Putin və Ərdoğan İdlib üzrə razılığa gəldilər

0
30

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə Suriyanın İdlib vilayətində təmas xətti boyunca silahsılzaşdırılmış zonanın yaradılması barədə qərar qəbul ediblər. “Yeniavaz” RBK-ya istinadən xəbər verir ki, silahsızlaşdırılmış zonanın dərinliyi 15-20 kilometr təşkil edəcək.

 

V. Putin qeyd edib ki, zonanı oktyabrın 15-dək yaratmaq planlaşdırılır. Oradan radikal əhval-ruhiyyəli silahlılar çıxarılacaq. Oktyabrın 10-dək bütün müxalif qruplaşmaların malik olduğu ağır silahların çıxarılması başa çatdırılmalıdır. Türkiyə tərəfinin təklifi ilə Hələb-Laziqiyyə və Hələb-Hama şoseləri üzrə tranzit əlaqəsi 2018-ci ilin sonundan gec olmayaraq bərpa ediləcək.

 

R.T. Ərdoğan deyib ki, müxalifətin nümayəndələri silahsızlaşdırılmış zonada qalacaqlar. Türkiyə, həmçinin İdlibdə öz müşahidə məntəqələrini möhkəmləndirəcək. Zonada nəzarəti Türkiyə patrulları və Rusiyanın hərbi polisi həyata keçirəcək.

 

Türkiyə Prezidentinin sözlərinə görə, əldə olunmuş qərar İdlibdə humanitar böhranın qarşısını almağa imkan verəcək. V. Putin razılaşıb ki, danışıqlar zamanı ciddi və razılaşdırılmış qərarlar qəbul etmək mümkün olub.

 

Danışıqların yekunu üzrə Rusiyanın və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar İdlibdəki təhlükəsizlik zonasında vəziyyətin sabitləşdirilməsi haqqında memorandum imzalayıblar.

 

Qeyd edək ki, Soçidə prezidentlərin danışıqları dörd saatdan çox davam edib. V. Putin danışıqları konstruktiv və məzmunlu adlandırıb. Bu, son 10 gündə iki liderin sayca ikinci görüşüdür.