Azərbaycan Parlamentinin 100 illik tarixi xarici qonaqların gözü ilə…

0
13

Xəbər verildiyi kimi, sentyabrın 21-də Bakıda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub. Böyük siyasi əhəmiyyət daşıyan bu təntənəli tədbirdə 20-dən çox ölkənin parlament sədrləri, parlament sədrləri müavinləri, eləcə də bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Elə bu fakt bir daha Azərbaycanın yüksək beynəlxalq nüfuzunu təsdiqləyir. Bəs xarici qonaqlar öz çıxışlarında 100 yaşlı Parlamentimizlə, həmçinin ölkəmizlə bağlı hansı məqamları vurğulayıblar?

Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva öz çıxışında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin siyasi, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul etdiyi qanunvericilik aktlarından, eləcə də Şərq aləmində ilk dəfə kişilərə və qadınlara bərabər seçki hüququ verilməsindən, fəaliyyətini demokratik prinsiplər əsasında qurmasından söz açıb. O daha sonra bildirib: “Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan öz demokratik inkişaf yolunu davam etdirir, müasir dövlət kimi inkişaf edir”. Xanım Tsveta Karayançeva, həmçinin vurğulayıb ki, bu gün Azərbaycan Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “İki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər geniş potensial mövcuddur… Biz enerji, kənd təsərrüfatı, ticarət və digər sahələrdə əməkdaşlığımızı genişləndirə bilərik”.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım  Azərbaycan və Türkiyənin 100 il əvvəl tarix səhnəsindən silinməmək üçün böyük bir mübarizə apardıqlarını diqqətə çatdırıb. O,  bu gün də Türkiyə ilə Azərbaycanın birgə addımladığını, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin və bu kimi digər təşəbbüslərin əməkdaşlığın dərinləşdirilməsinə xidmət etdiyini qeyd edib: “Biz eyni millətin övladlarıyıq. Azadlığımız, əmin-amanlığımız bir-birinə bağlıdır. Sevincimizi və kədərimizi birgə bölüşürük. Ümidlərimiz, xəyallarımız, ideallarımız eynidir… Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmirik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”.

Azərbaycanın qazandığı uğurlarda Parlamentin böyük rolu olduğunu bildirən Binəli İldırım qeyd edib ki, müstəqillik illərində bu ölkə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla və Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atıb, bölgədə sülh və sabitliyə mühüm töhfələr verib.

Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu xatırladan, parlamentlərarası əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndirən Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari bu cür tarixi tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyib.

Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif 100 il bundan əvvəl yaradılan Parlamentdə müxtəlif dini və etnik azlıqların nümayəndələrinin təmsil olunduğunu vurğulayıb və bunu Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərə verdiyi önəmin göstəricisi adlandırıb. O, Azərbaycanla Misir arasındakı əlaqələrdən də ətraflı danışıb: “İki ölkə arasında indiyə qədər 50 sənəd imzalanıb, yüksək səviyyəli qarşılıqlı səfərlər olub. Misir parlamentində Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir”. Həmkarının bu fikrini bir qədər də genişləndirən Monteneqro parlamentinin sədr müavini, parlamentin Azərbaycan ilə dostluq qrupunun rəhbəri Genci Nimanbequ bu gün Azərbaycanda mövcud olan tolerantlığı, multikultural mühiti, müxtəlif dinlərin, xalqların nümayəndələrinin sülh şəraitində birgə yaşamasını bir çox ölkələrə örnək göstərib.

Ölkəmizlə bağlı xoş duyğularını dilə gətirən ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli deyib ki, biz bu tarixi nəzərdən keçirərkən görürük ki, bu, yalnız tarixi nöqteyi-nəzərdən deyil, gələcək üçün çox böyük əhəmiyyət kəsb edib: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib”.

Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverov  müasir dövrdə ölkələrimizin parlamentləri arasında sıx əlaqələrin olduğunu, iki ölkənin siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli və çoxtərəfli formatlarda uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də parlamentlərarası əlaqələrə böyük önəm verirlər.

Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko  isə bu tədbiri öz həyatlarını Vətənin müstəqilliyinə və inkişafına həsr etmiş insanların unudulmadığının sübutu kimi dəyərləndirib: “Bu insanlara və onların davamçılarına görə Azərbaycan müstəqil və güclü olub”. O, bu gün Azərbaycanın sabit və dinamik inkişafa malik olduğunu,  Avropanın ən vacib enerji və nəqliyyat mərkəzlərindən birinə çevrildiyini və ölkəsinin dost Azərbaycanın uğurlarına sevindiyini söyləyib.

Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını həm də regionun həyatında əhəmiyyətli hadisə kimi xarakterizə edib. Bildirib ki, yüz il bundan əvvəl Azərbaycan xalqı Parlamentini yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib.

Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən də Azərbaycan Parlamentinin 100 illik yubileyinin qeyd edilməsi böyük tarixi əhəmiyyətə malik hadisə adlandırıb: “Bu gün demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib”. O, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsinin vacibliyini də dilə gətirib.

Bir sıra çıxışlarda da Azərbaycanın hazırda erməni tapdağı altında olan ərazilərinin düşməndən təmizlənəcəyi birmənalı şəkildə səsləndirilib. Məsələn, Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd tarixin çətin sınaqlarından çıxan Azərbaycanın ərazilərinin işğalçılardan azad olunacağı günün o qədər də uzaqda olmadığını bildirib: “Əminəm ki, Azərbaycan qısa müddətdə ərazi bütövlüyünü bərpa edəcək və bu da beynəlxalq hüququn bütün prinsiplərinə uyğun olacaq”.

…Tədbirdə çıxış edən digər nümayəndələr də Azərbaycan Parlamentinin 100 illiyinin qeyd edilməsini, hazırkı Milli Məclisin onun prinsiplərinə sadiq olduğunu yüksək dəyərləndiriblər. Onlar, həmçinin Azərbaycanla əlaqələri daha da genişləndirmək niyyətlərində olduqlarını, ölkəmizin iqtisadi, sosial, siyasi və digər sahələrdə böyük irəliləyişlər əldə etməklə dünyada layiqli yer tutduğunu dəfələrlə vurğulayıblar.

Qeyd edək ki, bu gün parlamentimiz beynəlxalq əlaqələrini də çox yüksək səviyyədə inkişaf etdirir. Belə ki, hazırda Milli Məclis on beynəlxalq təşkilatın üzvüdür. Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir.

Qvami Məhəbbətoğlu, “İki sahil”