Bu günlərdə yenə də döyüş bölgəsi olan Tərtər rayonunda olduq. Rayonda xoş ab-hava hökm sürürdü. Bu dəfə “Yeni Tərtər” qəzetinin qonağı olduq. Qəzetin baş redaktoru, şair-publisist Tofiq Yusif bizi gülərüzlə qarşıladı. Tofiq müəllimə Tərtərin keçmişi, bu günü və redaktoru olduğu qəzetlə bağlı suallarla müraciət etdik.
Əvvəlcə Tofiq müəllim qeyd etdi ki, artıq 14 ildir ki, “Yeni Tərtər”in baş redaktorudur. Sonra o, ağrılı-acılı günlərdən söz açdl: ”Hələ Qarabağ savaşının qızğın vaxtı redaksiyanı ermənilərin atdığı mərmi partlatmışdı. Elə bu və digər səbəblərdən qəzetin fəaliyyəti 7 il dayandı. Yəni 1998-ci ildən 2005-ci ilə qədər qəzet fəaliyyət göstərmədi. Həm də o vaxtkı rayon rəhbərliyinin laqeyidliyinin ucbatından qəzetin fəaliyyəti bu qədər də ləngidi”.
O daha sonra dedi: “Biz işə başlayanda binamız belə yox idi. Avadanlıqdan isə söz açmağa dəyməz. Mən o zaman bələdiyyədə çalışırım. Uzun sözün qısası. Elə oradakı balaca bir otaqda 4 nəfərlə işə başladıq. Özü də necə bir şəraitdə. Makinamız belə yox idi. Yazıları əl yazma şəkilində götürüb gəlirdim Mingəçevirin poliqrafiyasına. Orada onları yığdırıb, qəzetimizi çıxarırdıq. Çox çətinliklər çəkirdik. Elə olurdu ki, bir qəzetin bir nömrəsinə görə Mingəçevirə iki-üç dəfə gedib-gəlirdim. Daha sonralar rayon rəhbərliyinin köməkliyi ilə bir idarə yaratdıq. İndi ayda 3 dəfə olmaqla 1500 nüsxə tirajla çıxırıq. Çalışırıq ki, rayonun bütün həyatı bizim qəzetdə öz əksini tapsın”.
“Döyüş bölgəsində qəzetçi kimi işləmək çətinlik yaradırmı?” sualına həmsöhbətimiz belə cavab verdi: “Elə özünüz vurğuladınız ki, döyüş bölgəsi… Bəli, ermənilərlə Tərtərin 48 km-lik təmas xətti var. Elə kəndimiz var ki, erməninin qurduğu səngərlə arası 200-300 metrdir. Demək olar ki, biz döyüş bölgəsində işləyirik, fəaliyyət göstəririk. Tez-tez rayon rəhbərliyi də, qəzetin əməkdaşları da hərbi hissələrdə olur. O, 48 km məsafəni bizim igid əsgərlərimiz qoruyurlar. Biz də bayram günlərində, tarixi günlərdə onların yanında olmağa çalışırıq. Yəni onu demək istəyirəm ki, biz indi də hərbi intizamla işləyirik”.
O, Tərtərdə aparılan abadlıq işlərindən də söz açdı: “Sizə deyim ki, bütün çətinliklərə rəğmən, Tərtərdə quruculuq işləri bir an belə səngiməyib. Burada elə gözəl sosial nfrastruktur yaradılıb ki…Atəşkəsin tez-tez pozulması onları əsla qorxutmur. Əksinə, öz ocaqlarına daha möhkəm bağlanırlar. Hətta bir zamanlar buranı tərk edənlər də geri qayıdıblar. Bir sözlə, burada həyat qaynayır. Kənd təsərrüfatı məhsullarının istehsalı artır, iqtisadiyyat inkişaf edir, yeni iş yerləri var. Yeri gəlmişkən, ötən il rayonda respublika üzrə pambıq yığımında ən yüksək məhsuldarlıq oldu”.
Tərtərlilərin qəhrəmanlığından söz açan həmsöhbətimiz vurğuladı ki, tərtərlilər heç vaxt bir qarış torpağı ermənilərə verməyib, verməyəcək də: “Hətta o zaman 17 kəndi də azad etdi bizim qəhrəman tərtərlilərimiz. İndi həmin o 17 kənd Tərtərin tərkibindədir. Elə bu kimi şücaətlərinə görə möhtərəm Prezidentimiz onları qəhrəman adlandırıb”.
Tofiq müəllim bildirdi ki, “Yeni Tərtər” də onların şücaətindən, əməksevərliyindən, torpağa bağlılıqlarından söz açır: “ Onu da qeyd edim ki, qəzetimizdə şəhidlərə, onların ailələrinə daha çox yer ayırmaöa çalışırıq. Bilirsiniz ki, Tərtər balaca bir rayondur, amma müharibədə 325 nəfər şəhid verib. Mən pafosla danışmıram, həqiqətən də, bu yerlərin camaatı qəhrəmandır. Mən bir tərtərli kimi gördüklərimi deyirəm”.
Sonda Tofiq müəllim müharibə dövrü ilə bağlı dən bir epizodu da yada saldı: “Şəhərin Tamara adlı bir süpürgəçi qadını vardı. Ermənilər o zaman dayanmadan qrad, alazan atırdılar. Sanki göydən yerə od yağırdı. Atılan mərmilər də hara düşsə idi, oranı dağıdırdı. Belə günlərin birində mən də köhnə klubun qarşısı ilə gedirdim. Gördüm göydən mərmi yağır, dünya dağılır. Bu Tamara isə öz işi ilə məşğul idi. Dedim, ay Tamara qorxmursan? O, heç bu mərmiyə, gülləyə fikir vermədən dedi ki, neynəyəcək onlar mənə? Yəni bununla bir daha demək istəyirəm ki, tərtərlilər belə tərtərlilərdir. Onların gözündə qorxu yoxdur. Və indən belə də olmayacaq”.
Qeyd edək ki, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, «Qızıl Qələm»və «Məmməd Araz» mükafatları laureatı Tofiq Yusif ona yaxın kitabın müəllifidir. Onun yaradıcılığı tanınmış ədiblərimiz tərəfindən yüksək dəyərləndirilib. Məsələn, onun şeirlərini oxuyan Məmməd Aslan deyib: “Getdi» rədifli qoşmanı oxudum. Son bir neçə ildə bu şirinlikdə şeir oxumamışdım”.
Məlumat üçün bildirək ki, Tərtərdə 1934-cü ilin aprel ayında «Kolxozçuların varlanması uğrunda» adlı rayon qəzeti nəşr olunmağa başlayıb. 1937-ci ildə qəzetin adı dəyişdirilərək «Qızıl bayraq» olub, 1991-cı ilin yanvar ayından isə «Tərtər» adlandırılıb. Tərtərdə gedən yenidənqurma işləri ilə bağlı «Yeni Tərtər» olub.
Esmira Hidayətova,Tərtər