“Məktəb forması ilə bağlı valideyn qarşısında tələb qoyulması qanunsuz davranışdır”

0

İstər məktəbli forması, istərsə də məktəb ləvazimatlarının əldə olunması ilə bağlı məktəb direktorunun və ya təhsil müəssisəsində çalışan digər işçinin valideyn qarşısında tələb qoyması tamamilə qanunsuz davranışdır. Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva sentyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BŞTİ-yə bu kimi məlumatlar daxil olduqda müvafiq addımlar atılır. M.Vəliyeva deyib: “Heç bir direktorun əlində əsas yoxdur ki, valideyni bu və ya digər məktəbli formasını almağa məcbur etsin. Sadəcə olaraq, məktəblərin ümumi nizamnaməsinə görə şagirdlər məktəbə formada gəlməlidirlər”.

Məktəbli formasının təhsil müəssisəsi tərəfindən müəyyənləşdirildiyini bildirən nazir müavini deyib: “Valideynlərə bu formanı sərbəst seçmək imkanı yaradılmalıdır. İstər məktəbli formasının, istərsə də digər məktəb ləvazimatlarının alınmasında valideynlərə qarşı məcburiyyət tətbiq olunarsa, onlar bu barədə Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə, yaxud da BŞTİ-yə müraciət etsinlər”.