Mingəçevirdə “Ödənişsiz hüquqi yardım “günü təşkil olunub

0
279

“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” adlı layihəsi çərçivəsində Mingəçevirdə tədbir keçirilib. Layihənin əsas məqsədi benefisiarların sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkilliyə namizəd olan şəxslərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir. Tədbirdə təlimçi Sara Ağayeva, layihə rəhbəri Ülvi Əliyev və SHAİB–nin sədri Mais Əliyev çıxış edərək iştirakçılara   ilk öncə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat veriblər. Tədbir iştirakçıları əsasən ünvanlı sosial yardımın verilməsi, alimentin ödənilməməsi, əlilliyin müəyyən edilməsi,  pensiya və sosial müavinətlərin verilməsi, məşğulluq, əmək xəsarətlərinə görə ödənişlərin verilməsi və s. ilə bağlı olmuşdur.

 

Mais Əliyev bizə məlumat verərək bildirdi ki, layihə 6 ay müddətinə nəzərdə tutulub: “Layihə Bakı, Mingəçevir, Sabirabad, Tovuz, Qazax rayonlarını əhatə edir. Əsas niyyətimiz əhalinin həm  sosial hüqüqlarla bağlı maarifləndirilməsi, həm də onların pozulmuş sosial hüquqlarının məhkəmə və inzibati qaydada müdafiəsini təşkil etməkdən ibarətdir. Artıq layihə çərçivəsində bizim vəkillər tərəfindən  51-dən artıq idda ərizəsi yazılmışdır. Eyni zamanda onu da bildirmək istəyirəm ki, bu layihəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası da təşkilatçılıq göstərib. Qeyd edim ki,100-dən artıq şəxsə hüquqi məsləhət xidməti verilmişdir. Tədqiqatlar belə göstərir ki,  doğrudan da əhalinin sosial müdafiəyə, sosial hüquqlarla bağlı məlumatlandırmaya ehtiyacı var. Məsələn, bir neçə ailə oldu ki, onların ümumiyyətlə xəbəri yox idi ki, 6 uşağı olan ailələr sosial müavinət almalıdır. Hər uşağa görə 33 manat. Biz bunu bərpa etdik. Bir sıra şəxslər bizə müraciət etdilər ki, məlum oldu ki, onlar heç bilmirdilər ki, 57 yaşına çatmış qadın əgər əmək pensiyası hüququ yoxdursa, 3 uşağı varsa onun sosial müavinat almaq hüququ var. Bu isə 73 manat miqdarındadır. Ona görə də belə sosial hüquqlarla bağlı hüquqi məsləhətlər verilmiş və zəruri hallarda inzibati orqanlara müraciətlər göndərilmişdir”.

Esmira Hidayətova, Mingəçevir.