Ölkəmizin hansı bölgələri turistlər üçün daha cəlbedicidir?

0
21

Bir zamanlar  xarici ölkələrdən 11 iqlim tipindən 9-na malik respublikamıza gələnlər paytaxtımızda istirahət etməyə üstünlük verirdilər. Səbəb aydın idi; digər şəhər və rayonlarımızda günün tələblərinə cavab verən infrastruktur olmadığından xarici turistlər həmin ərazilərə, məkanlara səfər etmək marağında deyildilər. Bu gün isə onlar bölgələrimizdə də istirahət etməyə can atırlar. Çünki regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizdə yaradılan infrastruktur, həmçinin  yeni-yeni otel və digər istirahət mərkəzləri şəhər və rayonlarımıza olan marağı artırıb. Belə ki, ölkəmizə gələnlər tur paket seçərkən onun bir neçə gününü Bakıya, qalanını isə bölgələrə sərf edirlər. Bu, həm də o deməkdir ki, iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə bölgələrdə də diqqət mərkəzindədir və bu istiqamətdə böyük uğurlar əldə edilib.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun verdiyi məlumata görə, hazırda Bakıdan sonra turistlər arasında ən populyar istiqamət Qəbələ və Quba-Qusar zonasıdır. Daha sonra Şamaxı və Şəki-Zaqatala zonası gəlir. Çünki bu məkanlarda daha  gözəl turizm infrastrukturu yaradılıb,  turistlərin maraqlarına uyğun gələn hotellər, eləcə də digər istirahət məkanları da fəaliyyət göstərir. Məsələn, rəsmi məlumatlara görə, Qəbələyə təkcə iyul ayında 45463 nəfər turist gəlib ki,  bunlardan  33259 nəfərini  əcnəbilər təşkil edib. Ümumiyyətlə, bu rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq, görərik ki, turist axını hər il yüksələn templə davam edir. Belə ki, 2008-ci ildə bu rayona 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2016-cı ildə isə rayona gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600-ü xarici turistlərdir. Ötən il isə Qəbələyə 242 min 125 nəfər turist gəlib ki, bunun da 140 min 160 nəfərini  əcnəbilər təşkil edib. Bu mənada Qəbələ artıq dünyanın turist mərkəzinə cevrilir desək, səhv etmərik.

Bu yaxınlarda bu siraya İsmayıllının da əlavə olunacaq. Belə ki, avqustun 26-da ölkə başçısının İsmayıllı rayonuna səfəri çərçivəsində burada, xususilə qədim yaşayış diyarı sayılan Lahıc qəsəbəsində bir sıra obyektlər istifadəyə verilidi ki, bu da şübhəsiz, turizmin inkişafına təkan verəcək. Qeyd edək ki, Lahıc nəinki ölkəmizdə, ümumiyyətlə, regionumuzda unikal yaşayış məskənidir. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur. Qəsəbədəki emalatxana və mağazaların demək olar ki, hamısı mərkəzi küçə boyunca yerləşir və bu ərazi turistlərin ən çox gəldiyi yerlərdəndir. Lahıc həm də sənətkarlar diyarıdır. Burada 100-dən çox sənət növü və peşələr yaşadılaraq inkişaf etdirilir. Prezident İlham Əliyevin və birinci xanım  Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Lahıc beynəlxalq aləmə də çıxıb. Belə ki, Lahıc misgərlik sənəti UNESCO-nun mədəni irs siyahısına daxil edilib.

Bəli, hazırda Lahıca minlərlə, on minlərlə turist gəlir. Şamaxı-Lahıc yolunun istifadəyə verilməsi, qəsəbənin mavi yanacaqla təchiz edilməsi, eləcə də digər obyektlərin inşası buraya turist axınını daha da artıracaq. Elə cənab Prezident də öz nitqində buna əmin olduğunu vurğulayıb: “Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. Mənə verilən məlumata görə, Lahıcda otellər tikilir, bir otel indi məktəbin önündə inşa edilir. Mən bunu da alqışlayıram… Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir… Əminəm ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların – həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq”. Beləliklə, bu gün yerlərdə yeni infrastrukturun yaradılması, sosialyönümlü obyektlərin istifadəyə verilməsi həm regionun inkişafına öz töhfəsini verir, həm də turizm üçün geniş imkanlar yaradır.

Qvami Məhəbbətoğlu, “İki sahil”