Azərbaycan düyüyə olan daxili tələbatını ödəyə bilərmi?

0
18

“Son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və bu məhsulun istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülüb və müsbət nəticələr əldə olunub. Belə ki, hazırda respublikanın bir sıra bölgələrində yeni müasir çəltikçilik təsərrüfatları yaradılıb. Bu sahə üzrə yaradılan müasir müəssisələrdən biri də sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş “Masallı – Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsidir. Burada emal edilən düyünün daxili bazarın tələbatına uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar da aparılıb. Bundan başqa, “Made in Azerbaijan” brendi kimi məhsulun xarici bazarlara çıxışı ilə əlaqədar sənədləşmə işləri davam etdirilir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndəsi, ekspert Nicat Nəsirli bildirdi. Ekspert vurğuladı ki, rəsmi məlumatlara görə, 2016-cı ildə ölkəmizdə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb:  “2017-ci ildə isə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artırılaraq  5,1 min hektara çatdırılıb, istehsalı 2.9 dəfə artaraq (10,6 min ton) 16,2 min tona çatıb və orta məhsuldarlıq 31,1 s/ha olub”.

Nicat Nəsirli qeyd etdi ki, bu artım heç şübhəsiz, son bir neçə ildə əkinçilik sahəsinin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğı,  xüsusilə çəltikçiliyin subsidiya proqramına cəlb edilməsi, ölkəyə müasir tələblərə cavab verən texnikaların gətirilməsi ilə bağlıdır: “Uzun müddət çəltikçilik çətin əl əməyi tələb edən sahə hesab olunub. İndi isə əkindən başlayaraq, məhsulun yığımına kimi, hər şey mexanikləşdirilib. Məsələn, ötən il respublikada, ilk dəfə olaraq, Cənub bölgəsinin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilib ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Yeri gəlmişkən, 2017-ci ildə Lənkəranda 526 hektarda çəltik əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib. Texnikalar da dövlət dəstəyi ilə alınıb. Hazırda məhsul istehsalçıları çəltik əkinlərinə görə hər hektara 40 manat, istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə 50 manat yardım alırlar. Eyni zamanda, mineral gübrələrin və herbisidlərin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsi təmin edilir. Onu da diqqətə çatdırmaq  lazımdır ki, bu prosesdə Prezident İlham Əliyevin  imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”  Sərəncam mühüm rol oynayıb”.

Həmsöhbətimiz daha sonra bildirdi ki, hazırda bu məhsul üzrə idxaldan asılılıq yüksəkdir: “Təkcə ötən il Hindistan, Pakistan, İran və digər ölkələrdən 51 min 60 ton düyü idxal olunub ki, buna 36 milyon ABŞ dolları xərclənib. İl ərzində  isə cəmi 8 ton  düyü ixrac olunub. Bu da mövcud istehsal potensialı baxımından çox aşağı göstəricidir. Unutmayaq ki,  ölkəmizin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır, onun böyük bir hissəsi idxal hesabına təmin olunur.  Odur ki, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsi, eləcə dı çəltik istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” da hazırlanıb və ölkə başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilib. Proqramda yaxın illərdə çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması,  bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının gücləndirilməsi, emal müəssisələrinin yaradılmasının təşviqi, toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi  və sair öz əksini tapıb. Şübhəsiz, atılacaq bu kimi addımlar  çəltikçiliyin inkişafına, həmçinin ərzaq təhlükəsizliyimizin təmin edilməsinə öz dəyərli töhfəsini verəcək. Hətta deyərdim ki,  “Azərbaycan Respublikasında çəltikçiliyin inkşafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”  yekunlaşanda  Azərbaycan düyüyə olan daxili tələbatını da ödəyə biləcək”.

Ekspert söhbətini bu sözlərlə tamamladı: “Dünya üzrə dənli bitkilərin əkin strukturunda və insanların qida rasionunda düyü buğdadan sonra ikinci yeri tutur. Düyüyə tələbat ilbəil artım dinamikasına malik olduğundan,  çəltik istehsalı kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”