Polisin bu hərəkəti təqdir olundu

0
1744

Bir neçə gündür ki, sosial şəbəkələrdə gecə saatlarında valideynlərindən ayrı düşən uşağı yolun digər tərəfinə keçirən bir polis vətəndaşı ilə bağlı görüntülər dolaşır. Bu görüntülərdən məlum olub ki, kadrlar Mingəçevirdə lentə alınıb və həmin polis əməkdaşı da Mingəçevir şəhər Polis Şöbəsinin Yol Polis bölməsinin inspektoru Xətai Məmmədovdur. Biz həmin polislə görüşüb bəzi mətləblərə aydınlıq gətirməyə çalışdıq. Xətai Məmmədov dedi ki, o, uşağı şəhərin 20 yanvar və Nəriman Nərimanov prospektlərinin kəsişməsində ağlayan görüb: “Dərhal avtomobildən düşərək ondan niyə narahat olduğunu öyrəndim. Uşaq avtomobillərin gediş-gəlişinin çox olduğunu və bu səbəbdən digər tərəfə keçə bilmədiyini bildirdi. Mən də uşağın əlindən tutub piyada keçidindən keçərək onu anasına təhvil verdim”.

Yol Polis bölməsinin inspektoru Xətai Məmmədov  şəhər ərazisində xidmət aparan zaman belə hallarla tez-tez rastlaşdığını bildirdi. O, uşaqlarla yanaşı, ahıl insanların da bəzən yolu keçmək üçün polis əməkdaşlarına müraciət etdiklərini vurğuladı.

Qeyd edək ki, sosial şəbəkələrdə polis əməkdaşının bu addımını yüksək qiymətləndirənlər üstünlük təşkil edib.

Esmira Hidayətova