Kəndimizin Molla Nəsrəddini – Ömər kişi

0
61
????????????????????????????????????

Onun da özünəməxsus deyimləri, yaddaqalan kəlamları, duzlu-məzəlli söhbətləri olub. Lap Molla Nəsrəddin kimi. Odur ki, indi də yaşlı adamlar onu xatırlayır, hərdən ondan söz açırlar. Lakin onunla bağlı əlimizdə yazılı, demək olar ki, heç nə yoxdur. Onları yazıya köçürmək gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Hər halda, onun dildən-dilə düşmüş söz-söhbəti Alpanın da tarixinə bir cığır aça bilər. Odur ki, mən bununla bağlı kiçik bir araşdırma apardım. Və nə vaxtsa onunla bağlı topladığım materialları yenidən nəzərdən keçirdim.

Söhbət Alpan kənd sakini, camaat arasında kefcil Ömər, Ömər qağa kimi tanınmış Ömər Əhmədovdan gedir.

O, 1906-cı ildə anadan olub. Ömrünün sonuna kimi müxtəlif sahələrdə çalışan Ömər kişi deyilənlərə görə, bacarıqlı təsərrüfatçı olub. Eyni zamanda rayonumuzda çıxan “Qızıl Quba” (o zaman indiki “Şəfəq” bu adla çıxırdı) qəzetində özünün kiçik yazıları ilə çıxış edib. Təsadüfü deyildir ki, qəzet onun bu işini yüksək dəyərləndirib. “Qızıl Quba”nın 5 may 1956-cı il buraxılışındakı “Fəal müxbir” adlı məqalədə oxuyuruq: “Qızıl Quba” qəzeti ətrafına çoxlu müxbir cəlb edə bilmişdir. Bu müxbirlərin əksəriyyəti kənd təsərrüfatı artellərinin üzvləridir. Belə müxbirlərdən biri də Alpan kəndindəki Sabir adına kolxozun yemçilik briqadiri Ömər Əhmədov yoldaşdır.

Ömər Əhmədov 25 ildən artıqdır ki, qəzetin həyatında yaxından iştirak edir. O, bu müddət ərzində redaksiyamıza göndərdiyi məktublarda kolxoz təsərrüfatını, kolxozçuların, komsomolçu gənclərin həyatını, onların işdə qazandıqları müvəffəqiyyətləri, iş təcrübəsini, kəndin mədəni maarıf müəssisələrinin işini işıqlandırır, yüksək məhsul uğrunda mübarizə aparan kolxozçuların işindən maraqla danışır.O, redaksiyaya göndərdiyi hər məktub və məqaləyə məsuliyyətlə yanaşır və faktların doğru olmasına səy göstərir.

Əhmədəov yoldaş həm də fəal oxucudur. O, gündəlik qəzet və jurnalları izləyir və kənd təsərrüfatı qabaqcıllarının iş təcrübəsinin yayılmasına çalışır”.

Qeyd edək ki, Ömər Əhmədovun yazıları  həm də respublika mətbuatında dərc olunub. Elə “Azərbaycan kənd təsərrüfatı” qəzetinin kolxoz və sovxoz istehsalı təşkili şöbəsinin müdiri M. Abdullayevin ona göndərdiyi 9.2. 60-cı il tarixli məktubu (4698 saylı)da bunu sübut edir: “Sizin Quba rayonundan göndərdiyiniz məktubu işləyib hazırladıq. Vaxtında dərc edə bilmədik. İndi isə ondan istifadə etmək gecdir”.

Ömər kişi həm də kəndimizin sayılıb seçilən ağsaqqallarından olub.

Məhz  Ömər Əhmədovun bu kimi yüksək insani dəyərlərini nəzərə alaraq onun xalq arasında gəzən bayatılarını, gözəl kəlamlarını toplamağı qərara aldım. Ola bilsin ki, mənim əldə etdiklərimdə müəyyən yanlışlıqlar olsun. Bu, təbiidir. Ona görə də sizlərdən xahiş edirəm ki, onların aradan qaldırılmasında, dəqiqləşdirilməsində mənə yardımçı olasınız. Həm də topladığınız yeni materialları mənə göndərərsiniz. Bu məsələ ilə bağlı İlkin(İlkin R. Balayev) bəyə də müraciət edə bilərsiniz. Bəri başdan hər birinizə təşəkkürümü bildirirəm.

Məlumat üçün onu da deyim ki, mən Ömər kişinin yazılarına, həm də eşitdiklərimə əsasən  müəyyən şəxslərin adlarını da sizin diqqətinizə çatdırmaq istəyirəm. Zənnimcə bu, Ömər kişi haqqında məlumat toplayanlara kömək ola bilər. Onu da bildirim ki, adları çəkilən şəxslərlə ünsiyyətdə olmaqla, yaxud onları tanıyanların yaddaşlarına əsasən müəyyən məlumatlar, xatirələr toplamaq olar. Elə isə həmin şəxslərin adlarını sizlərə təqdim edirəm: Xələf, Gövhər, Mənsurə, Şura, Hacınəzər, Rəsul Cəfərov, Rəhman Tağıyev,  Bayaz, ferma müdiri Ələkbər, briqadir Seyfulla, İmaməli, Pəlvər, Sinavər, Qəhrəman, Qüdrət, Nəbi, Gülsüm, Şövkət, Mayaxanım, Gülcənnət, Mühbət, Güllər bacı, Sürəyya, Reyhan, Gülsət, Daşdəmir, Umru, Mahi bacı, Sürmə, Nazpəri, Xanım, Bənövşə, Bikə, Ziyaddin, balaca İbrahim, Teymurşah, Möhbəddin, Həsən, Həmzə qızı Minayə, Mülkicahan, Sonacət, Gövhər, Nəsirvanı, Cəmilə, Şəfiqə, Zeynəb, Gülsabah, Səltənət, Mina, Seyfəl, Səyyarə, Mirzəbala, onun oğlu Mizafəddin (Mizi), Qiyas, Seyidbala, Heybətov Əsbəndi, Camad, Osman, Xəmməd Muradov, Əlipaşa, anası Ayimbacı, briqadir Fazil, Şahməmməd, çayçı Hamlet…

Nərəcan, Müşkür kəndlərində də Ömər kişi bağlı məlumat toplamaq olar.

Beləliklə, ilk addım kimi topladıqlarımdan bir neçəsini nəzərinizə çatdırıram.

 

“Bunun buranı hanı?”

Ömər kişinin evinin yaxınlığında bir su krantı varmış. Lakin suyunu açıb-bağlamayanı, Ömər kişinin öz sözləri ildə desək, buranı yox imiş. Bir axşam məhəllə uşaqları krantın lüləsini Ömər kişinin eyvanına tərəf yönəldirlər. Səhərə kimi axan su Ömər kişinin eyvanını pis günə qoyur. Səhər tezdən yuxudan ayılan Ömər kişi bu mənzərəni görür və krantın suyunu bağlamaq istəyir. Lakin görür ki, krantın bağlayıb-açanı  yoxdur. Odur ki, yüyürür kənd sovetinə. Bir kəlmə belə söz demədən kənd soveti sədri Səbrullanın qolundan tutub düz gətirir həmin krantın yanına  və deyir:

A tan-tanı, tan-tanı,

Krant vurar fontanı.

A Səbrulla, Səbrulla,

Bunun buranı hanı?

 

“Hələ yaz deyil”

Yanvar ayının ortaları idi. Qarajda DT-lərin (traktor markası) təmiri  ləng gedirdi. Bir gün yuxarıdan gələn komissiya buna görə mexanizatorları danlayır. Bu zaman Ömər kişi özünü saxlaya bilmir, onları müdafiə məqsədilə deyir:

Üçcə DT az deyil,

Heç biri də saz deyil.

Təmirə tələsmirik

Hələ də ki, yaz deyil.

 

“Alan yoxdur cır qaxımızı”

Kefcil Ömər yaxın dostları ilə Rusiyanın şəhərlərindən birinə meyvə satmağa gedir. İlk günlər onların işləri yaxşı gedir. Lakin o boyda şəhərdə bir kilo belə cır meyvə qurumuşu sata bilmirlər. Odur ki, o, yaxın dostu Mirzəbalanın oğlu Mizafəddinə belə bir məktub yazır:

A Miz-mizi, Miz-mizi,

Yanaqları qırmızı.

Almamızı satmışıq

Alan yoxdur cırmızı.

 

 

Məktubu yazan….

1958-ci ilin martında Ömər kişi yaxın dostları ilə meyvə satmağa Nijni-Tagilə gəlir. Bir neçə gündən sonra məlum olur ki, bura alver üçün onlara sərfəli deyil. Buna baxmayaraq, onlar həmin şəhərdə qalmalı olurlar. Ömərin dostlarından biri evlərinə məktub yazır ki, bəs alverimiz pis gedir. Belə getsə, 3-4 ay burada qalmalı olacağıq. O, məktubu sonra Ömər kişiyə oxuyur. Ömər kişi görür ki, məktubda bəzi çatışmazlıqlar var. Odur ki, ona məktubu belə tamamlamağı tövsiyə edir:

Olduğum yer Moskvadan daladır,

Artıq tamah bil ki, başa bəladır,

Atandan qəm çəkmə, can oğlum Mizi,

Məktub yazan atan Mirzəbaladır.

 

 

Ömərin qızı Səyyarəyə məktubundan

Nijni-Tagildəki alverdən Ömər kişi özü də şikayətlənib. Bu, onun qızı Səyyarəyə yazdığı 17 mart 1958-ci il tarixli məktubunda da özünü büruzə verir:

… Anana de, tez gəlməyəcək kişi

Əksin paxlasını, kartof, kişnişi.

Görsün yazda görüləcək hər işi

Kəssin ümidini, boş gələcək kişi.

 

Alver üçün bura çox yava yerdir,

Bu məktubu yazan qağa Ömərdir.

Burda nə paxla var, nə də ki mərci

Gündəlik satdığım ödəmir xərci.

 

“Alpana göndərməsin”

Ömər kişi təftiş komissiyasında çalışanda Susay-Kürkün briqadiri vəzifəsində çalışan  Fazil adlı bir şəxs Alpan dəmirçisinə  tərəzidə çəkmədən, özü də sənədsiz-filansız kömür göndərir. Ona görə də Ömər kişi hirslənir və kömürü gətirən adamla Fazilə belə bir mesaj

göndəririr:

Mən əzizim, bu işi

Təkrar etmə keçmişi.

İlimiz altmışdadır

O çox sevir düz işi.

 

Mən aşığam bu ilə,

Ver xəbəri Fazilə.

Bir də görsə belə iş

Düşəcəkdir diş-dilə.

 

Mən əzizim, sürməsin

Beləcə iş görməsin.

Kömürü çəkdirmədən

Alpana göndərməsin.

 

“Nə çox dəri sərmisən?”

Alpan kənd fermasına başqa bir kənddən müdür təyin olunur. Bir neçə ay keçməmiş həmin qoyunçuluq ferması bərbad vəziyyətə düşür.

Bir gün Ömər kişinin yolu fermaya düşür. Görür ki, fermanın həyətində çoxlu qoyun dərisi sərilib. Odur ki, o, üzünü müdirə tutub deyir:

A ərmisən, ərmisən,

Aslanmısan, nərmisən?

Üç ay deyil gəldiyin

Nə çox dəri sərmisən?

 

“Yem olmasın”

Yeni gətirilmiş traktorlardan biri kəndin uzaqlığındakı meşədən keçəkən xarab olur. Traktorçu nə qədər cəhd edirsə, onu yenidən işə sala bilmir. Nəticədə həm traktorçu, həm də onun yanında olanlar möhkəm dilxor olurlar. Vəziyyətdən çıxış yol kimi onların hərəsi bir təklif irəli sürür. Bu zaman Ömər kişi yaranımış gərginliyi aradan qaldırmaq məqsədilə belə bir təkliflə çıxış edir:

Mən əzizim, qəm olmasın,

Şənlik olsun, qəm olmasın.

Gəlin örtək üstünü

Qurd-quşa yem olmasın.

 

“Cağal düşüb”

Ömər kişi bir nəfərdən bal istəyir. Həmin adam deyir ki, bəs bala cağal düşüb. Ömər kişi deyir:

Mən əzizim, a bala,

Kolxoz düşüb bu hala.

Yaşımızda indi gördük

Cağal düşəni bala.

 

“Üçcə dişim tərpəndi”

Bir gün Ömər kişi fermaya gəlir. Ferma müdiri Əsbəndi Heybətov onu gülərüzlə qarşılayır. Xoş-beşdən sonra Əsbəndi ona yemək təklif edir. Bəli, ortalığa pendir, çörək gəlir. Demə pendir bərk imiş. Ömər kişi bir-iki tikə yeyəndən sonra üzünü ferma müdirinə tutub deyir:

Ay Əsbəndi, Əsbəndi,

Gəl işlətmə bu fəndi.

Fermaya gəldik şor yedik

Üçcə dişim tərpəndi.

Müəllif: Qvami Məhəbbətoğlu