XİN Ermənistanın Azərbaycana qarşı müharibə elan etməsinə münasibət bildirdi

0

Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıq davam edir. Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir: “Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarqisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur.

Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır.

Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Qeyd edək ki, Ermənistan Parlamenti sentyabrın 12-də şərti adı “Şant- 2018” olan komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan etdiyini bəyan edib. armenpress.am portalı bildirir ki, bu barədə məlumatı Ermənistan Parlamentinin İnformasiya və İctimaiyyətlə Əlaqələr idarəsi verib.

Məlumatda bildirilir ki, Parlament hökumətin 12 sentyabr tarixli müraciətini əsas götürərək Ermənistan Konstitusiyanın 118-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı müharibə elan etmək qərarına gəlib.

Məlumat üçün qeyd edək ki, bu qərar 2 gün əvvəl Ermənistanda başlayan komanda-qərargah təlimləri çərçivəsində qəbul olunub.