Məqsəd neft amilindən asılılığı minimuma endirməkdir

0
184

Son illər ölkəmizin iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edən müxtəlif sahələrə aid sənaye müəssisələri inşa edilir, yeni-yeni istehsalat sahələri yaradılır. Bütün bunlar  qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Bu istiqamətdə həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, cari ilin altı ayında ölkəmizdə qeyri-neft sənayesi 8,8 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 846,5 milyon dollar təşkil edib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 110,5 milyon dollar və ya 15 faiz artım deməkdir. İlin sonunadək daha yaxşı nəticələrin əldə olunacağı proqnozlaşdırılır. Bu isə artıq ölkəmizdə sənayeləşmə siyasətinin özünü doğrultması deməkdir.

Sənayenin inkişaf perspektivləri sırasında sənaye parklarının yaradılması xüsüsi önəm daşıyır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı nitqində qeyd edib ki, artıq ölkəmizdəki sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına indiyədək 2,6 milyard ABŞ dollarınadək investisiya yatırılıb.

Bu gün ölkəmizdə innovativ idarəetmə və qabaqcıl texnologiyalara əsaslanan 5 sənaye parkı (Sumqayıt, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı) mövcuddur.  Hazırda onlarda  işçi sayı 11 minə yaxındır. Növbəti mərhələdə 1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, həmin parkların fəaliyyət sahələrinin genişləndirilməsi davam edir. Məsələn, bu yaxınlarda regionun ən iri sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer”in Polipropilen İstehsalı Zavodu istismara verilib. Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda burada polietilen zavodunun fəaliyyətə başlaması nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda ildə 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Elə bu müəssisələrin timsalında Azərbaycanda son illərdə aparılan uğurlu iqtisadi və sənaye siyasətini görmək mümkündür. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında hazırda 8 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.

Milli Məclisin deputat Aydın Hüseynov “İki sahil”ə bildirib ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatında ixracın həcminin çoxalması, idxalı əvəz edən məhsulların istehsalının və məhsulların rəqabət qabiliyyətinin artması, məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir: “ Bir sözlə, bu, modern sənayeləşmədir. Onu da deyim ki, sənaye parkları həm  intellekt, həm də daha çox işçi qüvvəsi cəlb edilmiş mərkəzlər kimi diqqəti cəlb edir. Bu müəssisələrdə əmək haqqı da yüksəkdir. Digər tərəfdən, sənaye parkları  çox gəlir gətirən müəssisələrdir. Belə ki, sənaye parklarında istehsal olunan məhsulların ixrac olunması da nəzərdə tutulur ki, bu da öz növbəsində, ölkənin xarici ticarət balansına öz müsbət töhfəsini verir”.

Ölkədə sənaye parkları yaradılarkən sahibkarlığın yeni istiqamətlər üzrə inkişafı da nəzərə alınıb. Elə  sənaye parklarında  xarici və yerli sahibkarların birgə çalışması buna misaldır. Onlara müəyyün güzəştlər da edilir. Məsələn, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən sahibkarlar üçün sənaye parkının rezident şirkətləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilib. Yeri gəlmişkən, bildirək ki, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox sazişin imzalanıb. Onların arasında Avropa İttifaqına üzv olan ölkələr də var. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu birliyə  üzv dövlətlərin payına düşüb.

Milli Məclisin deputatı Aydın Hüseynovun fikrincə,  Prezident İlham Əliyevin həyata keçirdiyi bu kimi  iqtisadi siyasətin ən başlıca istiqamətlərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi və  onun ölkə iqtisadiyyatının həm ümumi daxili məhsulunda, həm dövlət büdcəsində xüsusi çəkisinin yüksəldilməsidir. Bir sözlə, məqsəd ölkənin neft amilindən asılılığını minimuma endirməkdir. Şübhəsiz, dövlətimizin başçısı bu kimi iqtisadi islahatları ilə buna nail olacaq. Unutmayaq ki, qeyri-neft sektorunda  başlıca yeri sənaye tutur. Sənayesi inkişaf edən ölkə daha qüdrətli sayılır. Sənaye dövlətin iqtisadi imicini formalaşdıran sahələrdən biridir. Artıq Azərbaycan bu istiqamətdə öz sözünü deyib və nailiyyətlərinə yeni töhfələr əlavə etməkdə davam edir.

Qvami Məhəbbətoğlu, “İki sahil