Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib

0
82

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,  sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mingəçevirdə Ağdaş, Bərdə rayonlarından, eləcə də Yevlax və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən I müavin İlham İsmayılov Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 20-dək vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, məscidlərin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib və bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər haqqında vətəndaşlara aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub. Həmçinin dini maarifləndirmə məqsədilə dini icmalara maliyyə vəsaitinin ayrılması ilə bağlı müraciət edən vətəndaşlara müvafiq izahat verilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Esmira Hidayətova, Mingəçevir