Hamılıqla Kür çayını qoruyaq

0
258

Tez-tez başqa ölkələrdən, respublikanın digər şəhər və rayonlarından Mingəçevirə avarçəkənlər, müxtəlif sahələr üzrə idmançılar, turistlər gəlirlər.

Kür çayının hər iki sahilindəki müasir parklar istirahət və əyləncə üçün çox əlverişlidir. Son bir neçə ildə Mingəçevirdə aparılan böyük tikinti, quruculuq və abadlıq işləri də şəhərin minlərlə turist qəbul etməyə hazır olmasından xəbər verir.

Kür çayının kənarındakı “Sahil” parkı əsaslı şəkildə yenidənqurmadan sonra mingəçevirlilərin və şəhərə gələn turistlərin sevimli istirahət yerinə çevrilib.

Lakin hələ də bu gözəlliyə xələl gətirənlər var.  Sakinlər qeyd edirlər ki, son bir neçə ildə Kürün üstündə müxtəlif iaşə obyektləri tikilib. İnsanlar burada istirahət edir, hətta evinə gələn qonağı da bu məkana gəzməyə gətirənlər də olur. Bir neçə müddətdir ki, Kürün çirkli, ifunətli iyindən çaya yaxın durmaq olmadığını bildirən sakinlər deyir ki, sanki Kür çirkab içərisində batır. Şəhər ağsaqqalı Vidadi Babayev bildirir ki, ömrümün çox hissəsi Kürdə balıq tutmaqla keçib: “Kürün içərisi zir-zibillə doludur. Aidiyyatı qurumlar maraqlanmır. Ekologiya İdarəsi heç vaxt bu kimi problemlə maraqlanmır. Belə olmaz axı. Kür çayında vəziyyət həqiqətən də acınacaqlıdır. Burada fəaliyyət göstərən iaşə obyektləri də işlərinə məsuliyyətsiz yanaşırlar. Əllərinə gələn zir-zibili Kür çayına axıdırlar. Sahil boyu su zibilin içindədir. Biz bilmirik bu problemi kimə deyək. Bu çirklər Kür çayında olan balıqlara da təsir edib. Əvvəlki balığın dadını indi ala bilmirik”.

Qeyd edək ki, sahil boyu obyekt işlədən sahibkarlar ancaq pul qazanmaq üçün çalışırlar. Özləri də Kürün bu vəziyyətdə olduğunu görürlər. Lakin heç bir tədbir görmürlər. Kür çayı Mingəçeviri iki hissəyə bölür: Sağ sahildə Su Elektrik Stansiya (SES) və Energetiklər qəsəbəsi yerləşir. Şəhər infrastrukturunun böyük hissəsi isə sol sahildə cəmləşib. Çayın hər iki sahilində xeyli turizm obyekti var. Bu da təəccüblü deyil. Axı bütün şəhər həyatı bu əzəmətli çayın ətrafında toplanıb. Kür həm “çörək ağacı”, həm də istirahət yeridir. Hələ Mingəçevirin başlıca müəssisəsi və rəmzi – Azərbaycanın ən böyük SES-nin əhəmiyyətini demirik. Gəlin hamılıqla Kür çayını qoruyaq.

Esmira Hidayətova, Mingəçevir