Mağar toyunun üstünlükləri

0
665
Azərbaycan dilinin izahlı lüğətində mağar sözünün izahı belə verilib: “Toy və yas məclisləri üçün qurulan böyük çadır”. 
“Palatka” sözünə isə lüğətdə ümumiyyətlə rast gəlmədim. Bunu ona görə yazıram ki, mağar deyəndə söhbətin nədən getdiyini qarışdırmayasınız. Bəli, bir zamanlar toy edənlər üçün vazkeçilməz hesab edilən mağarlar artıq demək olar ki, unudulub. Toylarımızın bəzəyi olan mağarlar indi daha çox yas məclislərində istifadə olunur. İş o yerə çatıb ki, indi şadlıq evlərində toy etmək hətta ucqar kəndlərdə də dəb halını alıb. Halbuki, şadlıq evlərində toy etmək toy sahiblərini bir neçə dəfə xərcə salır. Bəs insanlar mağar toylarını qoyub niyə şadlıq evlərinə üz tuturlar?

Bu yaxınlarda yeganə övladı Akşin bəyə şadlıq evində toy çaldıran Sakit Əhmədov mövzu ilə bağlı sualımıza belə cavab verdi: “Bir oğlum var. Sözün açığı, çox istəyərdim ki, onun toyunu öz həyətimdə – mağarda edim. Amma vaxt baxımından bu mümkün olmadı. Bildiyin kimi, biz Rusiyada yaşayırıq və vaxt az olduğu üçün belə düşündük ki, çatdıra bilməyəcəyik. Toyu öz həyətində etmək üçün – bu, xüsusən kənd yerlərində yaşayanlara aiddir – gərək həyət-bacanı yaxşı təmizlətdirə, səliqə-sahmana salasan. İkincisi, toyu öz həyətində edən ailənin qohum-əqrabası da aktiv olmalıdır, kömək etməlidir. Çünki bütün iş həm də onların üzərinə düşür. Bundan başqa, heyvan alınmalı, kəsilməli, mağar danışılmalı, qab-qaşıq icarəyə götürülməli, meyvə-tərəvəzindən tutmuş ən xırda ərzaq ehtiyacına qədər hər şeyin siyahısı tutulmalı, alınmalıdır. Bunların hamısı nəzarət tələb edir”.

 

Xanımlar şadlıq evlərini təkid edirlər?

Sakit Əhmədov deyir ki, bəlkə də toya hazırlıq baxımından kişi işlərini çatdırıb görmək mümkündür, amma xanımların da işi çox olduğu üçün vəziyyət qəlizləşir: “Mənim fikrimcə, toyların şadlıq evlərində edilməsində zərif cinsin nümayəndələrinin təkidi də az rol oynamır. Çünki bəzən xanımlar həyəcanlanırlar ki, qonaqları razı salmaq mümkün olmayacaq, kömək olmayacaq, işi çatdıra bilməyəcəyik və s. Kişilər də onların sözlərini nəzərə alıb şadlıq evlərini seçirlər”.

Müsahibimiz şadlıq evində etdiyi toydan 4000 manat ziyanla çıxdığını dedi: “Hələ biz rayon yerində yaşayırıq. Burada şadlıq evində stolların qiyməti baha deyil. Buna rəğmən, 5000 manat borclu qaldım. Halbuki, hesablama apardıq və belə aydın oldu ki, oğlumun toyu həyətimizdə olsaydı, ən azı 2-3 min manat qazancımız olardı”.

Müsahibimiz yaxınlarının və özünün etdiyi toya əsasən belə qənaətə gəlib ki, mağar toyu doğrudan da əziyyətli olsa da, maddi baxımdan sərfəli və yaddaqalan keçir.

 

Mağar toyunun üstünlükləri nələrdir?

Bu, hələ rayon yerində şadlıq evində toy etmiş şəxsin dedikləridir. İndi görün Bakıda vəziyyət necədir. Bakıda hətta toy edib şadlıq evinə borclu qaldığı üçün girov saxlanılanlar da olub.

Qeyd edək ki, Azərbaycanda şadlıq evlərində toy ənənəsi əsasən 90-cı illərdən başlayaraq populyarlıq qazanıb. Buna daha çox toyda əlavə əziyyət çəkməmək üçün toy yiyəsinə bir xidmət kimi baxılırdı. İndi şadlıq evləri toy edənlər üçün əməlli-başlı xərc-xəsarət yuvalarına çevrilib. Necə deyərlər, insanlar ziyana düşəcəklərini bilə-bilə burada toy edirlər.

Bəs mağar toyunun üstünlükləri nələrdir?

Öz toyunu və ya övladının toyunu mağarda etmiş şəxslər arasında keçirdiyimiz sorğu əsasında gəldiyimiz ümumi nəticəni belə qruplaşdırdıq:

1. Kənd toyu əziyyətli olsa da, daha yaddaqalandır.

2. Mağarda toy edənlər əksər hallarda borclu qalmırlar.

3. Mağarda toy edib hətta qazanclı çıxanlar, artıq qalan pulla başqa problemlərini həll edənlər var.

4. Mağar toylarında şadlıq evlərində edilən toylardan fərqli olaraq səs-küy az olur. Ona görə də insanlar bir tikə çörək yeyən kimi baş ağrısından əziyyət çəkmirlər, nəmər yazdırıb evə getməyə tələsmirlər.

5. Şadlıq evlərində keçirilən toylarda əksərən gənc və orta nəslin nümayəndələri iştirak edirlərsə, mağar toylarına hər yaş qrupunda olanlar qatılıtlar.

6. Artıq qalan qidalar itkiyə getmir.

7. Mağar toyunda qonaqlara köhnə yemək vermək ehtimalı sıfır olur. Çünki yeməyi ev sahibi bişirtdirdiyi üçün hər şey təzə olur.

8. Şadlıq evlərindən fərqli olaraq mağar toylarında menyünü toy sahibi özü müəyyən edir.

9. Toya hazırlıq işlərində əksər qohum-qonşu iştirak etdiyi üçün sosial fəaliyyət olaraq da faydası böyükdür.

10. Bəzi bölgələrdə yemək və çalğı mağarı ayrı olduğu üçün tərəfdarları çoxdur.

Mənfi cəhətinə gəlincə, bir çox insanlar mağar toylarında xidmətin zəif olduğunu düşünürlər. Amma indi bu problemi də həll etmək mümkündür. Belə ki, şadlıq evlərində çalışan ofisiantlar dəvət edəndə kənd toylarında da ofisiantlıq edirlər…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here