40-cı ilk dərs…

0
615

Gözlənilməz sual

Lövhədə bir neçə cümlədən ibarət çalışmalar yazaraq yeni dərsi möhkəmlətmək, tələbələrimin onu nə dərəcədə öyrəndiklərini, “müstəqil yerimələrini”ni yoxlamaq istəyirdim. Diqqətlərinin nəticəsi olaraq yeni dərsi yaxşı mənimsədiklərinə sevinir, daha bir, daha bir çalışma yazaraq onları da uğurlarına inandırmağa və fərəhləndirməyə çalışırdım. Lövhə dolduqca silərək işimi davam etdirirdim. Birdən tələbələrdən biri dedi:

– Müəllim, lövhəni həmişə siz özünüz silirsiniz?

– Bəli, qızım, düz qırx ildir ki, mən lövhəni özüm silirəm. “Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu”, məsəli.

Tələbələrim təəccüb etsələr də, gələcəyin müəllimləri olduqları üçün daha bir məqam da əlavə etdim. Qırx ildir ki, çantamda təbaşir ehtiyatımı gəzdirirəm. Hələ bu vaxtacan heç bir şagirdə, tələbəyə, – “Qələmini ver, bunu yazım, qeyd edim…” də – deməmişəm.

 

Bir igidin ömrü

Tələbəmlə mükaliməni burada bitirsəm də, onun sualı yaşadığım qırx illik pedaqoji ömrümə ötəri də olsa nəzər salmağa sövq etdi. Zarafat deyil, qırx il bir igidin ömrüdü!

Neçə illərdir ki, ilk dərsimdə özümü təqdim edərkən sözümə, – Qarşınızdakı bu cavan oğlan sizə ingilis dilini öyrənməkdə kömək edəcək, – deyə başlayıram. Şübhəsiz bu, ifadələr tələbələrin ürəkdən gülmələrinə səbəb olur. Onalrı “inandırmaq” üçün sözümə belə davam edirəm: – Saçların ağlığı qocalığa dəlalərt eləmir. Bu ağlıq təbaşir tozudur ki, illər bouynca hopub. Bu yolla ilk dərsdən çalışıram ki, “buzu əridəm”, tələbələrim sərbəst, səmimi bir ortamda öyrənməyə səy göstərsinlər. Düzdür, bəzilərinə görə “üz vermək” dən sonra “astarı istəmək” gəlir. Saf səmimiyyətə nə “üz” lazımdır, nə də “astar”. Müəlliminə güvənməyən şagird, tələbə necə uğur qazana bilər? Qorxaq komandirin əsgərlərindən igidlik gözləmək olarmı? Pedaqoji səmimiyyət qarşılıqlı etimada, anlaşmaya, əməkdaşlığa əsaslanır. Yetirmələrini qarşıya qoyulmuş məqsədə nail olmağa inandıra bilməyən, onları müəffəqiyyətə, özündən yüksək səviyyə qazanmağa həvəsləndirməyi bacarmayan müəllim ya peşəsini, ya da özünü dəyişdirməlidir. Dörd divarı içərisində yaşayan insanlar ev etdikləri kimi, müəllimi də müəllim edən onun ziyasından nəsibini almağa nail olan yetirmələridir.

 

Bir arzudan başlanan ömür yolu

Mən müəllim olmağı ibtidai siniflərdə oxuyanda arzulamış və bu arzunun ardınca gedib müəllim olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirb keçən əsrin 70-ci illərində ümummilli liderilimz rəhmətlik H. Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində açılmış Xarici Dillər Universitetinə qəbul olunan ilklərdən oldum. Milli respublikalarda, illah da, müsəlman ölkələrində atılan hər addımın Moskva tərəfindən çox diqqətlə izlənildiyi və hər cür siaysi rəng verilə bildiyi bir vaxtda belə bir strateji təhsil müəssisəsini açmağı o dövrdə yalnız H. Əliyev kimi polad iradə sahibi bacara bilərdi. Tələbə adını qazananda çoxları təbrik etmək əvəzinə məni qınadılar. Dedilər ki, heç olmazsa rus dilini seçəydin. O zaman kəndimizdə bir neçə ingilis dili müəllimi var idi, üstəlik xarici dilə ayrılan dərs saatları da nisbətən az idi. Sən demə, zaman bizim xeyirimizə işləyirmiş…

 

Məcnun zirvəsi

Ali məktəbdə müəllim olmağı seçdiyimiz üçün bizləri “igid” adlandıran müəllimlərimiz də olurdu. Yeri gəldikcə öz müəllimlərinin həyatından, şəxsi yaşantılarından misallarla bizləri necə çətin bir sənəti seçdiyimizə inandırar, bizi gələcəyə mənəvi cəhətdən hazırlayardılar. Müəllimlik elə bir sənətdir ki, ürəyində “Məcnun” sevgisi olmadan bu işin bəxtəvəri olmaq mümkün deyil. Dərs dediyin bütün şagirdlərin hamısını “bir gözlə görməyi”, ürəyində ən yaxşı oxuyanla şah tənbəlinə bərabər yer ayırmağı bacarmadan bu segivini daşımağa güc tapmaq haqqında düşünmək belə yersizdir. Dünya şöhrətli Braziliya futbolçusu Pele onu peşəsinin zirvəsinə aparan sevgi haqqında demişdir: – Uğur təsadüf deyil. O, gərgin iş, əzm, öyrənmək, oxumaq, qurban vermək və hər şeydən əvvəl, görməkdə və ya öyrənməkdə olduğun işə sevgi deməkdir.

Bir az da bu sevgi haqqında danışaq.

 

Sənədli xatirə

Arxivimdə 12 vərəqli bir şagird dəftəri var. İyirmi ildən yuxarıdır ki, bu sənədli xatirə mənimlədir. Adi bir tapşırıq dəftəri, ancaq mənim üçün qiymətli bir əşya. Onun vərəqlərindəki bütün tapşırıqları “5” ilə qiymətləndirib imzalamışam. Onları yazan şagirdim indi Amerikada yaşayır. O, aşağı sinifdə oxuyarkən dərslərin birində dedim: – Bu cür oxusan səndən gözəl ingilis dili müəllimi olar. İşlədiyim Digah kənd orta məktəbində o zaman yerli kadr yox idi. Xarici dil o qədər də dəbdə deyildi. Sözüm şagirdin qulağına deyil, ürəyinə deyilibmiş. O, orta məktəbi bitirib mənim ardıcılım oldu. İndi həmin məktəbdə bir neçə yetirməm çalışır.

 

Məni söydürən çubuq

Yaddaş arxivimdə heç bir sənədi olmayan daha bir əziz xatirə yaşadıram bu gün də:

Lövhədə yazdıqlarımı göstərmək üçün karandaş qalınlığında, təxminən 40 sm uzunluğunda bir çubuğum vardı. Hərdən həmin çubuqdan tapşrığı yazmayan, dərsi öyrənməyən, intizamı pozan şagirdlərimi cəzalandırmaq üçün də istifadə edirdim, daha çox da ərkyana. Şagirdlərə əllərini irəli uzatdırıb çubuqla bir-iki dəfə vurardım. Bu, artıq hamı tərəfindən qəbul olunmuşdu. Saç-saqqalı ağarmış keçmiş şagirdlərim bu gün də rast gələndə soruşurlar: – Müəllim, o çubuq qalıb?

Bir gün yenə həmin metodla tapşırığı icra etməyən şagirdlərimi cəzalandırırdım. Yaxşı oxuyanlardan biri də onların arasında oldu. Ayrıseçkilik etməmək üçün onu da cəzalandırdım və elə bil sakit sinifdə şimşək çaxdı. Şagird çox işlənən milli söyüşlərimizdən birini özünəməxsus məharətlə səsləndirdi, çantasını götürdü, qapını çırpıb getdi. Bir anlığa sarsıldım. Şagirdlərim də “A…!” nidasından başqa bir söz deyə bilmədilər. Tez özümü ələ aldım. Heç nə olmamış kimi hamının gözü qarşısında çubuğu bir-iki dəfə öz barmaqlarıma vurdum. Göynərti canımdan çıxmamış gülümsəyərək dedim: – Yeri vardı. Düz elədi.

Sinif özünə gəldi. Ucadan da, xısın-xısın gülənlər də oldu. Bu əhvalat haqqında nə mən kiməsəyə bir söz dedim, nə də bir kəs məndən soruşdu.

Məktəb kabinet sustemi ilə işləyirdi. Linqofon kabinetim vardı. Kənar kənddə işlədiyim üçün işə çox erkən gedərdim. Növbəti gün səhər tezdən kabineti dərsə hazırlayırdım. Otağın qapısı döyüldü. “Gəl!” – dedim. Qapı yavaş-yavaş aralandı. Həmin qız çəkdiyi iztirabın gözlərinə hopmuş, utandığından qıpqırmızı qızarmış halda masama tərəf bir neçə addım irəliləyib dayandı və məsumca dedi; – Müəllim, dünənki sözümə görə çox üzr istəyirəm. Birdən oldu. Heç özüm də bilmədən çıxdı ağzımdan. Bağışlayın, müəllim.

Mən gülümsəyərək, səkkizinci sinif şagirdinə dedim: – Eybi yox. Unut getsin. Mən də səhv eləmişəm. Buna görə sinif yoldaşlarının qarşısında özümü cəzalandırmışam. Onlardan soruşarsan. Mən səni bağışlayıram, bir şərtlə ki, bu hadisəni bir daha yadına salmayasan, oldumu?

Şagird başını qaldırmadan; – Oldu, müəllim, – deyib, gəldiyi kimi də, üzülə-üzülə otağı tərk etdi. Sənətimə sevgim dayaz olsaydı, bu hadisə fəaliyyətimi bitirən bir nöqtə ola bilərdi…

 

Ayaq altlnda açılan bir neçə taxta

Tələbəlik illərində müəllimlərimizdən belə bir epizod eşitmişdik. İranda bir nəfər müəllim o dünyada şagirdlərin ayaq səslərini duyması üçün məktəbin giriş qapısında dəfn olunmasını vəsiyyət edibmiş. Sadəlövh görünsə də, mən inanıram. On altı il çalışdığım Digah kənd orta məktəbinin sabiq direktoru, gözəl məktəbşünas, rəhmətlik Ələkbər Kərimovun da cənazəsi vəsiyyətinə görə uzun illər direktoru olduğu məktəbdən götürülmüşdü.

 

Həmişəlik ilk dərs

Hər il yeni dərs ilində müəllim kimi ilk dəfə sinfə daxil olduğum günün həyəcanını yaşayıram. Hər dəqiqəsi bir il kimi görünən, dedyim hər sözü, aldığım hər nəfəsi, şagirdlər bir yana, divarların belə dinlədiyini, saydığını zənn etdiyim o günün enerjisi, sənətimə sonsuz sevgim məni köhnəlməyə, kökdən düşməyə qoymur.

***

Yaradıb bizlər üçün Tanrı bu dünyanı sinif,

Nur olub gözlərimə, həm canımın canı sinif.

 

Ömrümün burda keçən hər anı Cənnət yoludu,

Yaşadır hörmətini, xalqa şərəf, şanı sinif.

 

Kitaba verdi könül şövq ilə oğlanı, qızı,

Yurduma xoş gələcək al səhərin danı sinif.

 

Kim qara lövhəyə ağ, ağ vərəqə yazdı qara,

Qəlbinə tutdu çıraq daima ürfanı sinif.

 

Silinib getdi cəhalət yer üzündən əbədi,

Hələ sakin elədi göylərə insanı sinif.

 

Bu vətən torpağına gör nə dühalar yetirib,

Aləmə yaydı Günəştək ədəb-ərkanı sinif.

 

Məni yük eyləməyin hardasa tənha məzara,

Ayaq altında aça bir neçə taxtanı sinif.

 

Min şükür – etmədi, Rahib, səni möhtac təbibə,

Yazıla son gününün dərdinə dərmanı sinif.

 

***

Bir dəfə şirkətlərdən birində işləmək üçün imtahan verib iş yeri də qazanmışdım. Nə qədər israr etsələr də, sevib-seçdiyim sənətimdən ayrıla bilmədim. Mövlanə Həzrətlərinin dediyi kimi, biz sevgidən doğulmuşuq; sevgi bizim anamızdır. Bu dərs ili mənim üçün 40-cı ilk dərs ilə başlandı…

 

Rahib Sədullayev,

ADPU-nun  Quba filialı ədəbiyyat və dillər kafedrasının ingilis dili müəllimi,qabaqcıl təhsil işçisi