“14 komanda olsun, sponsor tapılar”

0
545

Topaz Premyer Liqasında 2013-14 mövsümü artıq yekunlaşmaq üzrədir. Mövsümün qalibi “Qarabağ” oldu və ölkəmizi növbəti mövsüm Çempionarlar Liqasında təmsil etmək hüququ qazandı. Avropa Liqasında isə Azərbaycanı “İnter”, “Neftçi” və “Qəbələ” təmsil edəcəklər. Ölkə çempionunun adı məlum olsa da, kubokun sahibi hələ bəlli deyil. Burada isə mükafatçı “Qəbələ” ilə “Neftçi” arasında baş tutacaq final oyunundan sonra bilinəcək. Bütün bu məsələlərlə bağlı dəyərləndirmə aparmaq üçün təcrübəli mütəxəssis Əfqan Talıbova müraciət etdik. Hazırda heç bir komandada çalışmayan Talıbov “Çempion”a müsahibəsində yeni mövsümdə görmək istədiyi sistem barədə də danışdı.

– Başlayaq çempion “Qarabağ”dan. Ağdam klubunun mövsüm ərzindəki performansına necə qiymət verərdiniz? Yəqin ki, “Qarabağ”ın çempionluğu sizi üçün də gözlənilən idi…

– Hər şeydən əvvəl komandanın üslubu olur. Onlar dedi-qodu ilə gündəmə gəlmədilər. Çempionat ərzində məğlubiyyəti də normal qəbul etdilər. Bundan özləri üçün müəyyən dərəcədə nəticə də çıxartdılar. Sona kimi hər şeyi götür-qoy etdilər. Rəhbərlik də məşqçi korpusuna güvənirdi. Uzun marafon, demək olar ki, başa çatdı. Çempionluqda ən böyük amil rəhbərliyin məşqçi heyətinə, oyunçulara dayaq durması idi. Rəhbərlik onlara inandı və hər şeyə hörmətlə yanaşdı. Bunun nəticəsində 5 illik əməyin məhsulu kimi, çempion oldular. Çempionatın gedişində qələbə ilə yanaşı, məğlubiyyətlər də oldu, heç-heçələr də. Amma buna görə heç kim təlaş keçirmədi. Bundan nəticə çıxarıldı. Uzunmüddətli marafonu sona qədər hesablınmış formada, bir-birilərinə kömək olaraq keçirdilər. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzu edirəm.

– Avropa Liqası uğrunda əsas mübarizə “İnter”, “Neftçi”, “Qəbələ” və “Bakı” arasında oldu. Ancaq sonda “Bakı” avrokuboklardan kənarda qaldı. Sizcə, “Bakı”da buna nə mane oldu? Və ya digər komandaların üstünlükləri nə idi?

– “Bakı” barədə ümumi olaraq onu deyə bilərəm ki, qış fasiləsində çox yaxşı toplanış keçdilər. Bundan sonra ard-arda qələbələr oldu. Məncə, “Bakı” barədə səbəb orada axtarılmalıdır ki, heyətlə bağlı problemlər oldu. Azərbaycanlı futbolçuların problemi oldu. Ən əsası, maliyyə sıxıntısı. Təbii ki, bu məsələni dərindən bilmək üçün klubun daxilində olmaq lazımdır. Amma fakt budur ki, yaxşı ab-havada olan “Bakı” qələbələri sıralayırdı və çempionata da əlavə rəng qatırdı. Mən də daxil olmaqla, bəzi mütəxəssislər həmin qələbələrdən sonra “Bakı”nı çempionluğa real namizədlər arasında görürdü. Amma heyətlə bağlı stabilliyin olmaması özünü göstərdi. Bir hücumçunun zədələnməsi və digərinin formada olmaması qol vurmaq şanslarının azalması ilə nəticələndi. O biri oyunçuların ehtiyatda qalmaları isə müəyyən dərəcədə narazılıqla qarşılandı. Amma ehtiyatda olan oyunçu da sübut etməlidir ki, əsas heyətə layiqdir. Legionerləri müəyyən dərəcədə kollektiv oyun nümayiş etdirirdilər. “Qarabağ”, “Neftçi” və “Qəbələ”dən fərqli olaraq, burada fərdi çıxışı ilə seçilən bir oyunçu ola, ya olmaya. Amma digər klublarda fərqlənən 3-4 futbolçu var idi. Ona görə də “Bakı” avrokuboklardan kənarda qaldı. Çətinliklərə sinə gərmək lazımdır. Çünki çətinlik müvəqqətidir. Razılaşıb dəstək olmaq lazımdır. Çünki rəhbərlik çətin zamanlarda futbolçulara dəstək olursa, oyunçular da bunu kluba qarşı etməlidirlər. Təəssüf ki, bir-birilərini anlamadılar. Ona görə də belə nəticə ilə qarşılaşdılar. “Qəbələ” və “Neftçi”yə gəldikdə, şimal klubu kubokun finalına vəsiqə qazandıqdan sonra Avrokubok yolunda müəyyən dərəcədə rahatlaşdığı üçün çempionatda özünü sərbəst hiss etdi. Ona görə də “Bakı” ilə oyundan sonra 3-cü pilləni qorudu. Komandalar final oyununa rahat çıxacaqlar. Prestij üçün oynayacaqlar. Kubokun da komanda üçün öz yeri var.

– Kubokdan söz düşmüşkən, sizcə, final matçı necə nəticələnəcək? “Qəbələ” tarixində ilk nailiyyətinə imza ata biləcəkmi?

– Çempionat artıq sona çatır və kubok matçı oyunçuların çoxu üçün əşyaları yığıb gözləyən məqama təsadüf edir. Düzgün qeyd etdiniz ki, “Qəbələ” heç vaxt bu nailiyyətə imza ata bilməyib. Ona görə də bu oyuna böyük motivasiya ilə çıxacaqlar. Böyük azarkeş dəstəyi ilə bir oyunda hər şey ola bilər. “Neftçi” həm çempionatda, həm avrokuboklarda, həm də kubokda böyük təcrübəyə malikdir. Buna görə də hər şey oyunçuların yanaşmalarından asılı olacaq. Kollektiv şəkildə oynamalıdır ki, ilk dəfə finala vəsiqə qazanan “Qəbələ”yə müqavimət göstərə bilsin.

– Bu mövsüm ən böyük sürprizə “İnter” imza atdı. Mövsümün əvvəlində zəif görünən komanda 34-cü tura kimi çempionluq şansını saxlamışdı. “Bankirlər”in çıxışına necə qiymət verərdiniz?

– “İnter”in builki çıxışına mən belə qiymət verərdim ki, çempionatın əvvəlində çətinlikləri oldu. Sonra komandanın heyəti yenidən bərpa edilməyə başlanıldı. Çünki heyətdə böyük dəyişikliklər olmuşdu. Bəzi oyunçular var ki, Kaxaber Sxadadze onlara inanır və həmişə əsas heyətdə şans verir, onlarla bərabər digərlərinin də uyğunlaşmaları yavaş-yavaş heyətin formalaşmasına gətirib çıxardı. Mən deyim ki, azərbaycanlı məşqçilərə də 5 il vaxt verilsəydi, nəticə olardı. Necə ki, Qurban Qurbanovda bunu gördük. Rəhbərlik inanmalıdır ki, məşqçi heyətini qursun və sonradan sözünü deyə bilsin. Mən həmişə demişəm ki, “İnter” rəqiblərinə taktikada qalib gəlir. Amma “Qarabağ”la oyunda taktiki cəhətdən zəif və qorxaq futbol oynamaları məni təəccübləndirdi. Heç nəyin itirilmədiyi oyunda sərbəst oynamalı idilər. Ancaq əksinə, sərbəst oynayan tərəf “Qarabağ” oldu. Reynaldo həmin görüşdə 3 müdafiəçini necə istəyirdi, elə də keçirdi. Həmin matçda “İnter”ə öz oyununu göstərmədi. Mən həmin matçı nəzərdə tutub deyə bilərəm ki, “İnter” çox zəif oynadı. Onlara da Avropa Liqasında uğurlar aru edirəm. Çünki neçə dəfədir gedirlər və müəyyən şanssızlıqlara görə uğur qazana bilmirlər. Bu il heyətlə və rəqiblərlə bağlı yaxşı götür-qoy etsinlər.

– Növbəti mövsüm çempionatda hələ də neçə komandanın iştirak edəcəyi məlum deyil. Yüksək dəstədən komanda düşəcəyi və ya I Diviziondan komanda yüksələcəyi də bilinmir. Sizin fikrinizcə, yeni mövsümdə format necə olmalıdır və “Araz Naxçıvan” yüksək dəstədə çıxış edə biləcək səviyyədədirmi?

– Mən “Araz Naxçıvan”ı çempion olması münasibətilə təbrik edirəm və onlara uğurlar arzu edirəm. Çempionatdakı komandalara gəldikdə, 12 klub olacaq. Mən bunu əminliklə deyə bilərəm. Amma arzu edərdim ki, 14 komanda olsun. Çünki hazırda komandalar bir-biriləri ilə 4 dəfə qarşılaşdılar və çox mütəxəssis bu fikirdədir ki, sona doğru matçların çoxu sönük keçdi. Belə deyim, “Xəzər Lənkəran”ın rəqabətdən uzaq qalması bəzi oyunların çox rəngsiz keçməsinə səbəb oldu. Onsuz da, sönük olan azarkeş dəstəyi bu mövsüm Lənkəran stadionuna da təsir etdi. Futbolçu azarkeş üçün oynayır. Əsas nəticədirsə, onda azarkeşi stadiona buraxmasınlar, elə oynasınlar da. Ona görə də azarkeşlərin olması vacibdir. “Araz Naxçıvan”ın hər oyununa azarkeşlər gələcək. “Xəzər Lənkəran”ın da azarkeşləri tərəfindən dəstəklənməsi rəngarənglik gətirər. İki əyalət komandası da olsa, buradakı azarkeşlərin cəhdləri Bakıdakı fanatlara da təsir edəcək. 14 komanda olsun, sponsor tapılar. Çünki Azərbaycan sürətlə inkişaf edir. Biz də məşqçilər olaraq sevinərik ki, daha çox azərbaycanlı futbolçular üzə çıxacaq. Ümumilikdə Azərbaycan futbolu və millimiz qazanar.

– Son olaraq, sizin işinizi bərpa etməyinizlə

bağlı bir yenilik varmı?

– Yox, yenilik yoxdur. Çünki çempionat artıq başa çatır. Yəqin ki, bizim işimizi görən və razı qalan kimsə dəvət edər. Hələlik gözləmə mövqeyindəyik.

HARUN SADIQLI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here