15 sentyabr tarixi 28 may qədər böyük dəyərə malikdir

0
23

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə vəziyyətdə isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Bir tərəfdən də beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbayacanın öz ərazi bütövlüyünü təmin etmək imkanları kifayət qədər deyildi. Belə bir şəraitdə Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə öz hərbi qüvvələrini ölkəmizə göndərdi. Avropa dövlətlərinin  etirazlarına baxmayaraq, Osmanlı Türkiyəsi  öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

100 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də – Qurban bayramı günündə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdilər. Şəhər uğrunda döyüşlər heç də asan getmədi.

İngilis qoşunlarının komandanı Denstervil sonradan etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı. Bu döyüşlərdə 1130 nəfər türk əsgəri və zabiti həlak oldu. Bəzi mənbələrə görə, yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi. Qafqaz İslam Ordusunun əldə etdiyi uğurlar təkcə Şaumyanın rəhbərlik etdiyi Bakı komissarlarını deyil, bölgədə marağı olan Sovet Rusiyasını, İngiltərəni, Almaniyanı da ciddi narahat edirdi.

Qaf­qaz İs­lam Or­du­su­nun Ba­kı­nı bol­şe­vik-daş­nak iş­ğa­lın­dan azad et­mə­si şə­hər­də əsl bay­ra­ma sə­bəb oldu. Həttə bəzi məlumatlara görə, məşhur mil­yon­çu və xey­riy­yə­çi Ha­cı Zey­na­lab­din Ta­ğı­yev bu or­du­nun şə­rə­fi­nə tən­tə­nə­li zi­ya­fət təş­kil etdi. O, həmçinin türk or­du­su­nun ko­man­da­nı Nu­ru pa­şa­ya  və onun qəh­rə­man zabitlərinə hədiyyələr də verdi.

Məhz Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan bu tarixi hadisədən iki gün sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu. Bu mənada Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış bir tarixi zəfər idi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Bu tarixi günü və hadisəni M.Ə.Rəsulzadə isə belə dəyərləndirirdi: “15 sentyabr Azərbaycan xalqının tarixində 28 may qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır”.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev Bakının azad olunmasını belə xarakterizə edib: “Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır”.

Bir sözlə, 15 sentyabrda həm Azərbaycanın istiqlaliyyəti təmin olundu, həm də ermənilərin, bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına, törətdikləri qırğınlara son qoyuldu.

Bəli, Bakının erməni-bolşevik işğalından azad edilməsi tariximizin ən şanlı səhifəsi kimi yaddaşlara həkk olunub. Belə ki, yetmiş illik sovet hakimiyyəti dövründə bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də bu əlamətdar gün qeyd edilır, şəhid əsgərlərin xatirəsi anılır. Yeri gəlmişkən, qeyd edək ki, Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldılıb. Bu abidəni ziyarət edən hər bir azərbaycanlı ölkəmizin istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgərlərinin, zabitlərinin ruhuna dualar oxuyur.

Artıq sentyabrın 15-i yaxınlaşır. Bununla əlaqədar ölkədə və paytaxtda bir sıra möhtəşəm tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu tədbirlər çərçivəsində paytaxtda hərbi parad da təşkil ediləcək. Məlumata görə, möhtəşəm hadisənin 100 illiyi ilə əlaqədar keçiriləcək paradda iştirakçılar Bakının küçələrindən 100 il bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər.

… Gün gələcək ki, hazırda ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və digər rayonlarımız mənfur düşməndən azad ediləcək və belə bir möhtəşəm parad da həmin günün şərəfinə keçiriləcək.

Qvami Məhəbbətoğlu,