Paytaxtın Bakıya köçürülməsindən 100 il ötür

0

Azərbaycan Xalq Cümhuriyyətinin Bakı dövrü

100 il  bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu  Bakını bolşevik-daşnak işğalından azad edərək ölkəmizə unudulmaz bir tarix bəxş etdi. Bu tarixi hadisədən 2 gün sonra – sentyabrın 17-də isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bakı rəsmən paytaxt elan olundu. O zaman Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır… Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur. Bu o qədər aydın bir məsələdir ki, bunu məsələ olaraq ortaya qoymaq həqiqətən də mövcübi-heyrətdir”.

Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Məlumdur ki,  o zaman Bakı öz coğrafi-strateji əhəmiyyətinə, zəngin neft yataqlarına görə dünyanın bir çox dövlətlərinin marağında idi. O dövrdə Bakı həm də dünyada istehsal olunan neftin demək olar ki, tən yarısını verirdi. Ona görə də xarici qüvvələr bu şəhərə yiyələnmək istəyirdilər. Bu mənada Bakıya gələn qüvvələrdən bircə Osmanlı dövlətinin, hərbi birliklərinin niyyəti neft deyildi, neftdən daha önəmli millətdaşlıq, dindaşlıq kimi məqsədi vardı. Həmin dövrdə xarici dairələrin Bakı ilə bağlı müxtəlif planları da vardı. Belə ki, 28 May istiqlalından əvvəl Bakıda Xalq Komissarları Sovetinin qurulması, Bakının müsəlman əhalisindən təmizlənməsi, Rusiyanın Bakını özünün bir hissəsi elan etməsi bu niyyətlərdən irəli gəlirdi. Bakıya ermənilər də iddia edirdilər. Başqa qüvvələr isə Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdımışdılar. Elə bu kimi səbəblərdən Tiflisdə müstəqilliyi bəyan edəndən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri Bakıya gələ bilməmişdilər.

Bakının paytaxt elan olunması  isə ölkədə tamamilə yeni bir şərait yaratdı.  Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə ulu öndər Heydər Əliyev bununla bağlı demişdir: “Ancaq onlar Gəncədə az bir müddətdə çox işlər görmüşlər və yalnız 1918-ci il sentyabr ayının 17-də Azərbaycanın paytaxtı Bakıya gələ bilmişlər. Ondan sonrakı dövr Azərbaycan Xalq Cümhuriyyətinin çox qızğın fəaliyyət dövrüdür”.

Cümhuriyyət liderləri Bakıda asayişi tam bərpa etdikdən sonra bir sıra önəmli işlər gördülər. Belə ki, neft sənayesi ağır durumdan xilas edildi, bu sahə üzərində dövlət nəzarəti qoyuldu, dağıdılmış Bakı-Batum neft kəməri 1919-cu ilin mart ayında bərpa olundu və  ilk neft yola salındı. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin Bakı dövründə də neft sənayesi iqtisadiyyatın əsas sahəsi sayılırdı. Odur ki, neft hasilatı və emalının vəziyyəti vaxtaşırı təhlil edilirdi. Elə bu kimi tədbirlərin nəticəsində 1919-cu ildə neft ehtiyatı üç dəfə artdı, 1920-ci ilin əvvəlində isə 300 milyon puda çatdırıldı. Neft sənayesinin inkişafı ilə əlaqədar idxal-ixrac əməliyyatları və ödənişləri tənzimləmək üçün 1919-cu ilin sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı yaradıldı və kredit bankları açıldı. Bu sahənin inkişafı Bakıda digər sənaye müəssisələrinin də işində dönüş yaratdı.

F.X.Xoyski hökuməti Bakıya köçdükdən sonra dövlətçilik, mədəniyyət, səhiyyə, təhsl sahələrində daha mühüm tədbirlər həyata keçirməyə başladı. Belə ki, beş aylıq fasilədən sonra 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının Bakıda birinci iclası toplandı. 1918-ci il dekabrın 7-də isə Bakıda – Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin binasında (indiki Əlyazmalar İnstitutunun binasında) müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli şəkildə təşkil edildi. Cümhuriyyət Bakıya köçdükdən sonra Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edildi. Yeri gəlmişkən, bu gün  dalğalanan müqəddəs dövlət bayrağımız  ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda qaldırıldı.

Qeyd edək ki, ilk vaxtlarda nazirlərin əksəriyyəti və hökumətin sədri “Metropol” otelinin otaqlarında (hazırda həmin binada Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi yerləşir) işləyirdi. Hər gün saat 12-dən 14-dək Fətəli xan Xoyski vətəndaşları qəbul edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Bakıda müasir elm və təhsil ocaqları qurmağı da qarşıya məqsəd qoymuşdu. Bununla bağlı 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Bakı şəhərində dövlət universitetinin yaradılmasına qərar verdi və həmin ilin dekabrından Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Hökumət Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitutu və Dövlət Konservatoriyasının açılması üçün müəyyən təşkilati işlər aparsa da, o dövrdə yaranmış tarixi-siyasi şərait buna imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyəti öz xilaskarına da biganə qalmadı. Belə ki, 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Amma 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə Şəhidlər xiyabanında abidə ucaldıldı.

… 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan qüdrətli Azərbaycanın paytaxtı Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Qədimlik və müasirliyin heyrətamiz harmoniyasını özündə cəmləşdirən Bakı hər kəsdə xoş təəssürat yaradır. Ölkəmizdə gedən nəhəng quruculuq işlərinin ən bariz nümunəsi olan Bakı bu gün  dünyada, həm də beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanınır.

Qvami Məhəbbətoğlu, “İki sahil”