Əmək qabiliyyətli yaşda ölənlərin çoxu kişilərdir

0
23

Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin böyük əksəriyyəti kişilərdir.

Əmək qabiliyyətli yaşda ölənlər arasında kişilərin sayının çoxluq təşkil etməsi 1990-cı ildən sonrakı bütün illər ərzində müşahidə edilir.

1990-cı ildə əmək qabiliyyətli yaşda olan 11030 nəfər dünyasını dəyişib ki, onun 8280-i kişi, 2750-i qadın olub.

2017-ci ildə Azərbaycanda 17866 nəfər əmək qabiliyyətli yaşda olarkən dünyasını dəyişib ki, onların da 12767-i kişi, 5099-u qadın olub.

Ötən 27 il ərzində əhalinin hər 1000 nəfərinə düşən əmək qabiliyyətli yaşda olan qadın ölümlərinin sayı nisbətən artıb, kişi ölümlərinin sayı isə azalıb.

Əhalinin hər 1000 nəfərinə düşən əmək qabiliyyətli yaşda olan qadın ölümlərinin göstəricisi 1990-cı ildə 1,4 , 2017-ci ildə 1,5 olub. Əhalinin hər 1000 nəfərinə düşən əmək qabiliyyətli yaşda olan kişi ölümlərinin sayı 2017-ci ildə 1990-cı ildəki 4,2 göstəricisindən 3,7-ə enib.

Qeyd edək ki, 1998-ci ilədək kişilər 16-59, qadınlar – 16-54 yaşda, 1998-ci ildə kişilər 16-60, qadınlar 16-55 yaşda, 1999-cu ildə kişilər 15-60, qadınlar 15-55 yaşda, 2000-2009-cu illərdə kişilər 15-61, qadınlar 15-56 yaşda olduqda əmək qabiliyyətli yaşda olmuş hesab ediliblər.

Sonrakı illərdə isə bu göstərici nisbətən dəyişib və 2017-ci ildə əmək qabiliyyətli dövr kişilər üçün 15-62,5, qadınlar üçün 15-59,5 yaş olub.

(Trend)