“Bu qələbənin başlıca səbəbi Azərbaycan-Türkiyə qardaşlığıdır”

0
17

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli parad Azərbaycan ilə Türkiyənin birliyinin, qardaşlığının və müdafiə qüdrətinin sarsılmazlığının daha bir göstəricisidir.

İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu AZƏRTAC-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı ordu quruculuğuna da böyük nailiyyətlər qazandırıb. Bakının qurtuluşunun yüz illiyi münasibətilə İSTAD-ın 15 nəfərlik heyətlə Azərbaycana səfər etdiyini diqqətə çatdıran Səfər Qaraqoyunlu deyib: “Bizim qrup Qafqaz İslam Ordusunun yürüş xətti üzrə hərəkət etdi. Şamaxı, Ağsu, Gəncə və digər şəhərləri ziyarət etdik. Türk əsgərlərinin məzarları önündə baş əydik, ehtiramımızı ifadə etdik. Ölkənin hər yerində gördüyümüz inkişafdan qürur duyduq.

Təbii ki, səfərimizin ən yaddaqalan hissəsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən parad oldu. Parad möhtəşəm keçdi”.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının mahiyyətinin sülh, dostluq və firavan həyat olduğunu qeyd edən İSTAD sədri bildirib: “Azərbaycan Ordusunun qüdrətlənməsi hər bir soydaşımızın evində ümid və inam çırağı yandırır. Paradda nümayiş olunan güc dostları sevindirir, düşmənə göz dağı verir. İftixarla deyə bilərik ki, Nuru paşa və şəhid silahdaşlarının canı və qanı hesabına əldə olunmuş tarixi uğurlarımız əzmlə qorunur. Bu qələbənin başlıca səbəbi Azərbaycan-Türkiyə qardaşlığıdır”. azərtac