“Hər an öldürülə bilərdim, Heydər Əliyev məni xilas etdi”

0
13

Ziyadxan Əliyev: “Çılpaq qadın qarşımızda uzandı, heç birimiz şəklini çəkə bilmədik”

 

“Məhəmməd peyğəmbərin portretinin çəkilməsinə normal baxıram”

 

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

– Ziyadxan müəllim, sənətşünassınız. Müasir zamanda Azərbaycan mənzərəsindəki sənət özünü doğrulda bilibmi?

 

–  Hansı mənada?

 

– İncəsənət, musiqi, bəstəkarlıq, ədəbiyyat və sair. Sözün hər mənasında özünü doğrulda bilirmi?

 

– Ümumiyyətlə, sənətə gəlişin  bir neçə növü var. Bir var insan öz ruhunda gəzdirdiyi missiyanı hiss edir,  peşəni seçir.  Eləsi qonşusuna baxır, eləsi valideyn məsləhətinə qulaq asır, sənətə gəlir. Düşünürəm ki, insanın ruhunda Allah  tərəfindən verilmiş yaradıcılıq gücü yoxdursa, o,  yolun yarısında qalır. Belə hallar kifayət qədərdir. Bu aktyorluqda , rəssamlıqda, musiqidə və  digər sənət növlərində  mövcuddur.  Fikir verirsiniz, bütün yaşda  uşaqlar şəkil çəkə bilir. Xüsusilə də 10 yaşına qədər olan uşaqlardan hansının qabağına kağız-qələm qoysanız, şəkil çəkməyə başlayacaq. Hamısında  dediyim yaratmaq gücü var.  Bu, 10-15 illik ola bilər. Sonradan  görürsən ki, birində 20 illikdir. Rəssamlıq Akademiyasında, universitetdə təhsil alır və  onda  yaradıcılıq gücü bitir. Onun geri qayıtmağa  cəsarəti çatmır və özünü həmkarlarının, yaşıdlarının yanında pis etməmək üçün  işin içində qalır, axıra qədər də vurnuxur. Rəssamlıq yox, şəkil çəkməklə məşğul olur. Halbuki rəssamlıqla şəkil çəkməyin böyük fərqi var.  İnsan  aldığı təhsil müqabilində nəyisə çəkməyi bacarmalıdır. Ancaq əsl rəssam başqasının həyatda görə bilmədiyini görür, ifadə edir, tamaşaçısını düşündürür.

Bizdə belə adamlar çox azdır. Əgər belə adamlar  varsa, mənə elə gəlir ki, onlar sənətdə yolun yarısında qalmırlar, özlərini doğrulda bilirlər. Lakin istedadlı birinin sahibsiz qaldığı hallar da olub, ona müxtəlif münasibətlər sərgilənib.  Sovet dövründə bu, daha çox ideologiyaya bağlılıqla əlaqəli idi. İdeologiyaya bağlı əsər sahibinin işləri yaxşı gedirdi, bütün imtiyazlar onda olurdu.  Əsl sənətlə məşğul olanlar isə əziyyət çəkirdi. Ya işini almırlar, ya qonarını kəsirlər və s.  Məsələn, Əşrəf Muradoğlu, Mircavad Mircavadov antisovet mövqeyinə görə kənarda qalmışdılar. Sovet dönəmində xeyir görən adamların 91-cı illərdən sonra adları it dəftərində belə olmadı.

 

– Halbuki Sovet dövründə dəbdəbəli yaşayırdılar, elə deyilmi?

 

-Çox yaxşı həyatları  var idi. Elə adamlar heç xatırlanmırlar. Mən də  xatırlamıram, başqası da. Hansılar ki, 91-cı illərə qədər sıxıntı keçirdilər, əziyyət çəkdilər onlar bu gün üzdədirlər. Ona görə sənətdə  özünü tapmaq çətindir.

 

– Sovet dövrü Azərbaycanının sənəti və müstəqillik dövrü Azərbaycanının sənəti. Hansı daha üstündür? Sovet dövründən sonra, biz əvvəlki sənəti yarada bildikmi?

 

– Mən çox vaxt kiminsə xoşuna gəlmək üçün demirəm. Öz subyektiv fikrimi ifadə edirəm. Çox vaxt bu subyektivlik obyektivlikdən güclü olur. Sovet dönəminin rəssamlığında Azərbaycanın qazandığı uğurlar çox güclü olub. Biz bu gün Azərbaycan rəssamlığının 60-70-ci illərdə qazandığı uğurun kölgəsində yaşayırıq. Biz hələ müstəqillik dövründə Azərbaycan rəssamlığının simasını müəyyənləşdirə bilməmişik. Ona görə də düşünürəm ki, sovet dönəmində rəssamlığın ideologiyaya bağlılığını nəzərə almasaq, orda sənətin inkişafı üçün kifayət qədər münbit şərait var idi. Bu gün  dünya  şöhrətli rəssamlarımızın əksəriyyəti – Tahir Salahov, Səttar Bəhlulzadə,  Mikayıl Abdullayev – sovet dövrünün yetişdirməlidirlər.

 

– Ziyadxan müəllim, nədənsə ən çox rəssamlıqdan danışırsınız.  Başa düşürük, Rəssamlar İttifaqında çalışırsınız.  Amma sənət çox spektrlidir. Sənətin digər  sahələrində vəziyyəti necə qiymətləndirirsiniz?

 

– Məsələn, mən birbaşa, davamlı olaraq ədəbiyyatı izləyirəm deyə bilmərəm. Amma  modernist yönümlərin çox dəbdə olduğunu görürəm. Cümləni kiçik hərflə başlamaq, nöqtə-vergül qoymamaq. Bu, ədəbiyyat yaratmaq deyil.  Ədəbsiz, ləyaqətsiz sözləri, ifadələri ədəbiyyata gətirmək diqqət  cəlb etməkdir. Mən bunları tez-tez görürəm. Bəzən onlar dəstək də alırlar.  Bu cür şeyləri qəbul etmirəm. O adamların adları çoxlarına tanışdır. Eyni şeydən musiqidə də çox var. Sənətin birinci düşməni  bazara  işləməkdir. Filan mahnını toya çağırsınlar deyə oxuyurlar. Bazar məsələsi sənətin bütün sahələrində mövcuddur.  Lütfəli Abdullayevin adi bir hərəkətində gülüş var idi. İndi aktyorlar  yıxılır, özünü yerə sürtür ki, camaatda bir gülüş yaratsın. Bunlar süni gülüşlərdir. Abırsız sözlər deməklə, küçə ifadələrindən istifadə etməklə aktyorluq yaranmır. Ona görə də  hesab edirəm ki, indi səviyyə çox aşağı düşüb. Bu gün  şouluq elementi incəsənətin  bütün sahələrini əhatə edib, əsarətə alıb. Televiziya verilişlərinə, seriallara baxın, mahnılara qulaq asın. Ailəvi oturub baxılmalı veriliş, qulaq asılmalı mahnı yoxdur.

– Bir çıxışınızda  insanda tənqidi dünyagörüşünün olması üçün  üç  şərt lazım olduğunu demisiniz. Filofosluq, şairlik və cəngavərlik. Filosofluq və şairliyi hamıda tapmaq olar. Bəs bu gün Azərbaycan cameəsində cəngavərlik göstərən sənətkarlar varmı?

 

– Onu mən tənqidçilərə aid eləmişəm. Yaxşı tənqidçi olmaq üçün bu üç əlaməti birləşdirmək lazımdı. Biz tənqidi sevən xalq deyilik. Sosialist realizmi yarananda sosialist tərifi də yaranır. Baxmayaraq ki , o rəsmi elan olunmamışdı. Ancaq bayaq dediyim kimi sosializmi tərənnüm edən sənətkarları həmişə qabağa çəkiblər. Sovet dövründə doğrudan da tənqidə reaksiya var idi. Məsələn, hansısa idarə rəisinin adı  mənfi hadisədə hallanırsa, sabah onu işdən çıxarırdılar.  Yaxşı mənada tənqidin nəticəsini görmək olurdu. İndi bir səhifə yazı yazırsan, heç oxuyan da yoxdur. Bu baxımdan sənəti özünə amal seçən adam  cəngavərlik edə bilər. Sənət vəzifəyə gəlmək, hansısa mövqe tutmaq üçün vasitə deyil. Sənət adam üçün amal olmalıdır, vasitə yox.  Təkəbbür  kimi qəbul etməyin, mən çalışıram ki, dediyim üç şərti  özümdə birləşdirim.

 

– Şairlik, filosofluq öz yerində. Bəs Ziyadxan Əliyevdə cəngavərlik varmı?

 

–  Niyə yoxdur? Özü də lap yekəsindən.

 

– Məsələn.

 

– 1993-cü ildə vəzifəli adamların  Azərbaycan İncəsənət   Universitetindən  təşkil etdiyi oğurluqları ifşa edən mən olmuşam. O zaman hər an öldürülə bilərdim.  Lakin   Heydər Əliyevin bu işdən xəbərdar olması və nəzarətdə saxlaması məni  ölümdən xilas elədi. O vaxt  həmin muzeydən oğurluq əsərlərin orijinal olub milyonlarla dollar dəyəri olduğunu dediyim halda,  Azərbaycan sənətşünaslığında çox yüksək mövqe tutan Mürsəl Nəcəfov və Rasim Əfəndiyev həmin  əsərlərin muzey əhəmiyyətinin olmadığını rəsmi olaraq təsdiqləmişdilər.

Həmin akademiklərin  və mənim mövqeyim… O zaman mənim nə fəxri adım, nə də elmi dərəcəm var idi.  Şəxsən həyatda əməllərimlə, arzularımla  sənəti özümə amal seçdiyimi təsdiqləmişəm. Bir adam da “Ziyadxan düz deyir” deməmişdi. Bircə Telman  İbrahimov  “Azadlıq” qəzetində məqalə yazaraq  mənim mövqeyimi dəstəkləmişdi. Qalanları bu cür hadisənin olduğunu demirdi.

 

– Bəs bu günün özündə daha çox nəyi tənqid edirsiniz? Elə bir şey varmı ki, onu tənqid etmək istəyirsiniz, amma cəmiyyətin sərt reaksiya göstərmə riskini nəzərə alaraq geri çəkilirsiniz?

 

– Məni bir şey narahat edirsə, onu yazmalıyam. Onu yazmasam, şair demişkən “ölləm”, yəni rahat ola bilmərəm. İndi yalançı müasirliyi çox tənqid edirəm. Müasirlik əbədilik, bəşərilik deməkdir. Tutaq ki, mənim üçün muğam, xalça, miniatür  müasirdir. Bilirəm ki, bu xalçaya 100 ildən sonra da baxılacaq və müasir görünəcək. Muğam yüz illərdir oxunur, yenə də müasir görünür.

 

– Yalançı müasirlik nəyə deyirsiniz? Bu, geyimləmi bağlıdır? Məsələn, siz özünüz çox mühafizəkarsınızmı?

 

– Ümumiyyətlə “izmləri” qarşı-qarşıya qoymağın əleyhinəyəm. Hər bir “izmin” yaxşı cəhətləri var. Tutaq ki, indi çox mücərrədliyə maraq var. Ancaq əsrlərin qovşağında, mücərrədlik yarananda onun yaradıcıları dövrünün ən  intellektual adamları idilər.  İndi savadsızlığı ört-basdır etmək üçün  mücərrədliyə meyllilik var. İndiki müasirliyin mahiyyəti bacarıqsızlığı ört-basdır etməkdir.

 

– Alimsiniz, sənət adamısınız. Gəlin, müasirliyin tərifini verək. Nədir müasirlik?  Müasirlik düşüncədə olmalıdır yoxsa geyimdə?

 

– Müasirlik o deməkdir ki, sənin fikrin bu gündə qalmasın, sabahı da adlaya bilsin – 5, 10, 50 il sonranı… Elə müasirlik düşüncəsi olanlar  var ki, 5 il bundan qabaq nə ediblər, yadlarında qalmayıb. Əslində əsər zamansızlığa və məkansızlığa qovuşmalıdır. İnsan baxanda deməsin ki, bu nə vaxt yaranıb. “Mona Liza”ya və ya başqa sənət əsərlərinə baxanda  “ bu nə vaxt yaranıb” deməzsən.  Əsər bu gün də sənə toxunur. Çünki orda elə  bəşəri hisslər var ki, bugünkü sənətkarlar da onu ifadə edə bilməz.

 

– Dediniz tənqidi sevən deyilik. Maraqlıdır,  Ziyadxan Əliyev özünə yönələn tənqidi qəbul edirmi? Şüuraltınızda hansı reaksiyanı verirsiniz?

 

– Mənim nəyimi tənqid edəcəklər?  Bir ara Səttar Bəhlulzadədən çox yazırdım deyə tənqid edilirdim. Səttar kimi bir adam dünyaya gəlməyib, gəlməyəcək də. Necə tərifləməyim onu?  O mənim mənəvi ulduzumdur. Mənə həyatı, sənəti dərk etməyi öyrədib. Necə tərifləməyim? Bu mənim fərdi hisslərimdir. Ancaq sənəti də böyükdür axı…Bu baxımdan tənqid etsələr də, bir şey demirəm. Baxın, mən cavana da , yaşlıya da  istər yazı, redaktə, istər şəkil məsələsində kömək edirəm. Deyirəm ki, məni sevmədiyinizi bilirəm. “Bəs niyə kömək edirsiniz” deyirlər. Sadəcə onları özümə  rəqib hesab etmirəm. Bunu təkəbbür kimi qəbul edə bilərsiniz.  Ancaq onların da, mənim də yazdıqlarımı görürəm. Mən Rəssamlıq İttifaqında Sənətşünaslıq bölməsinin  sədriyəm. Orda 60-a yaxın sənətşünas var,  fəlsəfə doktorlarının sayı məlum deyil.  Fəlsəfə doktoru adı almaq üçün məcbur 5-6 məqalə yazmalısan. Budur sənətşünaslıq?  Mənim yanımda o adam nə danışa bilər?  Çünki ayda ən azı 4-5 məqaləm çıxır. Belə olan halda onlar məni xoşlayacaq?  Təbii ki, yox.

 

– Azərbaycanda rüşvət, korrupsiya məsələsinin ancaq siyasi məna kəsb etdiyini düşünürlər. Amma belə fikirlər var ki, bəziləri  sənətə kimlərinsə hesabına yaxud maliyyə cəlb edərək  gəlir. Bu baxımdan rüşvətin sənətin inkişafında dırnaqarası rolu nə necədir? Rüşvətin sənətə təsiri nə qədərdir?

– Azərbaycanda bu cümləni tez-tez deyirlər: “Ölünün də adamı olmalıdır, dirinin də”. Yadınızdadırsa, bir dəfə  estrada müğənnilərinə fəxri ad verdilər, lakin cəmiyyətdə hay-küy  qalxdı. Niyə əvvəl qalxmırdı? Deməli, bu adamlar həmin adlara layiq deyilmiş. Bəzən layiq olmayan da o siyahıya düşür. Hansısa mərhələlərdən keçirlər. Qurunun oduna yaş da yanır. Bu, həmişə olub. Ancaq istənilən məkanda aktyor da bilir ki, bu aktyordur, rəssam da bilir ki, bu rəssamdır və s Ya da diski qoltuğuna vurub  fonoqram oxumaqla müğənni olunmur ki…

 

– Bu gün çəkilən komediyalara baxırsınızmı?

 

– Desəm yox, inanmayacaqsınız.

 

– Düzü, inandırıcı gəlmir. Çünki bu artıq trendə çevrilib.

 

– Mənim səmimiyyətimə inanın, müsəlman adamam. Bizim evdə baxanlar var. Xoşbəxtliyim ondadır ki, oğlum mənim üçün ayrıca otaq düzəldib, orda  hər şeydən tamam təcrid oluram. Heç aşağıda nəyin baş verdiyindən xəbərim olmur.  Televiziyaya futbol olandan-olana baxıram. Amma yazıdan ayrılmıram. Hərdən müəyyən filmlər yadıma düşəndə “You Tube”a girib baxa bilirəm.

 

– Bayaq “Mona Liza”  əsərinin adını çəkdiniz. Bilirsiniz, bu əsərlə bağlı fikirlər çoxdur. Bəziləri bu əsəri Leonardo da Vinçinin çəkmədiyini də deyir. “Mona Liza” hansı mesajı verir?

 

– Bizim hazırda gördüyümüz “Mona Liza” deyil. Bu yüzdə yüz belədir. Sadəcə Leonardo da Vinçi əsl “Mona Liza”nı iki nüsxədə işləyib. Leonardo da Vinçinin işlərinin orijinal olub-olmadığını sübut etmək elə də çətin deyil. Başqa rəssamlardan fərqli olaraq o, solaxay idi. Onun sağ barmaqlarının izi əksər əsərlərində var. “Mona Liza”nın əsl versiyalarından biri Londonda, biri də Amerikadadır. Londondakı əsərin şəklini çəkməyə qoymurlar, canlı baxa bilərsən. Amerikadakı əsərin şəkilləri var. Leonardo da Vinçi ömrünün sonlarında Fransaya getməzdən bir qədər əvvəl məşhur florensiyalı Culiano Mediçinin xahişi ilə onun məşuqəsinin portretini çəkib.

 

Təsadüf elə gətirib ki, Konstansanın nəinki xarici görünüşü “Mona Liza”ya oxşayıb, o həm də “Lya Cokonda”, yəni “təbəssümlü” ləqəbini daşıyıb. Ola bilsin ki, bu oxşarlığı hiss edən rəssam “Mona Liza”nın portretindən nümunə kimi istifadə etməyi qərara alıb və nəticədə demək olar ki, əvvəlki əsəri təkrar edib. O, təkcə Konstansa ilə oxşarlığı əldə etməyə səy göstərib. Rəssam portreti tamamlayarkən məlum olub ki, Mediçi öz istəklisindən ayrılıb və əsəri Leonardodan almır. 1517-ci ildə Leonardo da Vinçi Fransaya köçərkən bütün satılmayan əsərlərini də özü ilə aparır, o cümlədən də “Təbəssümlü qadın” portretini… Sonra isə əsər Fransa kralının ixtiyarına keçir. Bir vaxtlar hətta Napoleonun kolleksiyasında olur, onun yataq otağını bəzəyir. Son nəticədə portret muzeyə düşür və məhz bu əsər uzun illərdir ki, Luvrda “Mona Liza” adı ilə nümayiş olunur.  “Mona Liza”nın əsl həqiqəti budur. Qalan şeylər boş söhbətlərdir.

 

– Elə deyəcəkdik ki, “Mona Liza”nın kişi olduğunu iddia edənlər də var.

 

– Kişinin üzünü təmizlə olsun qadın, ya da qadına saqqal qoy olsun kişi. Yəni bunlar Qərbin oyunlarıdır. Onlar belə şeyləri xoşlayırlar.

 

– Bəs Londondakı “Mona Liza”nı niyə göstərmirlər?

 

– Göstərirlər, sadəcə şəklinin çəkilməsinə icazə yoxdur. Pulunu verirsən, baxırsan. Amerikadakının dediyim kimi internetdə şəkli var. Sadəcə bunu etiraf etməyə qorxurlar. Bunu azad sənətşünaslar bilirlər. Mənə də o vaxt müəllimlərim demişdilər.

 

– Etiraf etsələr, nə olacaq ki?  Güllələyəcəklərmi?

 

– Yox. Bu, antireklamdır. Parisə gedən adam Eyfeli, bir də “Mona Liza”nı görməyə gedirlər. Turist axını elə-belə şey deyil. Biz getmirik sənət əsərlərinə baxmağa. Amma onlar fərqlidir.

– Yəni iqtisadi maraqlar var.

 

– Təbii ki. Bizdə hansı incəsənət əsəri təbliğ olunur? Olmur, baxmırlar.

 

İncəsənət əsərlərinin təbliğ olunmamasında sənət adamlarının məsuliyyəti yoxdurmu?

 

– Yox. Sənət adamı nə etsin?

 

– Sənət adamları bəzən öz aralarında mənasız intriqalarla məşğul olurlar. Bu baxımdan soruşduq.

 

– Bu da mentalitetimizdə var.

 

 Mentalitet sənət əsərlərinin nümayişində  çox maneə yaradır? Məsələn, Rəssamlıq Akademiyasına getmişdim, orda  çılpaq insan şəkilləri çəkmişdilər. Bu, bir az mentalitetimizə yaddır.  Mentalitet sənətin inkişafına mane olurmu?

 

– Oxşar şeylər miniatürlərdə də var. Yadıma gəlir, biz  rəssamlıq məktəbində oxuyanda,  3-cü kursda  müəllim çılpaq natura qoymuşdu. Qrupun yarısı, mən də daxil olmaqla  əsgərlikdən, bəziləri də 9-cu sinfi bitirib gəlmişdi. İndi çılpaq qadın bunların qabaqlarında uzanıb. Heç biri əlinə fırça alıb işləyə bilmir. Cəsarət edə bilmirlər. Hamısının gözü qadında qalıb. 45 dəqiqədən sonra müəllim gəldi və gördü ki, heç kim əlini ağdan qaraya vurmayıb. “Ayə, bu sənətdir. Siz hansı gözlə baxırsınız buna?”- dedi.

 

– Siz də həyəcanlanmışdınız o zaman?

 

– Yox, həyəcanlanmamışdım (gülür).

 

– Maraqlıdır, həmin insanlar – naturalar  nə qədər pul alır ? Sizdə məlumat olar. 

 

– Sizə deyim ki, indiki şəraitdə  akademiyada naturaçı kişilər, qadınlar müəllimlərdən çox maaş alırlar. Bədənin müəyyən hissələrinə kimi çılpaq qalmaq üçün fərqli qiymətlər təyin olunur. Rusiyada onları seçmək üçün müsabiqələr var. Bizdə bu cür adamlar tapmaq çətindir.

 

– Niyə Azərbaycan rəssamları sənət yarada bilmir. Bəlkə də kimsə çəkə bilir, sadəcə sərgiyə çıxara bilmir yaxud nümayiş etdirə bilmir. Rəsm əsərinin güclü olması üçün nə lazımdır?

– Hər bir əsərin yaranması üçün yüksək sənətkarlıq, o cümlədən tamaşaçını düşündürə bilmək üçün mövzu dərinliyi lazımdır. İndi adi bir motivlə tamaşaçını cəlb etmək çətindir. Rəssam öz dövrünün aynası olmalıdır. Təəssüf ki, bizim rəssamlarımız öz dövrünə ayna ola bilmirlər.

 

– Tarixə fikir verən zaman görürük ki, rəssamların çoxu kişi olur.  Qadınlar niyə rəssam ola bilmir?

 

– Sizə sevindirici xəbər vermək istəyirəm. Rəssamlıq Akademiyasında oxuyan tələbələrin 80 faizi qızlardır.

 

– Amma tanınmış rəssam kimi daha çox kişilər yadda qalır. Bunun səbəblərini araşdırmısınızmı? Qadınlar o dərinliyi duya bilmirlər?

 

– Qadın hər halda zəif varlıqdır. Zamanında Vəcihə Səmədova olub, yaxşı rəssam idi.

 

– Müəllimlik də bir sənətdir. Sizcə indi müəllimlik sənətinə lazımi qiymət verilirmi? Müəllimlik hazırda sənətin hansı yerindədir?

 

– Eşitdiyimə görə, Türkiyədə Atatürkün vaxtında  Məclis üzvlərinə məvacib kəsəndə nə qədər olacağını müzakirə ediblər və deyiblər ki, müəllimlərinkindən çox olmasın.  Verilən dəyərə bax… Bizdə sovet dönəmində də müəllimlərin həmişə imtiyazları var idi. İmkanı olanlar maşın sürə bilməzdi, ancaq müəllimlərdə var idi. İndi ali universitet müəllimləri müxtəlif maaşlar alırlar. Ən aşağı maaş Rəssamlıq Akademiyasının müəllimlərindədir. Yenə də ən şərəfli peşə olaraq müəllimlik qalır. Bütün adamlara yol göstərən müəllimdirsə, onu dəyərləndirmək lazımdır.

 

– Sənətşünaslıq və kulturologiya. Bəzən efirlərə kulturoloq adı ilə çıxanlar olur. Bunlar arasında fərq varmı?

 

– Vallah, onu Aydın xan Əbilovdan  soruşmaq lazımdır. O nə olan şeydir bilmirəm. Tərcüməsi mədəniyyətşünasıdır da, biz belə deyək. Mədəniyyətin müxtəlif sahələrini özündə ehtiva edən sahədir. Hər halda incəsənətin bütün sahələrini yaxşı bilməlisən ki, bir söz deyə biləsən. Bunlar  Qərbdən gəlmə şeylərdir. Çox vaxt  yazılanlara baxıram və əksəriyyətinin rus mətbuatındakı məqaələrin tərcüməsi olduğunu görürəm. Təzə fikirlər yoxdur. Təzə fikirlər olsa, mədəniyyət sahəmiz bir az dərin inkişaf  edərdi. Səthi şeylər çoxdur. Mədəniyyəti, incəsənəti inkişaf etdirmək hər halda intellekt, sahəyə bağlılıq, sevgi tələb edir. Bizdə vəzifə tutmaq üçün kulturoloq, sənətşünas yeri də var. Hamı yerini tutur. Amma adamlar yerindədirmi?  Bizdə yerləri  səhv düşən adamlar  həddindən artıq çoxdur. İxtisasdan başı çıxmayan adamlar ixtisası bilən adamları yanında görmək istəmirlər. Bu da bir xəstəlikdir. İnsan öz missiyasını başa düşəndə çox rahat yaşayır. Özünə də, başqalarına da əziyyət vermir. Məsələn, mən səhər saat  5-də durub 8-ə qədər işləyirəm. Ən məhsuldar işlədiyim vaxt səhərlərdir. Ancaq kiməsə bunu deyəndə ona gülməli gələr. Çünki yuxunun ən şirin  vaxtıdır.

 

– Gələk dini təsvirlərə. Siz bilirsiniz, xristian ənənəsində  İsa peyğəmbərin, yaxud yəhudi ənənəsində Musa peyğəmbərin portretini  yaradıblar. Amma İslam ənənəsində bu qadağandır. Məhəmməd peyğəmbərin portreti əkilsə nə olacaq? Peyğəmbərin portretinin yaradılmasında qeyri-adi nə ola bilər?

 

– Bizim dinimiz təsviri qadağan etmir. Bir hədisdə var, o da peyğəmbərin dilindən deyilib. Deyir ki, qiyamət günü  büt xarakterli  heykəl düzəldənlərin imtahanı digərlərindən ağır olacaq, onlardan düzəltdikləri heykəllərə can vermələri tələb ediləcək. Bunu edə bilməyəcəklərsə, cəzaları ağır olacaq. Nə demək istəyir burda?  Bu o vaxt səsləndirilib ki, Ərəbistanda  360 dənə qəbilə Allahı var idi. Peyğəmbər onların hamısını bir yerə gətirdiyi üçün qəhrəmandır.  Demək istədiyim odur ki, bunun mahiyyəti hamını bir araya gətirmək idi. Bundan ötrü büt xarakterli şeyləri olması istənilmirdi.  Yoxsa hansısa İslam ölkəsinə getsən, miniatürlərin necə inkişaf etdiyini görəcəksiniz.

 

– Miniatür inkişaf edib. Amma söhbət peyğəmbərin öz portretinin çəkilməsindən gedir.  Yəni sizə görə , bu normaldır?.

 

– Çəkilənlər də  var. İranda bir az başqa cürdür. Mən Məhəmməd peyğəmbərin portretinin çəkilməsinə normal baxıram. Burda nə günah var ki?

 

– Siz özünüz çəkmək istəmisinizmi?

 

– Yox, çəkməmişəm. Həmçinin qeyd edim ki,  hacıyam. Lakin mən portretin çəkilməsinə dediyim kimi pis baxmıram. Qadağa yoxdur. Əslində çox vaxt pis müqayisə aparırlar. Deyirlər ki, xristianlıq  sənətə xeyir-dua verir, amma İslam qoymur. Bu, düzgün deyil. Düzdür, xristian dini olmasaydı, intibah dövrü olmazdı. Nə Rafael, nə Leonardo, nə də başqası olardı. Onların yaratdıqlarının  hamısı dinin, kilsənin sifarişidir. Görürsünüz, nə qədər xeyir veriblər. Ancaq  onlarda müəyyən şeylər təqib edilirdi, inkvizisiya var idi.

Dediyimiz hədisdən də çox zaman dırnaqarası dinpərəstlər  istifadə edib camaata şəkil çəkməyin qadağan olduğunu deyirlər. İndiyə qədər mətbuatda da dinimizin şəkli qadağan etdiyi yazılır. 2018-ci ildir, ayıbdır vallah.

 

– İmam Əlinin və ya digər imamların portretlərini görürük. Onların tarixi ilə bağlı bizə məlumat verə bilərsinizmi?

 

– Mən dindarların portretləri ilə məşğul olmamışam.

 

– Hər halda düşünmüsünüzmü ki, həmin portretdəki  real İmam Əli deyil.

 

– Real  İmam Əlini kim görüb?

 

– Məsələ odur.

 

– Ümumiyyətlə, tarixi şəxsiyyətlərin əksəriyyətinin portreti rəssam təxəyyülü ilə yaranan şeylərdir. Nizamisindən tutmuş Babəkinə, Füzulisinə kimi. Bunların  hamısı obrazlardır. Müsabiqə elan olunur, belə şeylər edirlər. Obraz elə şeydir ki, gərək onu inandırasan.  “Uzaq sahillərdə” filmi göstəriləndə, ilk tamaşasında Mehdi Hüseynzadənin obrazı çıxan kimi onun bacısının ürəyi gedib yıxılmışdı və demişdi ki, bu mənim qardaşıma  bənzəmir. Doğrudan da onlar oxşamırlar. Ancaq obraz kimi  Nodar Şaşıqoğlu  hamının yadında  qalıb. Mehdinin öz simasını xatırlayanlar azdı. Aktyor bizə “Mixaylo” obrazını  yaşada bildi. Rəhmətlik Ələkbər Muradov  İctimai televiziyada Səttar Bəhlulzadə haqqında film çəkmişdi. Gedib kənddən Səttara oxşayan  bir adam tapıblar, uzaqdan da çəkiblər ki, üz cizgiləri bilinməsin. Ola bilər, simaları oxşayır. Amma bu lazım idi sənə? Sən Səttarın obrazını yarat, hamı onu elə qəbul edəcək. Film də alınmadı heç. Obraz yaratmaq lazımdır.

 

– Ziyadxan müəllim, bayaq Heydər Əliyevin adını çəkdiniz. Sizin məşhurlarla görüşünüz çox olub. İstəyərdik ki, o xatirələrdən danışasınız.

 

– Vallah mən ancaq rəssəmlarla görüşmüşəm.

 

– Hər halda uzun müddətdir, sənətdəsiniz. Yəqin Heydər Əliyevin də qəbulunda olmusunuz.

 

– Yox, olmamışam. Həsən Həsənovla görüşmüşəm.  Mən muzeydə  işləyəndə tez-tez gələrdi, qonaqlarını gətirərdi. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Mircavad Mircavadovla  görüşlərimiz, söhbətlərimiz olub. Şairlərdən  Baba Pünhanla görüşmüşəm. Məlik Dadaşovla həmçinin. O mənə “kiçik qardaşım”  deyirdi.

 

– İstəyərdik, həmin şəxslərlə olan maraqlı xatirələrinizdən danışasınız. Məlik Dadaşov da məşhurlardandır. Biz məşhur deyən zaman yalnız vəzifəli şəxsləri nəzərdə tutmuruq.

 

– Mənə həmişə  deyirlər ki, iqtidarsan yoxsa müxalifət. (gülür)  Mən sənətlə məşğulam. Bunun nə iqtidarı, müxalifəti var? Mənə Əməkdar incəsənət xadimi adını verəndə  eşitdiyimə görə  deyiblər ki, bu müxalifətdir, məqaləsi “Azadlıq” qəzetində çıxıb. Zəng etmişdilər mənə, dedim ki, “ A kişi, bir baxın görün, o məqalədə nə yazılıb? “  O vaxt mənim “Azadlıq” qəzetində bir səhifəm var idi: “Azadlığın incəsənət ensiklopediyası”. Hər bazar günü  rəssamlar, sənət adamları haqqında maarifləndirici yazım dərc olunurdu. Budur, müxalifət olmaq?  “Xalq” ya “Azərbaycan” qəzetində məqalə yazmaq mənim üçün vacib deyil. Çünki bilirəm ki, onların oxuyucusu kimlərdir. Ümumiyyətlə Azərbaycan müxalifət yoxdur.

 

– Niyə yoxdur ?

 

– Bilmirəm. Onu deyə bilmərəm. Nə müxalifət var, nə də ziyalı.

 

– Maraqlı məqama toxundunuz. Ziyalı anlayışı..

 

– Ziyalı öz şəxsi maraqlarını ümumxalq maraqlarına qurban verən adamlara deyirlər. O adamlar da bizdə yoxdur.

 

– Bizdə efirdə ütülü danışan insanlara ziyalı deyilir?

 

– Bizdə diplomlu adamlara ziyalı deyilər. 3-4 dənə diplomu varsa, o ziyalıdır. Amma onlar ziyalı yox, ziyanlıdır.

 

– Ziyanlıların çox olması bizi  hara aparır? Çünki qəbul etsək də, etməsək də ictimai rəyi onlar formalaşdırır.

 

–  Filmdə deyilir ki, bütün yollar məbədə aparır.

 

– Bu məbəd yaxşı  deyil yəqin ki.

 

– Hər halda yaxşı yerə aparmır.  Mənə elə gəlir ki, insan yaltaq olmamalıdır. Mən həmişə tələbələrimə dərs deyəndə ilk sözüm o olur ki, peşə namusuna xəyanət etməyin. Hər şey burdan başlayır. Sən ona xəyanət etməsən,  yaxşı olacaq. Lakin təəssüf  ki,  çoxları  peşə namusuna xəyanət edir. Onlar elə bilirlər ki, namus ancaq ailədə olur. Namus hər şeydə var, elə birinci peşədə.

– Pis tendensiya yaranıb. Siz dediyiniz kimi yaltaqlıq. Ən çox da efirlərdə sənət adamları bunu edir.

 

– Hamısı edir. Etməyən var ki?

 

– Bunun hər halda psixoloji səbəbləri də var.

 

– Psixoloji də ola bilər, maddi də.  Sənin nə yeyib gəldiyini bilmirəm. Həmçinin sən də məni bilmirsən.  Düzdür,  deyirlər adamı   geyimlə qarşılayıb ağılla yola salırsan. Ancaq  insan sabah dünyasını dəyişəndə gərək arxanda xatırlanmalı bir şey qoysun. Qalanlarla qalmaq  üçün işıqlı əməl etmək  lazımdır. Yəni rəhməti qazanmalısan.

 

– Dediyiniz ziyanlılardan şəxsən tanıdıqlarınız çoxdurmu?

 

– Ad çəkməyəcəm.  Əlbəttə , çoxdur.

 

– Amma Ziyadxan müəllim, siz məşhurlarla  maraqlı xatirələrinizdən danışmadınız.

 

– Səttar Bəhlulzadə ilə bağlı  çoxlu əhvalatlar var. Mənim “Boyalı gülüşlər” adlı kitabım  çıxıb. Orda rəssamlar haqqında lətifələr  mövcuddur. Bir dəfə diplom işi ərəfəsində diplom işimin eskizini Səttar Bəhlulzadəyə göstərməmişdim. Bundan xəbər tutub  şikayətlənmişdi ki, ona niyə göstərməmişəm. Xülasə, “diplom işinin üzərində işlə, müdafiədə mənə göstərərsən” – demişdi. O vaxt məktəbin direktoru Əyyub Məmmədovla Səttarın münasibətləri soyuq idi, içəri girib müəllimləri görməzdi. Səhv etmirəmsə, iyunun 25-i diplom müdafiəsi idi.

 

Səttar müdafiəyə gələcəyini desə də, müdafiə başladı, amma o yox idi. Əyyuba görə gəlməyəcəyini düşünürdülər. Bir də gördüm qapı açıldı, içəri girdi. Bütün müəllimlər onu koridorda qarşıladılar.  Müdafiəmi etdim. Səttar Bəhlulzadə  müəllimlərdən qiymətimi soruşdu və  “5” aldığımı öyrəndi.  Daha sonra Səttar  “mən gedirəm, mənim adamım çıxdı” dedi. Hamı kim olduğunu soruşanda  mənim adımı çəkdi.  Sanki “5”i mən yox, o almışdı. Bayıra çıxanda məni elə qucaqladı ki… “Sən bilirsən  məni Əyyubun yanında neylədin? Qaldırdın göyə”- dedi.

 

– Bəs Məlik Dadaşov sizə niyə “kiçik qardaşım” deyirdi?

 

– Əl çəkmir e ( gülür). O bir az kriminal məsələdir. Müsahibə çıxandan sonra danışaram.

 

 Nə olsun kriminal məsələdir?

 

– Danışmayacağam. O hadisədə olanların bəziləri indi sağdır, ona görə demək istəmirəm.