Toxumçuluğun inkişafına dair Dövlət Proqramı hazırlanır

0
65

 

Bu gün kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxum məhsullarına tələbatlarının daxili istehsal hesabına ödənilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilir.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli  “İki sahil”ə açıqlamasında bildirib ki, ölkəmizdə bütün növ toxumlara tələbat var: “Biz bu gün daxili imkanlar hesabına ölkəni 100% toxumla təmin edə bilmirik. Ən çox taxılçılıq sahəsində toxum təminatı var ki, bu da təqribən 60%-dir”. Ekspert qeyd edib ki, hazırda tərəvəz  toxumuna daha ciddi ehtiyac duyulur: “Odur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bazasında 6 hektar örtülü, 30 hektar isə açıq sahədə böyük bir şəhərcik salınır, bunun da nəticəsində ölkədə tərəvəz toxumuna olan tələbatın 100 faiz ödənilməsi nəzərdə tutulur.

Burada kartof toxumu ilə bağlı xususi tədbirlər də həyata keçirilir. Belə ki, həmin institutun bazasında kartofçuluq üzrə böyük toxumçuluq təsərrüfatı yaradılır. Təbii ki, bu addımlar  respublikamızın toxuma olan tələbatını daxili imkanlar hesabına ödəməyə imkan verəcək”.

Toxumculuq sisteminin yenidən qurulmasında, həmcinin  innovativ texnologiyarın tətbiqi istiqamətində beynəlxalq təcrübədən istifadə edildiyini vurğulayan ekspert bildirib ki, 5 rayonda (Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad) gücü saatda 5 ton olan toxumtəmizləmə  müəssisələri tikilir: “Onlardan ikisi bu il istifadəyə veriləcək. Bu müəssisələrdə toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçiriləcək. Bir sözlə, bu sahədə həyata keçirilən bütün tədbirlərin əsas hədəfi yerli istehsal hesabına ölkəni yüksək keyfiyyətli sertifikatlı toxumla təmin etməkdir. Şübhəsiz, bu işlər sahmana düşəndən sonra  fermerlər və əkin-bicinlə məşğul olan digər şəxslər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi tarlalara səpməyəcəklər. Yəni onlar sertifikatlı toxumlardan istifadə etməklə yüksək və keyfiyyətli məhsul əldə edə biləcəklər. Şübhəsiz, buna da nail olunacaq. Unutmayaq ki, son illərdə ölkəmizdə özünü doğrultmayan bir plan, bir tədbir, yaxud dəf edilməyən hədəf olmayıb”.

Nicat Nəsirli qeyd edib ki, hazırda toxumculuğun və tingciliyin inkişaf etdirilməsinə dair Dövlət  Proqramının layihəsi hazırlanır. Həmin proqram təsdiq olunduqdan sonra toxumculuq sektoru elmi yanaşma ilə innovasiya əsasında daha sanballı inkişaf etdiriləcəkdir.

Qvami Məhəbbətoğlu