BAKI – turist və səyahətçilər üçün cəlbedici şəhər

0
47

Ölkəmizdə turizm sektorunun inkişafı prioritet vəzifələr sırasındadır. Cari ilin aprel ayında Azərbaycan Respulikası Dövlət Turizm Agentliyinin yaradılması da bu zərurətdən irəli gəldi. Artıq turizm sektorunun inkişafı istiqamətində aparılan belə islahatlar, qəbul edilən Dövlət proqramları, normativ- hüquqi bazanın təkmilləşdirilməsi özünü konkret nəticələrdə də göstərir. Bu mənada indi ölkəmiz dünyada həm də maraqlı turizm məkanı kimi tanınmaqdır.

Şübhəsiz, turizmin hazırda belə bir inkişaf səviyyəsinə çatmasında dövlətin göstərdiyi qayğı və dəstəyin müstəsna rolu var. Bu məsələdə xarici iş adamları, həmçinin adi vətəndaşlar da öz töhfələrini verirlər. Belə ki, Azərbaycanın turizm imkanları ilə əlaqədar əcnəbilər də sosial şəbəkələrdə məlumatlar yayır,  müxtəlif qəzetlərdə məqalələr dərc edirlər. Məsələn, bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu mətbuat orqanı olan “Al Khaleej” qəzetində Azərbaycanın turizm cəlbediciliyindən bəhs edən “Bakı – turist və səyahətçiləri üçün cəlbedici istiqamətdir” sərlövhəli məqalə dərc olunub. Məqalə müəllifi Xəzərin sahilində, paytaxt Bakıda UNESCO-nun Dünya İrsi Siyahısına daxıl edilmiş Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçərişəhər və üstündə 6000 yazısı olan Qobustan qayaları arxeoloji abidə kompleksinə, onların tarixi və mədəni əhəmiyyətinə xüsusi diqqət çəkməklə yanaşı, Azərbaycanın Xalça Muzeyindən, Yanardağ təbiət abidəsindən, palçıq vulkanlarından da söhbət açıb.

Bütün bunların nəticəsidir ki, Azərbaycana  gələn əcnəbilərin sayı ildən-ilə, aydan-aya artmaqdadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 6 ayında ölkəmizə dünyanın 189 ölkəsindən 1 milyon 325 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çoxdur. Gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlar təşkil edib. Yarım ildə Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, Körfəz ölkələrindən (Küveyt, Qətər, Oman, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri) gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər 5 nəfərindən biri  Körfəz ölkələrindən olub.

Qeyd edək ki, yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfər olub.

Bu statistikada maraq doğuran bir məqam da var. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 20,9 faizi mart ayında ölkəmizə gəlib. Şübhəsiz ki, bu ölkəmizdə Novruz bayramının daha təmtəraqlı, daha yüksək keçirilməsi ilə əlaqədardır.

Təbii ki, turizm ixrac sahəsidir. Bu, ölkəmizə valyuta gətirir. Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləyiblər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar da xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir.

Azərbaycanda turizm sektorunun sistemli şəkildə inkişafı ilə bağlı tədbirlərin görülməsi davam etdirilir. Belə ki, Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Üstəlik, Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Təbii ki, bu da “Şahdağ” qış-yay turizm kompleksinə üz tutan əcnəbilərin sayına öz müsbət təsirini göstərəcək.

Digər tərəfdən, ölkəmizdə mövcud məkanların müasir standartlara uyğunlaşdırılması və  müasir turizm infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Cənab Prezidentin “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli Sərəncamı buna əyani misaldır. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılıb.

Turizm sektoru ilə bağlı görülən hər bir yenidənqurma tədbirləri bu sahəyə öz töhfəsini verir. Məsələn, bu gün Naftalan həm nadir müalicəvi neftinə, həm də müalicə və istirahət üçün yeni yaradılan müasir infrastrukturuna görə turistlər üçün cəlbedici məkana çevrilib. Məhz bunun nəticəsidir ki, ildən-ilə burada dincələn və müalicə olunan turistlərin sayı artır. Cari ilin 6 ayında Naftalan şəhərinin müalicə və istirahət mərkəzləri 5381 nəfər xarici turisti qəbul edib. Bu da ötən ilin  6 ayı ilə müqayisədə 34 faiz artım deməkdir.

Qvami Məhəbbətoğlu,

“İki sahil”