“Süni qida ilə böyüyən uşaqlarda ölüm halları 4 dəfə çoxdur”

0
28

K. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevin “Yeniavaz”a müsahibə verib. Həmin müsahibəni alpaninfo.com diqqətinizə çatdırır.

– Azərbaycanda uşaqların ana südü ilə qidalandırılması ilə bağlı vəziyyət necədi, sizi qane edirmi?

– Müstəqilliyimizin ilk illərində, yəni 1992-ci ildə araşdırılma aparılmışdı. Məlum olmuşdu ki, Azərbaycanda doğulan uşaqların cəmi 25 faizi ana südü ilə qidalanır. Onda süni qida qarışıqlarını hər yerdə reklam edirdilər. Daha sonra Səhiyyə Nazirliyinin nəzdində ana südü ilə qidalanma üzrə Milli Komitə yaradıldı. Ana südü ilə qidalanmanın təbliğini dövlət proqramına saldılar. 2003-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasinin Qanunu” qəbul olundu. Süni qida qarışıqlarının reklamı rəsmi şəkildə qadağan edildi. Təəssüflər olsun ki, bəzi özəl telekanallarda belə reklamlara rast gəlmək mümkündür.

Bu tədbirlər bu gün də davam edir. Səhiyyə Nazirliyində ” Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün DÖVLƏT PROQRAMI” qəbul olunub. Hazırda Bakı şəhərində doğulan uşaqların ana südü ilə qidalanma faizi 48-dir, regionlarda isə bu rəqəm 53. Bu da çox azdır. Məqsədimiz ölkəmizdə doğulan uşaqların azı 95 faizinin ana südü ilə qidalanmasına nail olmaqdır.

– Körpələrin ana südü ilə qidalandırılmamasının səbəbləri araşdırılırmı? Səbəb nədir?

– Tibbi nöqteyi-nəzərdən 2 faiz mümkündür ki, müxtəlif səbəblər ucbatından ananın südü olmasın və ya körpəsinə süd verə bilməsin. Qalan bütün səbəblər subyektiv səbəblər ilə bağlıdır. Subyektiv səbəblərin təsnifatında isə birinci yerdə ananın övladına süd vermək istəməməsi gəlir.

Süni qida qarışıqlarının geniş yayılması və təbliğ olunması da səbəblər sırasındadır. Süni qida qarışıqlarının istehsalı və satışı ilə məşğul olanlar çalışırlar ki, daha çox məhsul satıb, daha çox qazansınlar.

– Uşaq neçə yaşına kimi ana südü ilə qidalanmalıdır?

– Tibb və Qurani-Kərim deyir ki, 2 yaşına kimi uşağa ana südü verilməlidir. Qurani-Kərimin Bəqərə surəsi, 233-cü ayədə də bildirilir ki, uşaqlar 2 yaşına kimi ana südünə möhtacdırlar. Yəni ana südündən başqa uşağa hansı qidanı verirsən ver, uşağın təlabatını ödəmir. Təsadüfi deyil ki, uşaq yeməklərini süni qida qarışıqları adlandırırlar. Çünki onlarda təbii bir şey yoxdur. Həkimlər olaraq biz süni qida qarışıqlarını ölü qidalar adlandırırıq.

Övladını ana qədər istəyən ikinci bir adam yoxdur. Amma həmin ana uşağına ən böyük pisliyi, ən böyük qəsdi edir. Çünki uşaq ilk 6 ay ərzində ancaq ana südü ilə qidalanmalıdır. Həmin dövrdə ana südü uşağın bütün ehtiyacını ödəyir. Həm də uşağın sağlamlığını qoruyur. Uşağın baş beyni də daxil olmaqla, ümumi inkişafı normal gedir.

Təbiətdə elə bir canlı tapmazsınız ki, balasına başqa canlının südünü versin. Təbiətin bu qanununu vəhşi heyvanlar belə pozmur. Amma şüurlu insan pozur.

– Süni qidalar ilə böyüyən uşaqları nə kimi təhlükə gözləyir?

– Birincisi, süni qida qarışıqları ilə qidalanan uşaqlarda ölüm halları, ana südü ilə qidalanan uşaqlarla müqayisədə ən azı 4 dəfə çoxdur. Xəstələnmə halları isə 15 dəfə yüksəkdir. Uşaqlarda ishal xəstəlikləri süni qida qarışıqları yedizdirilən uşaqlarda ana südü ilə qidalanan uşaqlarla müqayisədə 17 dəfə çox yaranır. Görün nə qədər böyük fərq var.

– Bəzən həkimlər də uşaqlara süni-qidaları yazır. Bu barədə nə deyə bilərsiniz?

– Mən həkiməm, yanıma bir ana gəlir, 1 aylıq uşağı var. Deyirəm uşağa yeməyə nə verirsən, deyir südüm yox idi, ona görə uşaq yeməkləri alırıq. Uşağını əmizdirməyən ananın südü kəsilir və onu bərpa etmək çox çətindir. Belə vəziyyətlərdə həkim çalışır ki, ana südünə daha yaxın tərkibli süni qida tövsiyə etsin.

Məsələnin başqa bir tərəfi də var ki, süni qida qarışığı satan şirkətlər böyük şəbəkədir. Onlar çalışır ki, həkimləri də, ananı da ələ alsınlar və da çox məhsul satsınlar. Belə hallar ilə rastlaşırıq. Buna qarşı Səhiyyə Nazirliyi çox ciddi mübarizə aparır. Açıq deyəsi olsaq, süni qida qarışığı satan şirkətlər ilə həkimlərin sövdələşməsi hallarına daha çox özəl tibb müəssisələrində rast gəlirik. Ona da nəzarət etmək çətindir. Süni qida şirkətlərinin maddi imkanları genişdir, daha güclüdürlər. Buna görə də, onlar nə bilirlər, onu da edirlər.

P.S – Avropa ölkələri sırasında Norveç ən yüksək əmizdirmə rəqəminə malikdir. Burada 6 ayına qədər olan körpələrin 80%-i yalnız ana südü ilə qidalanır. Yüksək əmizdirmə faizinə malik olan ölkələr sırasında Macaristan, Latviya, İsveç, Avstriyanın da adı var.