10 iqtisadi rayon üzrə 60 “KOB Dostu” şəbəkəsi yaradılacaq

0
24

Bu gün ölkəmizdə sənayenin müxtəlif sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Təbii ki, bu da sənayenin iqtisadiyyatın aparıcı sahəsi olmasından irəli gəlir. Özü də bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübəsi tətbiq edilir. Bu yeniliklər iqtisadiyyatımızın daha da şaxələnməsinə xidmət edir. Elə son illər ölkəmizdə yaradılan müasir sənaye parkları və məhəllələri buna misaldır. Mütəxəssislərin fikrincə, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var. Belə tipli müəssisələrin yaradılması həm də ölkəmizin iqtisadi potensialını nümayiş etdirir. Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə daha bir sənaye məhəlləsi – Masallı Sənaye Məhəlləsi istifadəyə verildi. Qeyd edək ki, bu məhəllənin inzibati binasında sahibkarların toplantı və təlimlər keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Hətta burada sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri də təşkil edilib. Bu isə bir daha sübut edir ki, ölkə başçısı iş yerlərində sahibkarlara hər cür şərait yaradır ki, onlar heç bir çətinliklə qarşılaşmasınlar.

Masallı Sənaye Məhəlləsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri də tətbiq edilməkdədir. Belə ki, burada İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) Mərkəzi də fəaliyyətə başlayıb. Özü də bu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional bölməsidir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, “KOB Dostu”nun fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına, həmçinin kiçik və orta biznesin hüquqlarının müdafiəsinə, sahibkarlarla müvafiq dövlət qurumu arasında sıx əlaqələrin qurulmasına, onların arasında körpü yaratmağa və bütün bunlarla bağlı operativ reaksiyanı təmin etməyə xidmət edəcək.

Qeyd edək ki, “KOB Dostu” Mərkəzində “KOB könüllüləri” də fəaliyyət göstərəcək ki, onlar da mərkəzə müraciət edən sahibkarlara operativ şəkildə yardımçı olacaq, onlara texniki və sair dəstək göstərəcəklər. Masallı ilə yanaşı, ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar bu “KOB Dostu”nun xidmətlərindən istifadə edə biləcəklər.

Yeri gəlmişkən, “KOB Dostu” Mərkəzi ilə tanış olan sahibkarlar ilk “KOB Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluqlarını bildirib, “KOB Dostu”nun göstərəcəyi çoxsaylı xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını qeyd ediblər.

Ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə “KOB Dostu” mərkəzlərinin yaradılması gündəmdədir. Belə ki, ümumilikdə 10 iqtisadi rayon üzrə 60 “KOB Dostu” şəbəkəsi təşkil olunacaq.

Agentlik kiçik və orta sahibkarlığın inkişafı, onlara dəstəyin və müvafiq xidmətlərin göstərilməsi üçün daha bir yenilik də tətbiq etmək niyyətindədir. “Kiçik və Orta Biznes Evi” (“KOB Evi”) adlandırılacaq bu mexanizmin ilki Bakıda öz işinə başlayacaq. Daha sonra isə regionlarda da belə “evlər” təşkil ediləcək. Verilən məlumata görə, bu evlərdə 35 dövlət orqanı və təşkilatlarının 100-dən artıq xidmət növünün bir məkan prinsipi əsasında verilməsi təmin ediləcək. Bu evlərin “ASAN xidmət” kimi ölkəmizin yeni innovativ brendi olaraq formalaşacağı da gözlənilir. Bundan başqa, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanılıb.

Qeyd edək ki, bir neçə gün öncə Nazirlər Kabineti “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında” da qərar qəbul edib.

…Ümumiyyətlə, ölkəmizdə iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri sahibkarlığın inkişaf etdirilməsidir ki, bu sahəyə dövlət dəstəyi getdikcə gücləndirilir. Son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks tədbirlər bunun əyani sübutudur. Butün bunlar isə bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin bildirdiyi kimi, həqiqətən də “Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”