Bu dostluq, bu qardaşlıq çox şeyə qadir olub və olacaq da!..

0
41

Sentyabrın 15-də paytaxtın Azadlıq meydanında Bakı şəhərinin Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu tərəfindən eser-menşevik, erməni-daşnaklar və bolşevik qalıqlarından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradın keçirilməsi ilə Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşadı. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı şəhər sakinlərində hansı təəssüratlar oyadıb? Bu sualla  bir neçə tanınmış şəxsə müraciət etdik.

“Hər şeydən əvvəl, qeyd etmək istəyirəm ki, Bakının azad edilməsinin 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən möhtəşəm parad iki ölkə arasındakı qardaşlıq münasibətlərini dünyaya bir daha nümayiş etdirdi. Bu, həm də onu göstərdi ki, Azərbaycan xalqı həmin qardaş dəstəyini heç zaman unutmayıb”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  tanınmış aktyor,  Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal dedi. Bildirdi ki, bu parad onda xoş duyğular oyadıb: “Sözün düzü, mən indiyədək çox paradlar izləmişəm. Amma ilk dəfə məhz bu parada baxarkən daha xoş, həm də unudulmayacaq anlar yaşadım və qeyri-ixtiyari dilləndim; bu dostluq, bu qardaşlıq hər şeyə qadir olub və olacaq da!.. Yeri gəlmişkən onu da deyim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın: “Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir…. Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir” sözləri ilə ermənilərə bir daha sərt mesaj göndər.  Üstəlik, Bakının səmasında “Türk şahinləri” manevrlər etməklə düşmənin bağrına, sözün həqiqi mənasında, çalın-çarpaz dağ çəkdilər”.

Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev (Qəlbinur) dedi ki, paradı izləyərkən yurdumuzu bir daha arxalı hiss etdim: “Bir daha əmin oldum ki, hazırda ermənilərin tapdağı altında olan ərazilərimizin azad ediləcəyi gün o qədər də uzaqda deyil. Bu parad həm də iki qardaş ölkənin parlaq birliyi kimi bir daha tarixə düşdü. Möhtərəm Prezidentimizin bildirdiyi kimi, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik”.

Daha sonra yüz il əvvəl baş verənlərdən ətraflı söz açan həmsöhbətimiz qeyd etdi ki, məhz bu hadisədən iki gün sonra  Azər­bay­can hö­ku­mə­ti mü­vəq­qə­ti pay­taxt olan Gən­cə­dən Ba­kı­ya kö­çü­rül­dü: “Bakı rəsmən paytaxt elan olundu. Bu hadisəni araşdıranların sözləri ilə desək, bununla da  baş bədənə qovuşdu və düşmənlərimizin niyyəti ürəklərində qaldı. Ermənilərin Dağlıq Qarabağla bağlı xilyaları da məhz belə tarmar olacaq”.

Paşa Qəlbinur, həmçinin qeyd etdi ki, yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raket və artilleriya silahlarının, digər silah və texnikanın nümayiş olunduğu bu parad bir daha göstərdi ki, son illərdə ordumuz əhəmiyyətli dərəcədə güclənib və o, düşməni hər an susdurmağa qadirdir: “Şübhəsiz, bu prosesdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xidmətləri böyükdür”.

Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə isə “İki sahil”ə bildirdi ki, 70 illik sovet hakimiyyəti illərində bu tarixi hadisəni məqsədyönlü şəkildə yanlış kontekstdə izah edirdilər: “Üstəlik, bu hadisə ilə bağlı çəkilmiş sənədli filmlərin əksəriyyətini yandırdılar. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını əsla unutmadı, onu qəlbində yaşatdı və bu günə hədiyyə etdi. Şübhəsiz, bundan sonra da xalqımız bu qəhrəmanlığı yaşadacaq”.

O zaman baş verənlər barədə yaşlı insanlardan, o cümlədən nənəsindən eşitdiyini vurğulayan Aydın Kazımzadə bildirdi ki, onlar öz gördüklərindən söz açardılar: “Mən hələ o zaman bizə bu günləri ərməğan etmiş, daha doğrusu,  1918-ci il sentyabrın 15-də ölkəmizin paytaxtını düşmən qüvvələrdən təmizləməklə onun türk-müsəlman əhalisini real məhvolma təhlükəsindən qurtarmış Türkiyə və Azərbaycan hərbçiləri ilə fəxr edir, qocaların söhbətləri əsasında Nuru paşaya, onun cəsur əsgər və zabitlərinə ürəyində abidə ucaltmışdım. Demək olar ki, hər gün Bakı uğrunda şəhid olanlara rəhmət oxuyardım“.

“Amma sentyabrın 15-də paytaxtımızın Azadlıq meydanında Bakı şəhərinin Qafqaz İslam Ordusu və Azərbaycan milli ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş parad 100 il bundan qabaq baş verənləri əyani şəkildə canlandırdı” sözləri ilə söhbətini davam etdirən Aydın müəllim daha sonra dedi: “Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçəndə və 100 il əvvəlki ovqatı təkrar yaşadanda, nə gizlədim sevincdən göz yaşlarıma hakim ola bilmədim. Bu mənzərə həqiqətən qürurverici idi. Bir də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mikrofondan eyni zamanda əsgərləri salamlayanda elə bil dünyaları mənə verdilər. Xoşbəxtəm ki, ömrümün bu çağında, yəni 78 yaşımda mən belə bir möhtəşəm parad gördüm. Bəli, həmin paradı izlədikcə 100 ilin hadisələri kino lenti kimi gözlərim qarşısında canlandı. Yaşlıların danışdıqları ilə bu paradda gördüklərimi birləşdirib mən də özümdə bir kino yaratdım və bu, həmişəlik beynimə həkk olundu. Bir daha əmin oldum ki, qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP kimi beynəlxalq layihələri reallaşdıran bir millət, iki dövlət mübarək qardaşlıqları ilə hələ çox birgə layihələrə imza atacaqlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”