“Təhsil işçiləri bu qayğını dəyərləndirməyi bacarmalıdırlar”

0
265

Yeni  tədris ilinin başlanmasına sayılı günlər qalıb. Şagirdlər, valideynlər yeni dərs ilinə hazırlaşırlar. Hər bir valideyn öz övladını imkanı daxilində dərs ləvazimatı ilə təmin etməyə çalışır. Mingəçevir məktəbləri də öz şagirdlərini gözləyir. Lakin bu sevinci digər təmirsiz məktəblərin şagirdləri yaşaya bilməyəcəklər. Çünki Mingəçevirdə hələ də təmirsiz məktəblər qalır. Zaman-zaman bu məktəblərdə təmir olunub şagirdlərin ixtiyarına veriləcək.

Bu günlərdə Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdir müavini əvəzi  Bəxtiyar Mahmudovdan  ali məktəblərə qəbul olan, yeni dərs ilinə hazırlıqla, görülən və görüləcək işlərlə bağlı yeni məlumatlar aldıq. Bəxtiyar Mahmudovun sözlərindən məlum oldu ki, Mingəçevir təhsili həmişəki kimi, yenə də yüksək keyfiyyəti ilə öndədir: “Belə ki, bu il də ali məktəblərə qəbul imtahanları zamanı mingəçevirli abituriyentlər  yüksək nəticə göstəriblər. Belə ki, 2017-2018-ci tədris ilində Mingəçevir şəhər ümumtəhsil məktəblərinin 789 məzunundan 650 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib və onlardan 66 nəfəri, yəni 10%-dən çoxu 600-dən yuxarı bal toplayaraq respublika birinciləri sırasında qərarlaşıblar. 600-700 intervalında bal toplayan məzunların sayının çoxluğuna görə Təbiət-Riyaziyyat Humanitar Elmlər Təmayüllü Lisey (TRHETL), Texniki Humanitar Lisey (THL) pilot sinilfəri, (İstək liseyi) THL, 18 №-li, 10 №-li tam orta məktəblər fərqləniblər”.

“Bununla uğurlar bitmir”, –  deyən Bəxtiyar müəllim daha sonra qeyd edib ki, 10 nəfər şagirdimiz qızıl medala , iki nəfər şagirdimiz isə gümüş medallara layiq görülüb: “Mingəçevir təhsilinin uğurları ötən il də özünü biruzə verib.  Bununla yanaşı, digər məktəblərimiz də var idi ki, onlar ürəkaçan nəticə göstərmirdilər. Amma həmin məktəblər bu il özlərini doğrultdular. Güman edirəm ki, məktəblərimiz bu uğurları əldə saxlayacaq, hər an  müsbətə doğru irəliləyişə nail olacaq, ümidləri doğruldacaqlar. Dövlətimizin təhsilə göstərdiyi qayğı hər kəsə yaxşı məlumdur. Ona görə də biz təhsil işçiləri bu qayğını dəyərləndirməyi bacarmalıyıq”.

 

Həmsöhbətimizin sözlərinə görə, bu il 6-7-ci siniflər arasında keçirilən fənn olimpadaları təşkil olunub:” Bu yarışlarda 2  mingəçevirli şagird  2-ci yerə layiq görülüblər. Onlardan biri İstək liseyinin şagirdi, digəri isə THL şagirdidir. Bundan başqa məktəbəqədər hazırlıq qruplarına uşaqların  qəbulu əvvəlki illərdən fərqli olaraq onlayn sistemi ilə aparılıb”.

Hər bir müəllimin, təhsil işçisinin üzərinə düşən vəzifəyə gəlincə, həmsöhbətimiz: “Biz müəllimlər gələcəyimizə layiqli övladlar yetişdiririk. Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabahımızı onlara həvalə edəndə narahat olmayaq. Eyni zamanda cəmiyyətimizə təhsillə yanaşı, layiqli vətəndaş yetişdirməliyik. Buna görə də hər bir müəllimin, valideynin üzərinə böyük məsuliyyət düşür. Mənə elə gəlir ki, biz bu məsuliyyətdən boyun qaçırmamalıyıq”,- dedi.

Esmira Hidayətova, Mingəçevir