Kösövləri çəkməyin vaxtı çatıb

0
22

Bu gün Ermənistan od üstündə qaynayan qazana bənzəyir. Baş nazir Nikol Paşinyan  sadəcə, həmin qazanın qapağını bir az aralamaqla və onun buxarını çıxarmaqla, daha doğrusu,  bir zamanlar ona pislik etmiş adamları cəzalandırmaqla, onları həbslərə atmaqla, gah Qərbə, gah Rusiyaya üz tutmaqla bu qaynamanı ram etməyə, daşmasının qarşısını almağa səy göstərir. Amma onun bu cəhdləri heç bir səmərə vermir. Əksinə, problemlər məngənəsində boğulan Ermənistanda vəziyyət getdikcə mürəkkəbləşir. Məsələn, sabiq prezident Robert Koçaryanın və digərlərinin həbsləri Ermənistanda yeni müxalif qütbün formalaşmasına gətirib çıxarıb. Artıq  özünü erməni xalqından daha çox düşünən Nikol Paşinyanın Kreml əleyhinə olan siyasəti, yeni ağa axtarışı bu işğalçı ölkənin Rusiyadakı dayaqlarını da laxlatmaqdadır. Lazımsız mal kimi ortada qalmış Nikol Paşinyanın bu kimi bolşeviksayağı gedişləri xaricdəki himayədarlarını da ondan uzaqlaşdırmaqdadır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın NATO qüvvvələri ilə təlimlərdə iştirakı isə Rusiyanı lap hövsələdən çıxarıb. Rusiya Ermənistan rəhbərliyinin bu addımlarına sərt reaksiya verib. Hətta indi iş o yerə çatıb ki, Rusiyanın bəzi politoloqları ağız dolusu təriflədikləri Nikol Paşinyanı kəskin tənqid edirlər, onu avantürist adlandırırlar.

Digər tərəfdən, işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldırmaqda çətinlik çəkir. Odur ki, ağır sosial-iqtisadi şəraitin hökm sürdüyü ölkəni daha çox insan tərk edir. Şübhəsiz, bu vəziyyət Ermənistanda demoqrafik vəziyyətin ağırlaşmasına gətirib çıxaracaq. Korrupsiya halları, yoxsulluq səviyyəsi də bu ölkənin sürətlə çökməsinə öz “töhfə”sini verir.  Amma nədənsə insan haqlarından, demokratiyadan dəm vuran beynəlxalq təşkilatlar bütün bunlara göz yumur, işşğalçı ölkəyə qarşı ciddi addımlar ataraq sanksiyalar tətbiq etmirlər. Çox güman ki,  bütün bunlar Ermənistanı əzizləməkdən başqa bir şey deyil.

Bu yaxınlarda Brüsseldən əliboş qayıtmış Nikol Paşinyan isə ölkə iqtisadiyyatını dirçəltmək, əhaliyə gün ağlamaq məqsədilə dünya dövlətlərindən imdad diləməkdə davam edir. Bu günlərdə o, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə də zəng edərək ağız açıb. Məlumata görə, telefon danışığı zamanı Paşinyan və Nazarbayev ikitərəfli münasibətlərlə yanaşı,  KTMT-nin fəaliyyətini də müzakirə ediblər. Qeyd edək ki, Qazaxıstan Ermənistanın müttəfiqi sayılsa da, Azərbaycanla əlaqələrdə maraqlıdır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Çox güman ki, Nazarbayev onu başından edib. Bu gedişlə Nikol Paşinyan yaxın günlərdə MDB-yə daxil olan digər ölkələrin prezidentlərinə, o cümlədən Azərbaycan Prezidentinə zəng edərək öz dərdlərindən danışacağı, ondan imdad diləyəcəyi şübhə doğurmur. Atalar əbəs yerə deməyiblər ki, örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçər.

Bəli, bu gün Ermənistan od üstündə qaynayan qazana bənzəyir. Baş nazir Nikol Paşinyan sadəcə, qazanın qapağını bir az aralamaqla onun daşmasının qarşısını almağa səy göstərir. Bu da bir səmərə vermir. Amma yaxşı olardı ki, Paşinyan qazanın altındakı kösövləri çəkməyə cəhd etsin. Həmin kösövlər isə bu ölkənin Azərbaycana münasibəti, onun işğalçılıq siyasətidir. Əgər Paşinyan həmin kösövləri qazanın altından çəksə, Ermənistanı düşdüyü bu fəlakətlərdən, böhran vəziyyətindən çıxara bilər. Özü də bu nə qədər tez baş versə, Ermənistan üçün bir o qədər faydalı olar. Bununla da Nikol Paşinyan ölkəsinə əməlli-başlı gün ağlaya bilər. Halbuki Ermənistanın bir dövlət kimi var olması birbaşa işğal siyasətinə son qoymasından asılıdır. Əks təqdirdə, Ermənistanın tənəzzülü daha sürətli xarakter alacaq, onu heç cür xilas edə bilməyəcəklər. Unutmayaq ki, Ermənistanın digər qonşu dövlətlərlə olan münasibətlərindəki problemlərin həll edilmədən qalması da  Nikol Paşinyan üçün yaxşı heç nə vəd etmir. Belə ki, Ermənistanın təkcə Azərbaycanla yox, Türkiyə, Gürcüstan və İranla da problemləri mövcuddur.

Nə yazıq ki, o, buna hələ cəsarət etmir, sadəcə, populist şüarlar səsləndirməklə, Dağlıq Qarabağ problemini öz sərsəm bəyanatları ilə təqdim etməklə öz işini bitmiş hesab edir. Bununla da o, hələ ki filə hürən alabaş təsirini bağışlayır. Bu hürmək isə ona, həmçinin Ermənistana çox baha başa gələcək. Görünən odur ki, Nikol Paşinyanın məqsədi ölkəsini daha betər günə qoymaqdır. Buna rəğmən, Azərbaycan Ermənistandan hələ də konstruktiv təkliflər gözləməkdədir.

Qvami Məhəbbətoğlu