Bu il nə qədər modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək?

0
28

Ölkəmizdə təhsilin inkişafına istiqamətlənən çox mühüm layihələr icra olunub. Belə ki, son 15 ildə ölkə ərazisində 3 mindən çox məktəb tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa edilib. Mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulub.

Məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi də diqqətdən yayınmayıb. Nəticədə ölkəmizdə geniş bazaya malik təhsil infrastrukturu formalaşıb. Göstərilən bu qayğı, bu diqqət sayəsində təhsilimiz tamamilə yeni mərhələyə qədəm qoyub.

Dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Belə ki, fondun təhsil sahəsində gördüyü işlər sırasında  reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu proses yalnız paytaxtı deyil, bölgələri də əhatə edib. Təbii ki, bütün bunlar təhsilin əsaslı təməl üzərində qurulmasına hesablanan siyasətin prioritetlərindəndir.

Bu sahənin dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün zəngin təbii sərvətləri, beynəlxalq layihələri ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil kimi qəbul edib. Bir də unutmayaq ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Prezident İlham Əliyev ADA Universitetində keçirilmiş məzun günündə deyib: “Təhsil hər bir dövlətin gələcəyidir. Bu sözlər dəfələrlə müxtəlif kürsülərdən səsləndirilib. Yəqin ona görə ki, bu, həqiqətdir, bu, doğrudan da belədir. Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir”.

Odur ki, respublikamızda yeni məktəb binalarının inşası, köhnə tədris müəssisələrinin bərpası və əsaslı təmiri, tədris ocaqlarının maddi-texniki bazalarıının möhkəmləndirilməsi, müəllimlərin iş, şagirdlərin isə təhsil şəraitinin yaxşılaşdırması istiqamətində işlər davamlı xarakter almaqdadır. Belə ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumatına görə, ötən il bütün mənbələr hesabına 71 məktəb inşa edilib ki, onlardan 61-i modul tiplidir. 44 rayon əhatə olunmaqla daha 100 azkomplektli və qəza vəziyyətindəki kənd məktəbi də modul tipli təhsil müəssisəsələri ilə əvəz edilib. Bu modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. Qeyd edək ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı,  istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Belə məktəb binalarının tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Yeri gəlmişkən, qeyd edək ki, ötən il Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Bu il respublikamızda 137 modul tipli təhsil müəssisəsi də istifadəyə veriləcək. Ümumilikdə, ölkənin 54 rayonu üzrə 193 obyektdə tikinti-təmir işləri aparılır.

Bir sözlə,  bu il də bir sıra təhsil müəssisələrimiz öz simalarının tanınmaz dərəcədə dəyişəcək, yeni tədris ilində öz şagird və müəllim kontingentini yeni görkəmdə qarşılayacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”