Xınalıqım turizm imkanları genişləndirilir

0
37

Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan kimi qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün mövcud vəziyyətin qiymətləndirilməsi üçün Dövlət Turizm Agentliyinin əməkdaşlarından ibarət heyət Xınalığa ezam olunub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, səfər ərazidə infrastrukturla bağlı problemləri müəyyənləşdirərək həll yollarını müzakirə etmək, ərazinin turizm imkanlarını dəyərləndirmək, maddi və qeyri-maddi tarixi-mədəni irsi qiymətləndirmək, ərazidə turizmin inkişafına yönəlik “dəyər zənciri”ni formalaşdırmaq, habelə qeyd olunan “dəyər zənciri”ndə mövcud və potensial turizm fəaliyyətlərini və xidmətlərini müəyyən etmək məqsədi daşıyır.

Bir günlük səfərin sonunda qeyd edilmiş məqsədlərlə bağlı toplanılmış məlumatlar əsasında ilkin aralıq hesabatın, daha sonra isə yekun hesabatın hazırlanması və bu hesabatlar əsasında Xınalıqla bağlı dörd istiqamət üzrə tədbirlər planının qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğuna baxış keçirərək tarixi diyarın turistlər üçün daha cəlbedici turizm məkanına çevrilməsinə dair tapşırıqlar verib, qoruğun unikal görünüşünün və qədimiliyinin qorunub saxlanması ilə yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsi qərarlaşdırılıb.