Rusiya Ukraynaya açıq hərbi müdaxiləyə başlayıb

0
275
Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə irimiqyaslı hərbi müdaxiləsi baş verib.
Bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak bəyan edib.

Onun sözlərinə görə, Rusiya ordusu Ukraynaya bir neçə istiqamətdən hücuma başlayıb.

“Hazırda Rusiyanın hərbi komandanlığı antiterror əməliyyatı qüvvələrini parçalayaraq, Donbasdakı yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərir”, deyə Şkiryak bildirib. Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Bu arada isə Ukrayna Prezidenti Pyotr Poroşenko Donetsk vilayətində vəziyyətin gərginləşməsi səbəbindən Türkiyəyə səfərini təxirə salıb.

P.Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.

“Mən Türkiyəyə səfəri təxirə salmaq qərarına gəldim. Buna səbəb Donetsk vilayətində vəziyyətin gərginləşməsi, konkret olaraq Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasıdır”, – deyə P. Poroşenko qeyd edib.

P. Poroşenko onu da bildirib ki, Ukrayna Avropa Şurasının növbədənkənar iclasının çağırılması üçün avropalı tərəfdaşlarına müraciət edərək.

“Dünya ictimaiyyəti Ukraynadakı durumun qəfil gərginləşməsinə qiymət verməlidir”, – deyə o vurğulayıb. Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda həmçinin bildirilir ki, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko hökuməti ölkədə hərbi vəziyyət elan etməyə çağırıb.

Timoşenko Prezidentin ölkənin müdafiəsini öz əlinə almasını vacib hesab edib. O qeyd edib ki, təcili surətdə taktikanı dəyişmək, Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyət yaratmaq üçün Ali Radanın iclasını çağırmaq lazımdır. “Bu tədbirlər bizə öz hərəkətlərimizi daha dəqiq koordinə etmək imkanı verəcək”, – deyə Y.Timoşenko əlavə edib.

Dünən həmçinin Ukrayna Avropa Birliyindən hərbi kömək etməyi xahiş edib.

Bu barədə Ukraynanın Avropa Birliyindəki nümayəndəsi Konstantin Yeliseyev məlumat verib. O bildirib ki, Avropa Birliyini 30 avqustda Ukraynaya görə Avropa Şurasının fövqəladə sessiyasını keçirməyə çağırırıq.

“Ukrayna və Avropa Birliyi bu müharibəni dayandırmalıdır. Həmrəylik mütləq və şübhəsiz olmalıdır. Qətiyyətli və əhəmiyyətli sanksiyalar həyata keçməlidir. Həmçinin, Ukraynaya hərbi təcavüzün dayanması üçün bizə genişmiqyaslı hərbi və hərbi-texniki kömək edilməlidir”.

Konstantin Yeliseyev xatırladıb ki, fevralda Rusiyanın hərbi təcavüzü başlayandan sonra Avropa Birliyi Ukraynaya görə 11 qərar qəbul etdi. Amma bu addımlar heç bir nəticə verməyib: “Bu, anlamaq üçün kifayət deyilmi ki, Kreml üçün heç bir sözün mənası yoxdur?”,- deyə Ukraynanın Avropa Birliyindəki nümayəndəsi söyləyib.

 

Vyanada ATƏT-in

Ukraynadakı vəziyyətlə

bağlı fövqəladə iclası keçirilir

ATƏT-ə sədrlik edən İsveçrə Ukraynadakı vəziyyətlə bağlı fövqəladə iclas çağırıb. İclas ATƏT-in Vyanadakı mənzil-qərargahında başlayıb. 57 ölkənin nümayəndəsinin qatıldığı iclas bu ay ərzində Ukrayna ilə bağlı ATƏT-in təşkil etdiyi ikinci fövqəladə iclasdır. Belarus Xarici İşlər Nazirliyi isə ATƏT-in Ukraynadakı böhranla bağlı yaratdığı əlaqələndirici qrupun yaxın günlərdə Minskdə toplaşacağını bəyan edib.

 

ABŞ Ukraynanın şərqində

separatçıların əks-hücumundan

narahatlığını bildirib

ABŞ Dövlət Departamenti Ukraynanın şərqində separatçıların əks-hücumları barədə məlumatlardan narahatlığını bildirib.

Bu bəyanatla Departamentin nümayəndəsi Cennifer Psaki çıxış edib. “Rusiyaya məxsus tanklar, zirehli texnika və reaktiv yaylım atəşi sistemlərindən ibarət kolonlar Ukraynanın cənub-şərqi istiqamətində irəliləməsi barədə məlumatlar gəlir” – deyə Psaki bildirib.

Onun sözlərinə görə, həmçinin, Donetsk şəhəri yaxınlığında və hava limanında  şiddətli döyüşlər gedir: “Bu hücumlar, çox güman ki,  Donetsk və Luqanskda Rusiyanın göstərişi ilə əks-hücum əməliyyatının keçirilməsindən xəbər verir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here