“Bu yanğını törədənlər tənbəl insanlardılar”

0
31

Taxıl yığımı yekunlaşdıqdan sonra bəzi fermerlər növbəti əkini rahat aparmaq üçün biçilmiş sahələrə od vururlar. Quru halda olan arpa, buğda sahələri tez bir zamanda alovlanaraq ətrafa yayılır. Bəzi vaxtlar yanğın yaşayış məntəqələri üçün təhlükə olduğundan yanğınsöndürənlər ərazilərə çağrılır. Sahələrin yandırlması nəticəsində torpaqların ziyan görməsi ilə yanaşı, yaşıllıqlar da məhv olur. Rayonlarda yandırılan bir neçə sahənin alovlanması zamanı ərazidə olan yaşıllıq zolaqları ziyan görüb. Bununla bağlı əhali də narahatlıq keçirib.

Yevlax rayonunun Nemətabad kəndinin sakini Saniyə Ridvanova deyir ki, köhnə adamlar bilirdi ki, torpağın üstündə od yananda torpağın gəlir gətirən hissəsi məhv olur: “Gələcəkdə həm məhsul azalır, həm də qonşu sahənin adamı da ziyan görür. Bu həm də ekologiyaya ziyan vurur. Bu yanğını törədənlər tənbəl insanlardılar. Onlar taxıl biçildikdən sonra səhəni təmizləməyə əziyyət çəkirlər. Ona görə də od vurub işlərini bitmiş hesab edirlər. Yandırdıqları saman yemlə bərabər üyüdülsə, mal üçün keyfiyyətli qidadır. İndiki fermerlər bunu çətin başa düşürlər. Bu il bir hektardan 30 sentner məhsul götürürlərsə, gələn il 15 sentner götürəcəklər, nə qədər gübrə də verilsə, xeyri olmayacaq”.

Digər Nemətabad kənd sakini Əli Gözəlov da bu yanğınların törətdiyi fəsadlardan narahat olduğunu bildirib: “Onlar torpağa ziyan vururlar. Biz bir kənd sakini kimi buna etirazımızı bildiririk. Bundan əvvəl ata-babalarımız yaşayıb bu kənddə. Onların dediyinə görə əvvəllər belə hallar olmayıb”.

Esmira Hidayətova, Yevlax