Hər kəs həyatını imkanları nisbətində tənzimləməyi bilməlidir

0
286
Qəbul etməliyik ki, toplum olaraq da son illərdə həyatımızın hər sahəsində israf gözə çarpır. Yediyimiz yeməklərdən geydiklərimizə, yaşadığımız evlərə və mindiyimiz maşınlara qədər. İşin daha sıxıntılı olan tərəfi isə odur ki, bəzi insanlar hətta borca girmək naminə də olsa bu həyatdan imtina etmirlər. Borc hesabına qorunub saxlanan bu dəbdəbə isə səfalətə gətirib çıxarır.
İsraf mövzusu son günlər gündəmdədir. Qafqaz Müsəlmanları İdarəsinin yas mərasimlərində israfçılığın qarşısının alınması barədə verdiyi tövsiyələr xeyli müddətdir müzakirə mövzusudur. Biz isə bu yazımızda yas mərasimlərindəki israfçılıqla bağlı deyil, ümumiyyətlə, cəmiyyətimizdə hökm sürən israfçılıqdan bəhs edəcəyik. Qeyd edək ki, israfçılıq mövzusu tək ölkəmizə aid olan məsələ deyil. Məsələn, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyada hər il 750 milyard dollar dəyərində qidanın israf edildiyini açıqlayıb. Qurumun açıqlamasına görə, bu, dünya üzrə hər il istehsal edilən qidanın üçdə biri deməkdir.

Ötən il Türkiyə mediasında yayılan xəbərlərdə isə hər gün bu ölkədə 5 milyon çörəyin zibilliyə atıldığı açıqlanmışdı. Bildirilirdi ki, zibilliyə atılan bu çörəklərə qənaət etməklə Afrikada aclıq çəkən insanların aclıqlarına çarə etmək mümkündür. Həmin 5 milyon çörəyin real dəyərini hesablayanda isə fantastik bir nəticə ortaya çıxır. Həmin pulla nələr etmək olmaz ki – xəstəxanalar tikilər, məktəblər inşa olunar, yollar çəkilər və daha neçə-neçə faydalı işlər görülər.

 Borca girib ailəsinə korluq verməyənlər

Bəli, ölkəmizdə də israfla bağlı yazılacaq, müzakirə ediləcək mövzular çoxdur. İstər dövlət səviyyəsində görülən işlərlə bağlı, istərsə də məişət səviyyəsində.

Məsələn, dünən təmir edilən, təmirinə xeyli pullar xərclənən yolları görəndə nə düşünürsünüz, daha doğrusu, istifadəyə verilməsindən bir ay sonra həmin yolların dağılmasını görəndə…

Və ya bir də görürsən hansısa rayonda İcra Hakimiyyətinin başçısı xeyli pul xərclətdirib sosial əhəmiyyətli obyekt inşa etdirir, ancaq sonradan yeni təyin olunan sələfi o obyekti sökdürüb, yenisini (öz aləmində daha müasirini) inşa etdirir.

Qəbul etməliyik ki, toplum olaraq da son illərdə həyatımızın hər sahəsində israf gözə çarpır. Yediyimiz yeməklərdən geydiklərimizə, yaşadığımız evlərə və mindiyimiz maşınlara qədər.   İşin daha sıxıntılı olan tərəfi isə odur ki, bəzi insanlar hətta borca girmək naminə də olsa, bu həyatdan imtina etmirlər. Borc hesabına qorunub saxlanan bu dəbdəbə isə səfalətə gətirib çıxarır.

Halbuki evlərdə boş-boşuna yanan lampalara, çox enerji sərf edən elektrik cihazlarına, hətta havayı axan suya belə, qənaət etməklə nələrəsə nail ola bilərik.

Biz çox da zəngin deyilik. Olsaq belə, israf, insani və əxlaqi nöqteyi-nəzərdən doğru deyil. Xüsusilə də ətrafımızda, qonşumuzda, kəndimizdə, şəhərimizdə kasıb insanlar var ikən. Məşhur bir söz var, yoxluq gəlib çatmadan varlığın qiymətini bilib şükür etmək lazımdır…

Suyu havayı axıdanda dodaqları cadar-cadar olanları xatırlayın

Su həyatdır deyiblər. Odur ki, onu boş-boşuna sərf etmək olmaz. Dünyanın təxminən 70 faizi sudan ibarətdir. İnsan bədəninin də təqribən 70 faizi sudan formalaşıb. Yeri gəlmişkən, bir su molekulunun iki hidrogen və bir çox oksigen atomundan formalaşması, fərqli özəlliyə sahib iki maddənin bir araya gətirilərək suyu formalaşdırması, belə deyək, ilahi bir qüdrətin göstəricisidir. Bəzilərinə görə, su içmək kimi susamaq da bir nemətdir. Məsələn, susadığımızı anlamasaydıq, həyatımız təhlükəyə girərdi. İnsan kəskin susadığı zaman başı ağrayır. Bunun üçün susamağı gözləmədən su içmək mədəniyyətimizi formalaşdırmalıyıq. Xüsusən, isti havalarda suyun necə ləziz bir içki olduğunu bir daha anlayırıq. Bütün hallarda üzərimizə düşən bir məsuliyyət də var. O da üzərimizə düşən vəzifəni yerinə yetirmək – suya qənaət etməkdir. Suyu havayı axıdanda, ona israf edəndə susuzluqdan yanan insanları, dodaqları cadar-cadar olanları, susuz torpaqları unutmamalıyıq. İnsanlıq naminə, suya qənaət etməliyik.

Bu günün israfçılarına nə vaxtsa ailələrində qənaət etmək tərbiyəsi aşılansaydı…

İsraf etməmək bir mədəniyyətdir, tərbiyədir. Bəli, ailəmizdə qənaət mədəniyyətiniaşılamalıyıq. Suya da, çörəyə də, bir sözlə, zəruri olmayan xərclərə. Bu mədəniyyətin formalaşmasına isə ailəmizdən başlamalıyıq, övladlarımıza aşılamalıyıq. Bəlkə, bu gün hədsiz israf edənlərə, elə bizim tanıdığımız israfçılara da nə vaxtsa ailələrində qənaət tərbiyəsi aşılansaydı, belə olmazdı. Gələcək nəsillərin nümayəndələrinə – uşaqlara əlindəkilərin qədrini bilməyi öyrətmək ailələr üçün bir məsuliyyətdir. Dondurmasının ucundan bir az dişləyib atan, önünə qoyduğunuz yeməyi sağa-sola dağıdan, aldığınız oyuncağı tezcə xarab edib, yenisini istəyən, kitablarını, dəftərlərini, qələmlərini itirən, məsuliyyətsizcəsinə istifadə edən uşağınıza əsəbiləşmədən israf etməmək barədə məsləhət vermək haqqında düşünürsünüzmü? Psixoloqların qənatinə görə, uşaqlara israf etməməyi öyrətməyin ilk addımı özümüzün israf etməməyimizdir. Hətta evdə elektrik cihazlarından istifadə edərkən də qənaət barədə düşünməli və yeniyetmə övladlarımıza bunu təşviq etməliyik.

“Uşağınıza onun anlayacağı bir dillə davranışlarınızın səbəblərini açıqlayın”

Düşünmək və şükür etmək israfı önləməkdə ilk addımdır. Hətta oyunlar vasitəsilə də uşaqlarınıza nemətin qiymətini bilməyi anlada bilərsiniz. Bu yolla əlindəkilərin qiymətini bilməyi tədricən uşaqların şüuraltısına yeridə bilərik. Otaqdan çıxarkən işığı söndürdükdə, yarımçıq qalmış yeməyi atmadıqda uşağınıza onun anlayacağı bir dillə davranışlarınızın səbəblərini açıqlayın. Amma açıqlama verərkən də uşağınızı “açıqlama dənizində boğmayın”. Unutmayın, süfrədə uşağınızın gözü önündə yarımçıq qalmış bir yeməyi zibil qabına tökürsünüzsə, ya da boşqaba yeyib qurtara bilməyəcəyiniz qədər yemək yığıb, yarımçıq saxlayırsınızsa, verdiyiniz məsləhətlərin, tövsiyələrin heç bir faydası olmayacaqdır.

İnsanlar rahatlığı, izzəti əşyalardan alırlarsa, onda bunlar olmayanda onları pis günlər gözləyir. Hər kəs həyatını imkanları nisbətində tənzimləməyi bilməlidir. Əşya ilə öyünmək, əşyaya bağlanmaq, onunla sevinc tapmaq nə dərəcədə doğrudur? Modaya tabe olmaq, əşyadan hüzur gözləmək, rahata qaçmaq, rahatlığa düşkünlük – bunlar bir xəstəlikdir. Bir insan özünü idarə edə bilmirsə, başqasını necə idarə edəcək?

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here