Uğurlarımızın əzəl mübtədası

0
22

Bu gün Cənubi Qafqazın ən qüdrətli dövləti kimi tanınan Azərbaycan Çindən başlayaraq Amerika Birləşmiş Ştatlarına qədər irili-xırdalı bütün ölkələrin diqqət mərkəzindədir. Daha doğrusu, artıq dünya birliyində siyasi, iqtisadi məsələlərə, qlobal hadisələrə təsir imkanları artan ölkəmiz ABŞ, Almaniya, Çin, Fransa, İngiltərə, Rusiya, Türkiyə, İran və dünyanın bir sıra digər ölkələri üçün cəlbedici investisiya məkanına çevrilib. Bu, təkcə respublikamızın əlverişli coğrafi mövqeyi ilə deyil, həm də böyük enerji resurslarına malik olması və tam müstəqil siyasət apararaq onu dünyaya qəbul etdirməsi ilə əlaqədardır.

Şübhəsiz, bütün bunların təməlində ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası dayanır. Məhz Ümummilli Liderin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bir zaman çoxlarına əfsanə kimi görünən “Əsrin müqaviləsi” imzalandı, onun tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri işə düşdü. Xəzərla Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına, tranzit potensialını, həmçinin valyuta ehtiyatımızı artırmağa təkan verdi, ölkəmizə sərmayə axınını artırdı. Qeyd edək ki, 2003-2017-ci illərdə ölkə iqtisadiyyatına bütün mənbələrdən 236 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb ki, bunun 118 milyard dolları, yəni 50 faizi xarici investisiyaların payına düşüb.

“Əsrin müqaviləsi” həm də xarici siyasətimizin güclənməsinə və inkişaf etdirilməsinə zəmin yaratdı. Bu mənada ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirən, dövlətimizi Cənubi Qafqazın liderinə çevirən bu müqavilə iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb etdi. Nəticədə, Azərbaycanın dünyadakı nüfuz və şöhrətini artırdı.

Bu layihə sonradan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP-ın bir həqiqətə cevrilməsinə vəsilə oldu və ölkəmizin imicini daha da yüksəltdi. Məsələn, ABŞ Prezidenti Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazmışdı: “Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın “Cənub Qaz Dəhlizi” vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”. Yaxud Avropa İttifaqının aparıcı dövləti Almaniyanın Federal Kansleri xanım Angela Merkelin  “Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır” deməsi Almaniya kimi iqtisadi və siyasi güc sahibi olan bir ölkənin Azərbaycanla əlaqələrə verdiyi önəmin təcəssümü deyilmi? Bir sözlə, iqtisadi sahədə yüksək səviyyəli əməkdaşlığın siyasi aspektə çevrilməsi artıq bir reallıqdır.

“Əsrin müqaviləsi” təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihə oldu. Belə ki,  bu gün “Əsrin müqaviləsi” və ondan sonra reallaşan layihələr dünya xalqlarının rifahına da xidmət edir. Elə bu səbəbdən Azərbaycan Prezidenti ilə görüşən xarici ölkələrin rəsmiləri – dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını bəyan edirlər.

Avropanın enerji xəritəsini dəyişməyə xidmət edən “Əsrin müqaviləsi” həm də işğalçı Ermənsitanı beynəlxalq layihələrdən kənarda qoydu. Bununla da dünyaya bu ölkənin məkrli siyasəti barədə bir daha mesaj verildi.

“Əsrin müqaviləsi” sayəsində ölkəmiz bir sıra beynəlxalq tədbirlərin mərkəzinə cevirdi. Bu gün beynəlxalq ictimaiyyət ölkəmizi  əməkdaşlıq formatında həlledici dövlət kimi qəbul edir. Üstəlik, onun razılğı olmadan bölgədə heç bir layihə reallaşdırılmır. Bu isə Azərbaycanın inkişaf edən bir dövlət kimi beynəlxalq imicinin yüksəlməsi ilə bağlıdır.

“Əsrin müqaviləsi” Azərbaycanı yalnız təbii resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanıtdı.

Bu müqavilə ölkəmizin hər bir bölgəsinin inkişafına, qeyri-neft sektorunun canlanmasına, yeni iş yerlərinin açılmasına, əhalimizin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verdi. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bu məqamda  Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşərdi: “Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır”.

Qeyd edək ki, elə o zaman ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə “Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdi. Zaman göstərdi ki, bu, həqiqətən də gələcək əsrlərə hesablanmışdı. Bu mənada “Əsrin müqaviləsi”nin icra müddətinin uzadılması da zəruri idi. Bütün bu kimi faktlara istinadən mübaliğəsiz demək olar ki, uğurlarımızın əzəl mübtədası elə “Əsrin müqaviləsi”dir.

Qvami Məhəbbətoğlu, “İki sahil”