Prezidentlər Aktauya toplaşır

0
21

Xəzər ətrafında uzun müddətdir cərəyan edən mübahisələr və dənizin statusu ilə bağlı bəzi problemlərin hələ də həll olunmaması fonunda bu sammiti müsbət hadisə kimi qiymətləndirirəm.

Bu sözləri axar.az-a Xəzəryanı dövlətlərin prezidentlərinin beşinci zirvə toplantısı ilə bağlı danışan fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, növbəti sammit Xəzəryanı dövlətlərə həm dənizin statusunu müəyyən etməyə, həm də gələcəkdə birgə iqtisadi layihələri həyata keçirməyə imkan verəcək:

“Gözlənilən sammiti bundan əvvəlki çətin dövrün yekunu kimi qiymətləndirirəm. Çünki gələcəkdə dənizdən daha da səmərəli məqsədlərin istifadəsi istiqamətində yeni addımların atılması gözlənilir. Birincisi, Azərbaycan ekoloji şərtləri nəzərə alaraq dənizin dibindən çəkiləcək neft, qaz kəmərləri ilə Xəzəryanı dövlətlərlə mühüm iqtisadi əməkdaşlıqda maraqlıdır. İkincisi, Xəzərdə olan balıq resurslarının birgə layihələr çərçivəsində çoxalması qarşıda görüləcək ən vacib tədbirlərdən biri olacaq. Çünki Xəzərdə nərə balıqlarının sayı ildən-ilə azalır. Bu da ekoloji baxımdan mühüm bir məsələdir. Dənizin çirklənməsi böyük problemdir və Xəzəryanı dövlətlərdən birgə fəaliyyət tələb edir”.

Ekspertin sözlərinə görə, Xəzər gölünün beş dövlət tərəfindən ayrıca bir status şəklində dəniz hövzəsi kimi qəbul olunması heç də dənizinin adının dəyişdirilməsinə dəlalət etmir:

“Ümidvarıq ki, imzalanacaq saziş Azərbaycanın dəniz sektorunda mövqelərini hüquqi, iqtisadi, siyasi baxımdan möhkəmləndirəcək və gələcəkdə Xəzəryanı ölkələrlə neft-qaz kəmərləri vasitəsilə daha da geniş iqtisadi əlaqələrə şərait yaradacaq. Azərbaycanın Xəzərlə bağlı siyasi mövqeyi öz qüvvəsini bu gün də qoruyur və bu sazişdə də öz əksini tapıb”.

Qeyd edək ki, Xəzəryanı ölkə başçılarının görüşü avqustun 12-də Qazaxıstanın Aktau şəhərində baş tutacaq.