Luka Modriç ilin ən yaxşı futbolçusu seçilib

0
17

Londonda keçirilən tədbirdə ilin ən yaxşı futbolçusuna verilən “The Best” mükafatına Luka Modriç (“Real”, Xorvatiya), Məhəmməd Salah (“Liverpul”, Misir) və Kriştiano Ronaldo (“Real”/”Yuventus”, Portuqaliya) namizəd olub.

FIFA prezidenti Canni İnfantino mükafatı İspaniya “Real”ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriçə təqdim edib. Xorvatiyalı 2017/2018-ci il mövsümündə “Real Madrid” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin futbolçu Rusiyada keçirilən dünya çempionatının finalçısıdır.

İlin ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Yığma komanda Deşamın rəhbrəliyi ilə dünya çempionu olub. Deşam “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanı və Xorvatiya yığmasının çslışdırıcısı Zlatko Daliçi qabaqlayıb.

İlin ən yaxşı qapıçısı Belçika yığmasının və hazırda “Real”ın qapısını qoruyan Tibo Kurtua seçilib. O, Fransa millisinin və İngiltərənin “Tottenhem” klubunun qapıçısı Uqo Lyorislə  “Lester”in və Danimarka yığmasının qolkiperi Kasper Şmeyxeli üstələyib.

Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros birinci olub. “Lion”la (Fransa) Çempionlar Liqasını qazanan Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.

Tədbirdə 2018-ci ilin ən yaxşı qolunun müəllifi də müəyyənləşib. Bu, “Liverpul”un futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi “Everton”la matçda vurduğu qola görə mükafatlandırılıb.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata K.Ronaldo layiq görülüb.

Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, Nqolo Kante, Luka Modriç, Kriştianu Ronaldu, Kilian Mbappe, Lionel Messi. Ronaldu və Messi mükafatlandırma mərasimində iştirak etməyib.

“Fair Play” mükafatına Türkiyənin “Erzurumspor BB” klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb. Ən yaxşı fanat nominasiyasında isə Peru azarkeşləri birinci yeri tutub.