III tura start verilir

0
219

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Üçüncü tura “Qəbələ”–“Sumqayıt” oyunu ilə start veriləcək. “Qəbələ” şəhər stadionunda keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.

“Sumqayıt”la “Qəbələ” yeni mövsümə fərqli formada başlasa da, hər ikisinin 3 xalı var və müvafiq olaraq, 2 və 3-cü pillələrdə qərarlaşıblar. Maraqlıdır ki, hər iki kollektiv “Neftçi”yə uduzub. Əvəzində, “qırmızı-qaralar” evdə “Səbail”i 3:0, sumqayıtlılar isə səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

Günün digər oyunu “Zirə” ilə debütant “Sabah” klubu arasında olacaq. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün matç “Dalğa Arena”da keçiriləcək. İlk turda “Keşlə”ni bir cavabsız qolla məğlub edib, növbəti turda “Sumqayıt”a uduzan “Sabah” beşinci sıradadır. “Qarabağ”la oyunu təxirə salınan, evdə “Keşlə” ilə 2:2 hesabı ilə heç-heçə edən “Zirə” isə altıncı pillədədir. Oyunda ədaləti təmin etmək Orxan Məmmədova tapşırılıb. Matç Bakı vaxtı ilə saat 20:30 başlayacaq.

Avqustun 26-da keçiriləcək iki oyun ilə Topaz Premyer Liqasının ikinci turuna yekun vurulacaq.

Günün ilk oyununda “Keşlə” “ASK Arena”da “Səbail” qonaq edəcək. Ömər Paşayevin idarə etdiyi qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Üçüncü turun maraqla gözlənilən oyunu “Azərsun Arena”da baş tutacaq. “Neftçi” komandası son çempion “Qarabağ” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Turun mərkəzi qarşılaşmasını idarə etmək Əliyar Ağayeva tapşırılıb. İlk turda “Neftçi” səfərdə “Sumqayıt” klubunu (2:0), ikinci turda isə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın ilk turda avrokuboklara görə “Zirə” ilə oyunu təxirə salınıb. İkinci turda isə ağdamlılar səfərdə “Səbail” klubundan üstün olub (2:0).