Yeni layihə nələr vəd edir?

0
11

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi islahatlar heyvandarlıq üçün də yeni perspektivlər açıb. Elə bunun nəticəsidir ki, hazırda bu sahədə də dinamik inkişaf müşahidə olunur. Rəsmi məlumatlara əsasən qeyd edim ki, 2017-ci ildə ət istehsalı ötən illə müqayisədə artaraq 133 min ton, süd istehsalı isə 2024 min ton olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 280, 8 min ton olub. Süd istehsalı isə 1,2 faiz artaraq 1 milyon 199,4 min ton təşkil edib. Bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 100,2 milyon manat təşkil edib ki, bunun da 2 milyard 86 milyon manatı heyvandarlığın  payına düşüb. Məlumat üçün bildirim ki, 2018-ci il iyulun 1-dək ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1290,7 min baş inək və camış, 8649 min baş qoyun və keçi mövcud olub”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında söyləyən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Mahir Hacıyev daha sonra vurğuladı ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ancaq hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik: “Kərə yağı, pendirlə tam təmin edə bilmirik. Ət və quş əti istehsalı artıq özümüzü təminetmə səviyyəsinə yaxınlaşıb. Odur ki, ölkəmizdə ət və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi məqsədilə dövlətimiz  hərtərəfli addımlar atılmaqda davam edir.  Belə ki, müasir texnologiyalarla təchiz edilmiş yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları açılır. Məsələn, bu yaxınlarda  Prezident İlham Əliyevin iştirakı ilə İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksi istifadəyə verilib. Bununla da indiyə qədər yaradılan cins heyvandarlıq komplekslərinin sayı 27-yə çatıb. Bu müəssisələrin illik istehsal gücü 150 min ton süd və 6 min ton ət təşkil edir. Bu il istifadəyə verilməsi nəzərdə tutulan 4 heyvandarlıq kompleksində isə 6600 cins heyvan saxlanılacaq. Həmin müəssisələrin illik istehsal gücü isə 11 min ton süd, 2 min ton ət olacaq”.

Həmsöhbətimiz qeyd etdi ki, 2009-cu ildən indiyədək ölkəmizə “Aqrolizinq” ASC vasitəsilə Avropanın inkişaf etmiş dövlətlərindən 29,9 min baş yüksək məhsuldarlığa malik cins heyvanlar gətirilib: “Gətirilən heyvanlar südlük və südlük-ətlik, ətlik istiqamətli cinslərdir. Bu heyvanların gətirilməsində əsas məqsəd əhalinin südə və ətə olan tələbatını ödəməkdən ibarətdir”.

Dövlət başçısının imzaladığı sənədlərdə bu sahə ilə məşğul olanlara müəyyən güzəştlərin verildiyini bildirən Mahir Hacıyev qeyd etdi ki, dövlət vəsaiti hesabına respublikamıza xaricdən gətirilən damazlıq heyvanlar fermerlərə 50 faiz güzəştli qiymətlə lizinqə verilir. Süni mayalanma yolu ilə alınmış hər buzova görə isə 100 manat subsidiya ayrılır.

Mahir Hacıyev, həmçinin vurğuladı ki, hazırda ölkə başçısının tapşırığı əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlığın inkişafı üzrə Dövlət Proqramı layihəsi də hazırlanır: “Bəri başdan bildirim ki, Dövlət Proqramının hazırlanmasında aqrar tədqiqatlar və heyvandarlıq mərkəzlərinin əməkdaşları ilə yanaşı, xarici mütəxəssislər də iştirak edirlər. Onlar bölgələrə səfərlər edir, yerlərdəki vəziyyətlə maraqlanırlar. Səsləndirilən təkliflər növbəti görüşlərdə bir daha müzakirə olunur və uyğun təkliflərin heyvandarlığın inkişafına dair Dövlət Proqramı layihəsinə daxil edilməsi qərara alınır.

Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, dünyanın hər yerində heyvandarlıq intensiv üsullarla inkişaf etdirilir. İntensiv üsullara görə, otlaq sahələrindən daha səmərəli istifadə olunur. Belə ki, həmin məkanlarda yem bitkiləri əkilir, heyvanlar qapalı şəraitdə saxlanılır. Bununla da torpaq sahələrinin yararsız hala düşməsinin qarşısı alınır. Biz də belə bir sistem qurmaq niyyətindəyik. Yəni yaxın gələcəkdə heyvanlar yalnız qapalı yerlərdə saxlanılacaq. Təbii ki, yeni sistemə birdən-birə keçid edilməyəcək, əvvəlcə müasir tövlələr inşa ediləcək, həmçinin yem bazaları yaradılacaq”.

“İnnovativ yanaşmanın və müasir texnologiyaların tətbiqi nəticəsində iribuynuzlu heyvanlarda məhsuldarlığın artması artıq göz qabağındadır” sözləri ilə söhbətini davam etdirən Mahir Hacıyev  hazırda bunun xırdabuynuzlu heyvanlara da tətbiq olunacağını söylədi. Onun fikrincə,  bu isə ölkəmizi heyvandarlıq sahəsi üzrə dünyanın qabaqcıl ölkələri sırasında yer almasına imkan yaradacaq: “Bundan başqa, embrion köçürmə mərkəzinin, genetik seleksiya fermalarının yaradılması, həmçinin ilkin mərhələdə cins heyvanların sığortası da nəzərdə tutulub.

Şübhəsiz, yeni proqram  ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas hədəflərindən biri olan heyvandarlığın inkişafında yeni üfüqlər açacaq. Bu da  yaxın illərdə ətə və digər heyvandarlıq məhsullarına olan təlabatımızı yerli istehsal hesabına tam ödəməyə imkan verəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil