Aqil Abbas: “Hələ bu dilin başına çox oyun açacaqlar”

0
20

Bildiyiniz kimi, Orfoqrafiya Komissiyasının iclasında qəbul olunan qərara görə, sonu qoşa samitlə bitən tək, iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq: hüsnxət, kilovat, rəsmxət, ekspres, konqres, stres və s.

Bəs yazarlar, sözlə işləyən tanınmışların buna münasibəti necədir?

adalet.az məsələ ilə bağlı sorğu keçirib. Cavabları təqdim edirik.

Filologiya elmləri doktoru Qulu Məhərrəmli:“Dünən qəbul edilən qaydalar mənə görə normaldır. Zatən bu sözlərin bir çoxu əvvəllər də belə yazılırdı. Xüsusən, “rəsmxət”, “kilovat” və başqaları. Yəni buna normal yanaşıram. Əsas odur ki, dünənki iclasda Azərbaycan dilinə təhlükə ola biləcək “iyyət” şəkilçisinin bir “y” ilə yazılmasının nə yaxşısı qarşısı alındı. Həm cəmiyyətin müqaviməti, həm bu məsələyə normal yanaşan insanların sayəsində o qərar qəbul olunmadı. Qloballaşma dövründə ədəbi dilin düzgün tədqiq olunması prosesində ciddi vəzifələr var. Televiziya və radio verilişlərində dil nə gündədir, ədəbi dilə nəzarət yoxdur. Hesab edirəm ki, bunların hamısı ilə ciddi məşğul olmaq lazımdır. Dövlət proqramlarında bunların həllini tapmaq üçün yollar göstərilir. Dilçilik qurumları bunun uğrunda mübarizə aparmalıdır. Biz dilimizin təmizliyi, öyrədilməsi, sevilməsi uğrunda işimizi davam etdirməliyik”.

Yazıçı Səfər Alışarlı: “Mənim üçün bu sözlərin bir və ya beş qoşa samitlə yazılmasının heç bir fərqi və əhəmiyyəti yoxdur. Vaxtilə “şer, cürət, sürət” və sair sözləri apostrofla yazırdıq, bu nədənsə mənim qüruruma toxunurdu. Odur ki, ölkənin ilk qeyri-leqal qəzetini 1989-cu ildə gizli mətbəədə nəşr edəndə mən yazdım ki, qəzet apostrofsuz yığılır. Bu, cəmiyyətimiz üçün zamanında verilmiş ictimai-siyasi bir mesaj kimi effektli oldu, nəticədə, bildiyiniz kimi, tezliklə orfoqrafistlərimiz apostrofu ləğv etdilər.

Sovet dövründən fərqli olaraq, indi bu məsələlər milli akademiklərimizin səlahiyyətindədir, onlar bu işi siyasi konyunkturadan kənarda həll edirlər. Mən onlara inanır və etibar edirəm. Dedilər ki, “şer” sözünü “şeir” yazmaq lazımdır, mən bunun vələzzaliminə varmadan eləcə də yazıram. Mənim bu məsələlərlə məşğul olmağa vaxtın və həvəsim yoxdur. Mənim başqa işlərim var, onlarla məşğul olmağa çalışıram.

Tənqidçi Əsəd Cahangir: “Bunun heç bir fundamental önəmi yoxdur. Diliçilərimiz hürufi olub hamısı. Hamısı bekarçılıqdandır”.

Millət vəkili, yazıçı Aqil Abbas: “Hələ bu dilin başına çox oyun açacaqlar. Qoy oynasınlar. Savadsızlıq bir az da artacaq.