin nümayəndəliklərinin olmasıdır. Öz növbəsində, azərbaycanlı iş adamları da bu sahədə xüsusi fəallıq göstərirlər. Məsələn, Rusiyanın Sankt-Peterburq və Həştərxan şəhərlərinə ixrac missiyaları təşkil olunub, Azərbaycan şirkətləri öz məhsullarını Rusiyada keçirilən sərgilərdə “Made in Azerbaijan” brendi ilə nümayış etdirirlər. Həştərxanda “Azərbaycan İş Mərkəzi”nin açılması iş adamları arasına əlaqələrin genişlənməsində mühüm addımdır. Bu kimi misallar çoxdur. Bu mənada hətta mən deyərdim ki, bu gün Azərbaycanla Rusiya arasındakı regionlararası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özü də bu əlaqələr ilbəil genişlənir. Məsələn, 2018-ci ilin birinci yarısında Sverdlovsk vilayəti və Azərbaycan Respublikası arasında əmtəə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artıb və 54 milyon dollar təşkil edib. Yeri gəlmişkən, Moskva, Həştərxan, Stavropol vilayətləri,  Dağıstan, Kalmıkiya və Tatarıstan respublikaları ilə qurulan mədəni, iqtisadi əlaqələri xüsusi qeyd etmək yerinə düşərdi. Daha bir məsələyə toxunmaq istərdim. Artıq Rusiyanın bəzi vilayətləri ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolundan da istifadə etməkdədirlər”. Aydın Hüseynov bütün bunları qarşılıqlı tərəfdaşlığın yüksək təzahürü kimi dəyərləndirdi və  vurğuladı ki,  bu tədbir hər iki ölkənin həyatında önəmli rol oynamaqdadır.

Daha sonra  Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündən söz açan həmsöbətimiz bildirdi: “Cənab Prezident İlham Əliyevin Rusiyaya növbəti səfəri zamanı hər iki ölkənin dövlət başçılarının bəyanatlarından da aydın oldu ki, qarşıdakı illər üçün çox maraqlı  layihələr mövcuddur və həmin görüş çərçivəsində müxtəlif sahələri əhatə edən 16 sənəd də imzalandı. Möhtərəm Prezidentimizin bildirdiyi kimi, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Bu aspektdən çıxış etsək demək olar ki,  bu növbəti forum iqtisadi münasibətlərin genişlənməsinə, daha doğrusu, regionlar səviyyəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə yeni bir vəsilə olacaq. Bir sözlə, Azərbaycan və Rusiya müxtəlif sahələrdə imkanlarından və potensiallarından istifadə etməklə regional səviyyədə əməkdaşlığı daha da  inkişaf etdirəcəklər. Bu isə hər iki ölkənin siyasi, iqtisadi, mədəni həyatına yeni çalarlar əlavə edəcək. Ümumiyyətlə, Rusiya-Azərbaycan Regionlararası Forumu yeni əməkdaşlıq layihələrinin hazırlanmasının müzakirəsi, həm də yeni sazişlərin imzalanması üçün çox yaxşı platformadır”.

Qeyd edək ki, Rusiya-Azərbaycan forumları 2010-cu ildən, növbə ilə Azərbaycan və Rusiyada keçirilir. VIII Azərbaycan-Rusiya Regionlararası Forumu ötən ilin sentyabr ayında Stavropolda təşkil olunmuşdu.

Qvami Məhəbbətoğlu, “İki sahil”