İxracımız və idxalımız

0
148

Bu ilin yanvar-avqust ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumatda bildirilir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 1 milyard 65 milyon dollar (ümumi idxalın 15,5%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2018-cı ilin ilk 8 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 1 milyard 2,5 milyon (ümumi idxalın 14,6%-i) və 720,6 milyon dollarlıq (10,5%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (435,7 milyon dollar), ABŞ (358,7 milyon dollar), Ukrayna (277,6 milyon dollar), İtaliya (218,2 milyon dollar), Yaponiya (189,7 milyon dollar), İran (179,6 milyon dollar), Cənubi Afrika Respublikası (161,8 milyon dollar), Böyük Britaniya (157,9 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2018-ci ilin yanvar-avqust ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 8 ay ərzində bu ölkəyə 3 milyard 573 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 27,7%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 1 milyard 83,3 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 8,4%-i). Həmçinin 862,2 milyon dollar dəyərində məhsul İsrailə satılıb. Almaniyaya 619,5 milyon dollar, Hindistana 596 milyon dollar, Tayvana 556 milyon dollar, Çexiyaya isə 487,7 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Indoneziya (462,6 milyon dollar), Kanada (430,8 milyon dollar), Rusiya (411,9 milyon dollar), Portuqaliya (401,2 milyon dollar) və digər dövlətlər gəlir.