Dərs ilimizi sentyabrın 1-də başlasaq, daha faydalı olar

0
91

Yaxın keçmişə qədər dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da dərslər sentyabrın 1-də başlayardı. Həmin gün bizə elə gəlirdi ki, bütün dünya öyrənməyə başlayır. Yeni fəsil yeni dərs ilinin başlanması ilə necə də həmahəng idi! Sentyabrın ilk günlərindən payızın sərinliyi hiss olunur, günlər keçdikcə şagirdlər də məktəb həyatına uyğunlaşırdılar. Bu uyğunlaşma sentyabrın ortasına qədər davam edirdi.

“Sentyabr” sözü latınca “septum” – “yeddi” deməkdir. “Yeddi” bir çox mədəniyyətlərdə uğurlu rəqəm hesab olunur. Dünyanın yaradılışı, göyün yeddi təbəqəsi, həftənin günləri, səslər, rənglər və s. də “yeddi” ilə əlaqədardır. Sentyabr həm də payız fəslinin birinci ayıdır. İlin yeddinci ayı olsa da, “sentyabr” sözünün məzmununda müqəddəslik, “başlanğıc” mənası duyulur.

Bir faktı da qeyd etmək yerinə düşərdi ki, yeniliyə açıq olmaq zəmanəmizin tələbidir. Lakin hər yenilik, həm də illərin sınaqlarından keçib gələn bir köhnəliyin üstündən xətt çəkmək deməkdir. Bütün ənənələri yeniliyə qurban vermək də insafdan deyil. Dərslərin sentyabr ayının əvvəlində başlanmasının qədim tarixi var. Bu ənənə böyük çex pedaqoqu Yan Amos Komenskidən (1592-1670)  başlanır. Əvvəlcə Komenskinin kim olduğuna qısa bir nəzər salaq.

Çex pedaqoqu Yan Amos Komenski dünya pedaqoji fikrinin və məktəb sisteminin inkişafı və təkmilləşməsinə böyük təsir göstərmişdir. Leybnitsin fikrincə, Komenskinin pedaqoji elmin inkişafında xidmətlərini Dekart və Bekonun fəlsəfənin, Kopernikin də astronomiyanın inkişafında göstərdikləri ilə müqayisə etmək olar.

Komenski həm də didaktika elminə gətirdiyi yeniliklərlə məşhurdur. Dərs ili, onun rüblərə bölünməsi, sinif dərs sistemi, şagird biliyinin qiymətləndirilməsi və qeydə alınması, dərs gününün müddəti, ibtidai təhsilin altı yaşdan başlanması və s. kimi bu gün də əhəmiyyətini saxlayan yeniliklər görkəmli pedaqoqun adı ilə bağlıdır.

Komenski tərəfindən irəli sürülmüş tərbiyənin təbiətə uyğunluğu ideyası sonralar böyük pedaqoji nəzəriyyəçilər Russo, Pestalotsi, Disterverq və başqalarının yaradıcılığında da xüsusi yer tutmuşdur. Komenski qeyd edirdi ki, insan təbiətin bir parçasıdır və o, bitkilər, heyvanlar aləmində cərəyan edən ümumi qanunlarla fəaliyyət göstərir. Komenskiyə görə, “məktəbin dəqiq quruluşunu təbiətdən öyrənmək lazımdır”. Onun “Real aləm şəkillərdə” adlı kitabı bir çox ölkələrdə 150 il dərs vəsaiti kimi istifadə olunub. Böyük alman şairi Höte dərs aldığı həmin kitabı “nümunəvi kitab” adlandırmışdı.

  1. A. Komenski tərbiyənin roluna çox yüksək qiymət verərək deyirdi ki, tərbiyənin gücü ilə istənilən uşaqdan insan yaratmaq olar.
  2. A. Komenski elmdə əyaniliyi çox yüksək dəyərləndirirdi. Didaktikanın “qızıl qaydası” adlanan bu nəzəriyyəyə görə, hisslərlə dərk olunan hər şeyi hisslərə, görünəni gözlərə, eşidiləni qulaqlara, qoxunu buruna, dadı damağa həvalə etmək lazımdır. Əgər bu və ya digər təlim materialını bir neçə üzvün iştirakı ilə dərk etmək mümkündürsə, buna da imkan yaradılmalıdır.

***

Dərs ilinin dünyada müxtəlif vaxtlarda başlanması ölkələrin hava, iqlim, fəsil və adət-ənənələri ilə bağlıdır. Lakin əksər ölkələrdə, Cənub Yarımkürəsi istisna, dərslər sentyabrın 1-də başlanır. Yaxın qonşumuz Rusiya Federasiyasında 1935-ci ildən bəri bu ənənə davam edir. Estoniya, Sloveniya, İtaliya, İrlandiya, Tayvan, Səudiyyə Ərəbistanı, İsrail, Çin, Somali, Efiopiya və başqa ölkələrdə də yeni dərs ili sentyabrın 1-də başlanır.

ABŞ-da dərslər niyə sentyabrın 1-də başlanmır? Bu, həmun ölkədə, adətən, sentyabrın birinci bazar ertəsində Əmək Günü (Labour Day) qeyd olunması ilə bağlıdır. Həmin gün nəqliyyat sıxlığı problemlər yaradır. Bunu nəzərə alaraq, ölkənin bəzi yerlərində dərslər avqustun ortası və ya sonunda başlanır.

***

Heç kəsə sirr deyil ki, aprel ayı bitər-bitməz Azərbaycanda, xüsusilə Bakıda havalar istiləşir. Bəzən 30 dərəcədən yuxarı istilər müşahidə olunur. Bu dövrdə əksər insanlarda, daha çox da şagirdlərdə yaz yorğunluğu özünü göstərir. Sentyabrın əvvəlindən başlayaraq havalar soyumağa başladığı halda, iyunda temperatur getdikcə yüksəlir. Daha bir amil də yuxarıda qeyd etdiyimiz “uyğunlaşma” dövrüdür. Şagird və pedaqoji kollektivin tam səfərbər olması üçün ən azı iki həftə lazım gəlir. Bu o deməkdir ki, yeni dərs ilində sentyabr ayı yoxdur.

Amerikanın Harvard başda olmaqla üç nüfuzlu universitetinin isti havanın tədrisə təsiri ilə əlaqədar apardığı və bu sahədə ilk olan araşdırmasına görə dərs ili ərzində normadan artıq isti hava zəif qiymətlərə səbəb olmuşdur. Tədqiqatçıların fikrincə, orta temperaturun 0.55ºC artması öyrənmənin bir faiz enməsinə səbəb olmuşdur. Alimlər həm də qlobal isinmənin öyrənməyə təsirindən narahatdırlar. (https://breakingnewsenglish.com/ )

Zehni əməyin yorucu olmasını da bunun üzərinə əlavə etsək, iyun ayında keçilən dərsin səmərəliliyi haqqında hansı müsbət rəqəmlərlə danışmaq olar? Bunun yerinə, dərs ilimizi on illər boyunca olduğu kimi, sentyabrın 1-də başlasaq, daha faydalı olar. Bu, həm şagirdlərimizin səhhəti, biliklərə yiyələnməsi, həm də yaxın-uzaq ölkələrlə uyğunluq baxımından əhəmiyyətlidir. Əgər Azərbaycanda dərs ilinin uzadılması sırf tədrisin yüksəldilməsi məqsədi ilə tətbiq olunursa, bunun üçün həm öz  pedaqoqlarımızın, həm də dünya təcrübəsinin potensialından bəhrələnmək olar.

Tədris səviyyəsi dünya standartlarının üstündə olan ölkələrdə dərsin səmərəliliyini o səviyyəyə çatdırmağa çalışırlar ki, ev tapşırığına çox ehtiyac olmasın. Müəllimlər dərsi dərsdə elə mükəmməl öyrədirlər ki, ev tapşırığını minimuma endirir, ya da heç ev tapşırığı vermirlər. Sovet dövründə də “dərsi dərsdə öyrədək” prinsipi çox aktual idi.

***

Biliklərin səmərəli şəkildə öyrənilməsində dərsliklərin də rolu yüksəkdir. Dərsliklər həm əlavə məlumatlarla dolu olur, həm də dili o qədər ağır, akademik səviyyədə yazılır ki, bir neçə dəfə oxunmadan başa düşülmür.

Maddi-texniki baza da tədrisin səmərəliliyinin artırılmasında böyük rol oynayır. Elektron lövhələrin imkanlarından maksimum istifadə etməyin müəllim əməyinin yüngülləşməsində, biliyin intensiv öyrənilməsində və şagirdlərin marağını artırmaqda nə qədər əhəmiyyətli olduğu həmin lövhələrdən istifadə edənlərə yaxşı məlumdur.

Pedaqoji kadrların hazırlanması daha ciddi amildir. Təcrübə göstərir ki, sözün əsl mənasında, müəllim hazırlamaq üçün, sadəcə, həmin fakültəni qazanan gənclərə diplom verib yola salmaq kifayət deyil, onları ən çətin bir sənətlə yaşamağa və onu yaşatmağa pedaqoji və mənəvi cəhətdən mükəmməl hazırlamaq lazımdır. Məsələn, təhsilin keyfiyyət səviyyəsinə görə dünyada birinci yeri tutan Finlandiyada ən çətin peşə müəllim olmaqdır. Hər il müraciət edən 5000 ərizəçinin yalnız 10% pedaqoji fakültələrə qəbul olunur. (What makes education in Finland that good?-Finlandiyada təhsili bu qədər yaxşı edən nədir?.. Bert Maes 2010)

Fikrimizcə, dərs ilini sentyabrın 1-də başlamağın heç bir qeyri-adi tərəfi yoxdur. Çünki kurikulumun 2-ci səciyyəvi xüsusiyyəti “Şagirdyönümlülük – təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir”.

***

Bunlar, qeyd etdiyim kimi, mənim şəxsi fikirlərimdir. Ölkəmizdə pedaqoji elmin kifayət qədər yüksək səviyyəli kadrları var. Onların mövqeyini öyrənmək də həm maraqlı, həm də təhsil kimi strateji bir sahənin daha da inkişafı üçün faydalı olardı.

Rahib Sədullayev

ADPU-nun Quba Filialının ingilis dili müəllimi,

Qabaqcıl təhsil işçisi