Azərbaycanın iqtisadi gücü artdıqca əhalinin sosial rifahı da yüksəlir

0
29

Prezident İlham Əliyev əhalimizin sosial rifahının daim yüksəldilməsinə xidmət edən proqramlar həyata keçirməkdə davam edir. Məhz bu kimi tədbirlərin nəticəsində ölkəmizdə cəmiyyətin bütün təbəqələrinin maddi güzəranı yüksəlib və Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasında yer alıb. Bu sahədə görülmüş işlərlə bağlı Milli Məclisin deputatı Musa Quliyevə bir neçə sualla müraciət etdik.

– Musa müəllim, sosial sahənin inkişafı prioritet istiqamətlərdəndir. Bu istiqamətdə ölkəmizdə müxtəlif layihələr reallaşdırılıb və reallaşdırılmaqdadır. Mümkünsə, həyata keçirilmiş həmin layihələrin xalqın social rifahında necə əksini tapmasını xarakterizə edərdiniz…

-Hər bir dövlətin əsas funksiyalarından biri xalqın maddi rifah halını durmadan yaxşılaşdırmaq, sosial müdafiəyə ehtiyacı olan  təbəqənin qayğısına qalmaqdır. Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət olmuşdur və bu gün də belədir. Heç də təsadüfi deyildir ki, dövlət büdcəmizin üçdə birindən çox hissəsi sosial sahələrin – sosial təminat, səhiyyə, təhsil, elm, mədəniyyət xərclərinin ödənilməsinə yönəlmişdir.

Cənab Prezident dəfələrlə vurğulamışdır ki, bizim siyasətimizin əsasında Azərbaycan xalqına ləyaqətli xidmət prinsipi dayanır. Ölkəmizdə sosial sahənin dinamik inkişafı əsaslı proqramlar şəklində 2004-cü ildən başlamışdır. Məhz bu ildə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı üzrə  5 illik  birinci Dövlət proqramı qəbul edilmişdir. İlk Proqram uğurla icra edildikdən sonra ikinci və üçüncü proqramlar da qəbul olundu. Gələn ildən, inşallah, dördüncü Dövlət Proqramının icrasına başlanılacaqdır. Bu proqramlar çərçivəsində ölkəmizin bütün regionlarının ahəngdar inkişafı təmin olundu; 3000-dən çox məktəb, 700-ə yaxın tibb müəssiəsi, yüzlərlə uşaq bağçaları, mədəniyyət və idman obyektləri, parklar  inşa edildi, bəziləri də əsaslı təmirdən sonra  vətəndaşlarımızın istifadəsinə verildi, 12 min kilometrə yaxın ən yüksək tələblərə cavab verən yollar çəkildi, yüzlərlə körpülər, yol qovşaqları salındı.

Dünyada iqtisadi-sosial həyatın proqramlarla inkişaf etdirilməsi ən effektli inkişaf modeli sayılır. Azərbaycan hokuməti də cənab Prezidentin tövsiyəsi və təşəbbüsü ilə bu modelə üstünlük verdi və çox uğurlu nəticələr də əldə edildi. Hal-hazıradək təhsilin modernləşməsi və inkişafı üzrə 30-dan cox, səhiyyə və sosial müdafiə sahələrinin inkişafı və islahatlar məqsədi ilə 25-dən artıq Dövlət proqramı qəbul edilib və icra olunmaqdadır.

Təkcə xaricdə təhsil proqramı vasitəsi ilə 2007-2015-ci illərdə 3000-dən çox gəncimiz dövlət vəsaiti hesabına dünyanın aparıcı ali təhsil müəssisələrində yüksək səviyyədə təhsil almış, onların əksəriyyəti  geriyə qayıdaraq ləyaqətlə Vətənimizin inkişafına öz töhfələrini verməkdədirlər. Bu gənclərin arasında yüksək dövlət vəzifəsi tutanlar – nazirlər, millət vəkilləri, komitə sədrləri, diplomatlar, yüksək ixtisaslı həkimlər, mühəndislər, müəllimlər və s. peşə sahibləri vardır.

Sosial-ictimai əhəmiyyət daşıyan 12 xəstəlik üzrə Dövlət proqramları qəbul olunub ki, bu  proqramlar çərçivəsində  hər il minlərlə xəstə insan tam dövlət təminatında öz sağlamlıqlarını bərpa etmək imkanı əldə edir. İcbari dispanserizasiya proqramı ilə hər il  beş milyondan çox insan tam dövlət vəsaiti hesabına müayinə və müalicəyə cəlb olunur.

Ünvanlı sosial yardım proqramının icrası ilə hər il yüz minlərlə aztəminatlı ailəyə sosial müavinət verilir. Peşə yönümü, məşğulluq, o cümlədən özünəməşğulluğun təmin edilməsi proqramları ilə hər il on minlərlə vətəndaşımız işlə təmin olunur.

Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, məcburi köçkünlərin sosial müdafiəsi proqramları da uğurla davam edir. Çox misallar gətirmək olar. Amma görünən kəndə nə bələdçi! Görünən də odur ki, bu gün Azərbaycan dövləti öz vətəndaşının layiqli sosial rifahını təmin etmək üçün çox uğurlu addımlar atır.

– Sosial məsələlərin həlli bilavasitə iqtisadi imkanlarımızla bağlıdır. Yəni iqtisadi göstəricilərimiz yaxşılaşdıqca bu, sosial sahəyə də öz təsirini göstərir. Bu sahənin inkişafında daha hansı amillər əsas rol oynayır?

– Hər bir ölkənin iqtisadi-sosial tərəqqisini şərtləndirən üç amil var: təbii ehtiyatlar, elmi yeniliklərə əsaslanan texnologiyalar, bir də insan  amili.  Əsas şərt isə təkcə bu qaynaqların olması deyil, məhz onlardan düzgün istifadəni təmin edən qanunların, sabitliyin, siyasi iradənin  olmasıdır. Allaha şükürlər olsun ki, bu gün müstəqil dövlətimizin inkişafı üçün bu şərait təmin edilib. Azərbaycanımızın başda karbohidrogen ehtiyatları olmaqla zəngin təbii ehtiyatları və imkanları vardır: neft və qazla yanaşı, Xəzər dənizinin bioresursları və sahilətrafı turistik imkanları, qızıl, mis-molibden, alüminium yataqları, mərmər, daş, qum, çınqıl kimi tikinti materialları ehtiyatlarımız, meşələrimiz, dağlarımız, bərəkətli torpaqlarımız və s. ölkəmizin sənaye, kənd təsərrüfarı və tutizm imkanlarını xeyli artırır.

Yeni texnoparkların, sənaye şəhərciklərinin salınması,  İKT sektorunun, hərbi sənayemizin  inkişafı, iki telekommunikasiya peykimizin kosmik orbitə çıxarılması  ölkəmizin texnoloji tərəqqisinin səviyyəsinin bariz göstəriciləridir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çox düzgün və uzaqgörən siyasətinin bir istiqaməti də neft kapitalının insan kapitalına çevrilməsi siyasətidir. Başqa sözlə, dövlətimizin iqtisadi gücünün, gəlirlərinin artması , ÜDM və dövlət büdcəsinin çoxalması, şübhəsiz ki, xalqımızın sosial həyatının yaxşılaşmasına xidmət edir.

Azərbaycanın iqtisadi gücü artdıqca əhalinin sosial rifahı da yüksəlir. Bütün dünyada qəbul olunmuş bir qayda var ki, hər bir ölkənin sosial inkişaf səviyyəsi onun iqtisadi gücü ilə düz mütənasibdir. Biznes və iqtisadiyyat sahəsində tanınmış beynəlxalq reytinq göstəricilərinə görə Azərbaycan insan inkişafı indeksi baxımından öz yerini ilbəil yaxşılaşdırır. Ölkəmizdə əhalinin sosial rifah halını şərtləndirən yaşayış minimum, orta aylıq pensiya, orta aylıq əməkhaqqı kimi göstəricilər, hər il inflyasıyanı qabaqlayan səviyyədə artır. Bizim məqsədimiz sağlam, təhsilli, mədəni, peşəkar, dünya bazarında rəqabət qabiliyyətli mütəxəssis kimi formalaşan nəsil yetişdirməkdir.

– İndiyədək ölkəmizdə sosial layihələrin heç biri təxirə salınmayıb.  Bu, təbii ki,  cənab Prezidentin sosial siyasətə daha çox önəm verməsinin nəticəsidir. Sizin fikrinizcə, sosial istiqamətdə daha hansı addımların atılmasına ehtiyac duyulur?

– Tamamilə doğrudur. Hətta 2014-cü ildə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ilə əlaqədar milli valyutamızın devalvasıyasından sonra belə heç bir sosial proqram nəinki məhdudlaşdırılmadı, hətta yeni sosial layihələr də meydana çıxdı. Bu gün xalqımıza uğurla xidmət edən “ASAN xidmət”, sosial evlər, “tarladan süfrəyə” xidmətini həyata keçirən aqroparkların yaradılması, müxtəlif  ölkələrdə  Azərbaycan sənaye və ticarət evlərinin açılması, özünüməşğulluq proqramlarının genişlənməsi, sosial müdafiə və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə DOST Agentliyinin yaradılması, işsizlikdən sığorta, əməyin mühafizəsi fondu  kimi onlarla layihə adı çəkə bilərik.

Yeni həyata keçiriləcək layihələrə gəldikdə icbari tibbi sığorta proramını xüsusi qeyd etmək istəyirəm. Bütün dünyada icbari tibbi sığorta modelinin tətbiqi ən əhəmiyyətli və mürəkkəb sosial layihə kimi tanınır.  Bu layihə hazırda ikinci ildir ki, pilot şəklində uğurla tətbiq edilir. Gələn ildən isə bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur. Hesab edirəm ki, daha bir faydalı sosial layihə təhsil kreditlərinin işə düşməsi ilə bağlı ola bilər.

Dərman təminatının yaxşılaşdırılması və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ölkə daxilində dərman istehsalının həyata keçirilməsini də yaxın illərin sosial layihəsi kimi qəbul edə bilərik. Gənc mütəxəssislərin, hərbi xidmərdən qayıdan gənclərin məşğulluğunun artırılması ilə bağlı proqramların olması, məktəblilərin, tələbə gənclərin asudə vaxtının səmərəli təşkili, xüsusilə yay istirahətlərinin təşkili ilə bağlı proqramların nəzərdə tutulması arzuediləndir.

Qvami Məhəbbətoğlu, “İki sahil”