Futbol mütəxəssisləri Azərbaycan yığmasından Millətlər Liqasında nə gözləyirlər?

0
132

“İlk dəfə UEFA Millətlər Liqası turnirinin təşkili bizim kimi zəif futbol ölkələri üçün çox yaxşı fürsətdir”.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov yeni yarışda mübarizəyə başlayacaq Azərbaycan yığmasının şansları barədə danışarkən deyib. O bildirib ki, UEFA Millətlər Liqası ən güclü yığmaların UEFA-ya şikayəti əsasında təşkil olunub: “Çünki güclü milli komandalar zəif ölkələrin yığmaları ilə hazırlıq oyunları keçirməkdə maraqlı deyillər. Millimiz 16 ən zəif ölkənin yer aldığı liqada mübarizə aparacaq. Bu da bizim üçün çox böyük şansdır. Eyni gücdə olduğumuz millilərlə oyunlarda əsl gücümüzü və öz oyunumuzu göstərə bilərik. Bizə lazım olan nəticəni əldə etmək üçün hər oyuna ciddi hazırlaşmalıyıq. Eyni zamanda 6 oyunun yekununda birinci yeri tuta bilsək, 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaq üçün şanslarımız da artacaq”.

Təcrübəli mütəxəssis Azərbaycan yığması ilə eyni qrupda yer alan komandaların şanslarını da dəyərləndirib: “Kosovo millisini xüsusi qeyd etmək istərdim. Onların heyətindəki oyunçuların əksəriyyəti legionerlərdir. Gənc futbolçuları 18-19 yaşından xaricə üz tuturlar və özlərini inkişaf etdirirlər. Kosovo millisi yoldaşlıq görüşlərində də yaxşı nəticələr əldə edib. Fikrimcə, bu komanda ilə hər iki oyun maraqlı olacaq. Digər iki millini də zəif ölkə kimi qiymətləndirməməliyik. İndi hər komanda oyununu inkişaf etdirib nəticələr əldə etməyə çalışır. İlk yeri tutmaq istəyiriksə, Malta və Farer adaları ilə keçirəcəyimiz oyunlarda maksimum xal qazanmalı və Kosovo millisini də doğma meydanda məğlub etməliyik. Qrupda ilk yeri tutmaq şansımızı yüksək qiymətləndirirəm”.

“Noyabrda Kosovo millisi ilə səfərdə keçirəcəyimiz görüş hər iki milli üçün final oyunu ola bilər”. Bunu isə “Zirə” komandasının sabiq baş məşqçisi Ayxan Abbasov deyib. Onun fikrincə, Azərbaycan yığmasının qrupda ilk yeri tutmaq şansları yüksəkdir: “Düşünürəm ki, Kosovo ilə keçirəcəyimiz hər iki oyun həlledici olacaq. Qrupdakı digər yığmalar kiçik ölkələr olsalar da, hər halda bu turnirə yaxşı hazırlaşıb maksimum nəticə əldə etməyə çalışacaqlar. Kosovo millisinin heyəti hazırda yaxşı vəziyyətdədir, güclü oyunçulardan təşkil olunub. Fikrimcə, qrupda mübarizə son oyuna qədər davam edəcək. Ola bilsin, ilk pillənin sahibi Kosovo ilə səfərdə keçirəcəyimiz görüş final oyunu kimi keçsin və ilk yerin sahibi bu oyundan sonra müəyyənləşsin. Azarkeşlər də millimizi dəstəkləyib “12-ci oyunçu” rolunu oynamalıdırlar”.

“Sumqayıt” klubunun baş məşqçisi Nazim Süleymanov da azarkeş amilini qabardıb: “Milli komanda təkcə Qurban Qurbanovun yox, hamımızındır. Hamımız dəstək verməli və qələbələr gözləməliyik. Pis qrupa düşməmişik. İlk oyunu evdə keçirəcəyik. “12-ci oyunçu” amili çox böyükdür. Azarkeşləri dəvət edirik ki, stadiona gəlsinlər və dəstək olsunlar. Biz də milli komanda olaraq, yaxşı çıxış edək və xallar qazanaq, irəli gedək.

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev isə hesab edir ki, qrupda asan oyun olmayacaq. Onun fikrincə, hər bir xal uğrunda sona qədər mübarizə aparmaq lazımdır: “Hazırkı vəziyyətə baxsaq, qrupumuzda birinci yer uğrunda Azərbaycan və Kosovo millilərinin mübarizə aparacağını demək olar. Düşünürəm ki, bu iki millidən biri qrupun qalibi olacaq. Amma bu, o demək deyil ki, qrupdakı digər millilər zəifdir və onları gözardı etməliyik. Malta və Farer adaları “cırtdan ölkə”lər sayılsalar da, onlarla oyunlarda arxayınlaşmaq olmaz. Son nəticələrdən görə bilərik ki, bu millilərin də oyununda əvvəlki illərə nisbətən irəliləyişlər var. Onlar da daim inkişaf edən və qrupdakı favoritlərdən xal ala biləcək yığmadırlar. Bizim üçün əsas məsələ bu millilərlə oyunlarda xal itirməmək və öz meydanımızda keçirəcəyimiz oyunlarda maksimum xal toplamaqdır. Fikrimcə, Malta və Farer adaları ilə oyunlarda xal itirməyən və ya daha az xal itkisi ilə üzləşən yığma ilk yeri tutacaq. Qrupda hər oyun çətin olacaq, hər bir xal uğrunda meydanda sona qədər mübarizə aparmaq lazımdır”.

Diniyev ilk oyundan gözləntilərini də dilə gətirib: “Kosovo millisinə xüsusi diqqət yetirməliyik. Onların heyətində xarici klublarda çıxış edən xeyli oyunçu var. Albaniya millisi ilə yoldaşlıq görüşündə qazandıqları 3:0 hesablı qələbə də onların nə qədər yaxşı yığma olduqlarını göstərdi. İlk matçı evdə keçirəcəyik. Azarkeş və doğma meydan amili bu oyunda bizə müəyyən üstünlük verir. Startda yaxşı nəticə əldə etmək vacibdir”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında D Divizionunun III qrupunda yer alıb. Milli komanda bu mərhələdə Kosovo, Malta və Farer adaları ilə ilk pillə uğrunda mübarizə aparacaq. I turda rəqib Kosovo olacaq. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Sentyabrın 10-da isə Azərbaycan yığması Maltanın qonağı olacaq.