Kosmik sənayenin inkişafında yeni mərhələ

0
44

Son illər Azərbaycan iqtisadiyyatı böyük nailiyyətlər əldə edib. Ölkəmiz kosmos dövlətləri sırasına da daxil olub. Hazırda respublikamızda qeyri-neft sektorunun ixrac potensialının artırılması fonunda prioritet istiqamətlərdən hesab olunan və ölkəmizin iqtisadiyyatının yeni sahəsi sayılan kosmik sənaye müvəffəqiyyətlə inkişaf etdirilır. Belə ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, sentyabrda yeni telekommunikasiya peykimiz “Azerspace-2” Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan Fransaya məxsus “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə çıxarılacaq. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri zamanı “Azərkosmos” ASC ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi imzalanıb.

Ölkəmiz 2013-cü ilin fevral ayının 8-də kosmik fəzaya ilk peykini – “Azərspace-1”i  buraxıb. Prezident İlham Əliyev həmin tarixi hadisədən danışarkən demişdir ki,  bu, böyük nailiyyətdir, həm də dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Xatırladaq ki, dövlət başçısının 2009-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib.

Təbii ki, Azərbaycanda kosmik sənayenin yaradılması və peyklərin orbitə buraxılması çox mühüm hadisələrdir. Belə ki, bu, respublikamızın  informasiya mübadiləsi ilə bağlı xarici ölkələrdən asılılığını aradan qaldırır, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyini təmin edir, həm də innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasına təkan verir. Unutmayaq ki, biz informasiyanın daha çox hakimlik etdiyi, həm də qlobal və müasir dünyanın yüksək rəqabət mühitində yaşayırıq. Artıq informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, demokratiyanın inkişafının əsas göstəricilərindən sayılır.

Onu da bildirək ki, hazırda fəaliyyətdə olan peykin imkalarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunur, qalan 80 faizi isə dünya bazarlarına ixrac edilir. Bu da ölkəmizə valyuta gətirir. Belə ki, bu ilin altı ayında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azerkosmos” ASC tərəfindən 19 ölkəyə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib və bundan 12,7 milyon dollar gəlir əldə olunub. Bu da həmin qurumun xidmət ixracından əldə etdiyi gəlirin 88 faizini təşkil edib. “Azərkosmos”un xidmət ixracının həyata keçirdiyi əsas ölkələr sırasında Fransa, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan xüsusi yer tutub.

Mütəxəssislərin fikrincə, bu sahə üzrə inkişafın dinamikası göstərir ki, yaxın bir neçə ildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən ölkəmizin əldə etdiyi gəlirlərin miqyası neftdən qazanılan mənfəətə çox yaxınlaşacaq. Bu isə o deməkdir ki, bu sahədə atılan hər bir addım ölkəmizin suverenliyinə xidmət etməklə yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Bu da həyata keçirilən peyk layihələrinin yalnız siyasi və ya kommersial səciyyə daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini göstərir. Bu mənada bu addımların ölkəmizdə qeyri-neft sektorunun inkişafına yeni bir təkan verəcəyi şübhəsizdir.

İkinci telekommunikasiya peyki artıq orbitdə olduqdan sonra mövcud imkanlar daha da genişlənəcək və daha dayanıqlı, istifadəçilər üçün maraqlı ola biləcək xidmətlər təqdim olunacaq. Bir sözlə, əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələri daxil olan “Azerspace-2” artmaqda olan tələbatı qarşılamaq üçün  yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək və “Azərkosmos”a bazarda rəqabətli mövqeyinin yaxşılaşdırması üçün əlavə imkanlar yaradacaq. O, həm də  birinci telekommunikasiya peyki olan və “Azərkosmos” tərəfindən idarə edilən, artıq informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilən “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”